Nərgiz Absalamova: "Azərbaycan kimi bir ölkədə yaşayıb jurnalist olmaq mübarizə aparmaq deməkdir"

Nərgiz Absalamova: "Azərbaycan kimi bir ölkədə yaşayıb jurnalist olmaq mübarizə aparmaq deməkdir"
23 İyun 2025
Mətni dəyiş

“Abzas Media”nın jurnalisti Nərgiz Absalamova iyunun 20-də keçirilən məhkəmə prosesində son söz ilə çıxış edib. 

Jurnalist 8 il müddətinə azadlıqdan məhrum edilib.

Nərgiz Absalamovanın son sözünün tam mətni: 

Mən Nərgiz Absalamovayam. Jurnalist ola bilmək üçün ailəsi ilə belə mübarizə aparan, sarı mətbuatı, yaltaqlanmağı öyrədən Bakı Dövlət Universitetini qaçaraq bitirib əsl jurnalistikaya atılan və 25 yaşında həbs edilib 7 maddə ilə şərlənən, 1 il 7 aydır həbsdə olan o Nərgizəm.

Azərbaycan kimi bir ölkədə yaşayıb jurnalist olmaq mübarizə aparmaq deməkdir. Üstəlik qadın kimi doğulub jurnalist olaraq işləmək işləri daha da çətinləşdirir. Niyə?

Qəbul imtahanımdan başlayaraq jurnalist olmaq istəyimə ailəm, qohumlarım qarşı çıxdı, onlarla mübarizə apardım. Nəticədə bacardım, jurnalist oldum. Oldum, amma bu dəfə də çəkiliş edə bilmək üçün polislərlə mübarizə aparmalı idim. Dəfələrlə aksiyalarda çəkiliş edərkən zorakılığa məruz qaldım. Hər aksiyadan sonra ayaqlarımda, qollarımdakı qançır izlərini sayırdım. Dəfələrlə bölmələrə aparılıb saatlarla dindirildim, psixoloji, fiziki zorakılıq gördüm. Müstəqil medianı məhdudlaşdırmaq üçün qondarma “Media haqqında” qanun qəbul olundu, aksiya keçirdik, dırnaqarası qanunla mübarizə apardıq.

Polislər aksiyada zorakılıq göstərdi, bizi itələyib yıxdılar, o məşhur büzdüm sümüyüm sındı. 1 il həkim-həkim gəzdikdən sonra əməliyyat olunub sağaldım. Bəs deyilmiş kimi, həbs olundum. İndi də işimizi davam etdirə bilmək üçün təcridxana rəhbərliyi ilə mübarizə aparırıq.

Bilirəm ki, həbsdən nə vaxtsa çıxsam, yenə ən başa qayıdacam. Qohumlarımın ailəmə “vaxtında nəzarət etsəydiniz, jurnalist olmağa qoymasaydınız, belə olmazdı” tipli cümlələri təcridxanaya qədər gəlib çıxır. Nə seçdiyim bu yoldan, nə bu yolda apardığım mübarizələrdən peşmanam. Peşman deyiləm, çünki rahatları pozulmasın deyə ədalətsizliyə susub göz yumanların uşaqları, nəvələri indi o ədalətsizliyin qurbanı olur. Bu gün biz, sabah növbəti nəsillər qarşılaşacaq bununla.

Bir ölkədə ədalətsizlik varsa, bir gün hər kəsin qapısını döyəcək. Rasim Sadıxov, Novruz Kərimov, Leyla Əsgərova, Rauf Malışov, qapılarınız döyüləndə, indi bizi həbs edərək yığdığınız pullar da çatmayacaq nəvə-nəticələrinizin köməyinə. Çünki siz də bu əməllərinizlə ədalətsizliyin ayaqlar altında qalmasında böyük pay sahibisiniz.

Jurnalistlərin həbsi nə deməkdir? Qayda-qanun tanımayan polislər, korrupsiyaya bulaşmış məmurlarla çarəsiz vətəndaşları tək qoymaq deməkdir. Jurnalsistlər hüquq-mühafizə orqanlarından ümidini kəsənlərin son ümid yeridir. Bizim həbsimiz həm də vətəndaşların ümidini kəsmək deməkdir. Hökumət bizi həbs etməklə həm də ölkədəki vəziyyəti göstərən işığı söndürmək istəyirdi. Bəs əvəzində nə oldu? İndiyə qədər qapalı saxlaya bildikləri yerə - təcridxanaya, həbs yerlərinə işıq tutduq.

Təcridxananın normallaşdırılmış korrupsiya sistemini, rüşvət hallarını, təcridxanadakı həkim səriştəsizliyini, saxlanılan şəxslərə verilməli olan əşyaların verilməməsini, nəzarətçilərin kobud davranışlarını, daimi gəlməli olan isti suyun verilməməsini işıqlandırdıq. Təcridxanada həbs səbəbimizi eşidib “Niyə yazırdınız, sizə lazım idi?” deyən məhbusların bir neçə ay sonra “Korpus düzəlir, yaxşı ki, tutulmusuz” demələrini eşitdik.

İstintaq materiallarındakı saxta ittihamlara gəldikdə isə adı üstündədir – saxta. O qədər saxtadır ki, 27 cildlik materialda mənimlə bağlı sübut kimi göstərə bildikləri tək şey ölkədən çıxışım, bank kartlarımın olması və Məhəmməd Kekalovun ifadəsidir. Məhəmməd ifadəsindən imtina etdi, ölkədən çıxışım Konstitusiyanın verdiyi hərəkət azadlığıdır, bank kartlarını da, düşünürəm, indiki dövrdə işlətməyən çox az insan var. 27 cildlik istintaq materialları o qədər boşdur ki, ondan bu qədər danışmaq da çoxdur.

Mən sadəcə işimi layiqincə görməyə çalışdım və həbsdə də buna davam edirəm.

Rasim Sadıxov, ötən proseslərin birində siz dediniz ki, “gülün, görək, axırda kim güləcək”. Siz bizə hökm oxuyanda da biz güləcəyik. Əgər düşünürsünüzsə ki, bu, bizim üçün sondur, yanılırsınız. Biz korrupsiyanın izinə düşüb göndərdiyiniz bütün həbs yerlərində bu qanunsuzluqları ifşa etməyə davam edəcəyik. İnanmıram ki, bu, sizə göstəriş verənlərin üzünü güldürəcək. Həbsimiz prezidentin və çevrəsinin korrupsiya əməlləri ilə bağlı olduğunu deyəndə siz rəng alıb, rəng verirsiniz. Biz hər belə çıxışdan sonra sizin halbahal olmağınıza gülürük.

Bu yaşda nəinki doğruları danışmaq, hətta bunu gənclərin dilindən eşitmək belə sizi qorxuya salır. Ona görə bu dəfə tədarüklü gəlmişik. ədalətli qərar verməyiniz üçün sizi ürəkləndirə bilməsək də, sizə ürək dərmanları gətirmişik. Bizim çıxışlarımızdan sonra çətin ki, ürək ritmləriniz normal ola. Ona görə bu dərmanları sizə hədiyyə edirik. Bunu sizə ürəyimiz ağrıdığı üçün yox, çıxışlarımızdan sonra başınıza nəsə gəlsə, ehtiyat hakim təyin olunmadığına görə məhkəməmiz uzanmasın deyə edirik. Yoxsa Əliyevin hökmünün hansı hakimin dili ilə səslənəcəyi heç önəmli deyil.

Sözünə hakim olmayan bir məhkəmə heyəti ancaq bizim gülüşümüzə layiqdir. Biz hamımız əvvəl-axır bu işdən bəraət alacağıq və Azərbaycan hökuməti beynəlxalq məhkəmə qarşısında səhv etdiyini etiraf edəcək. Ona görə gülüşümüzlə bu ciddi görkəm vermək istədiyiniz məhkəməmizin əslində məzhəkə olduğu gerçəkliyini qaldıra bilmirsiniz. Sizi narahat edən budur.

Çarəsi var – “Valedol”, ya da “Karvalol”. Narahat olmayın, dərmanlar Rusiya istehsalıdır. Bunları içməyiniz hökumətin siyasətinə əks göstəriş olmayacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun