Mask və Tramp arasında söz savaşı: biznesmen prezidenti "nankorluqda" ittiham edib, Tramp isə onu "dəli" adlandırıb

Mask və Tramp arasında söz savaşı: biznesmen prezidenti "nankorluqda" ittiham edib, Tramp isə onu "dəli" adlandırıb Foto: Reuters
6 İyun 2025
Mətni dəyiş

ABŞ prezidenti Donald Tramp ilə milyarder İlon Mask arasında sosial şəbəkələrdə söz savaşı yaşanıb. Mask Trampı "nankorluqda" ittiham edib. Tramp isə buna cavab olaraq Maskın "dəli" olduğunu bildirib.

İlon Mask “X” sosial şəbəkəsində Trampın ona olan məyusluq açıqlamalarına reaksiya verib və prezidenti tənqid edib.

“Mənsiz Tramp seçkiləri uduzardı, Demokratlar Nümayəndələr Palatasına nəzarət edərdi, Respublikaçılar isə Senatda məğlub olardı. Bu, necə də nankorluqdur”, – deyə milyarder yazıb.

Bu bəyanat Trampın Ağ Evdə keçirdiyi mətbuat konfransında Maskın prezidentin iqtisadi proqramına dair əsas müddəaları əhatə edən qanun layihəsinə yönəlik tənqidlərinə “çox təəccübləndiyini” və “məyus olduğunu” bildirməsindən sonra səsləndirilib.

“Çox məyusam, çünki İlon bu qanun layihəsi üzərində aparılan işlərdən buradakıların əksəriyyətindən daha çox xəbərdar idi. O, hər şeyi bilirdi. Bu layihə ilə bağlı heç bir problemi yox idi. Bizim elektrikli avtomobillərə ayrılan maliyyəni azaltmalı olduğumuzu bildikdən sonra birdən-birə ortaya problem çıxdı”, - deyə Tramp Almaniya kansleri Fridrix Mertslə birgə mətbuat konfransında söyləyib.

Mask isə prezidentin bu açıqlamasına cavab olaraq “X”də yazıb ki, qanun layihəsinin mətnini qəbul olunana qədər heç vaxt görməyib.

“Bu qanun layihəsi mənə heç vaxt göstərilməyib və o qədər sürətlə qəbul olunub ki, Konqresdəki, demək olar, heç kim onu oxuya bilməyib!” – deyə Mask qeyd edib.

Mask, həmçinin Respublikaçılar Partiyasını və Trampı büdcə kəsirinin azaldılması siyasətindən imtina etdiklərinə görə tənqid edib. Tramp isə cavabında bildirib:

“Büdcəni azaltmağın ən asan yolu Maskın şirkətləri ilə olan dövlət subsidiyalarını və müqavilələrini ləğv etməkdir. Mən həmişə təəccüblənirdim ki, Bayden bunu niyə etmədi?” – Tramp bu sözləri “Truth” sosial şəbəkəsində yazıb.

O, həmçinin qeyd edib ki, Mask “dəli olub”, çünki Tramp ondan hökumətdən getməsini istəyib.

Buna cavab olaraq Mask bildirib ki, “əsl bombanı atmağın vaxtı çatıb”. Onun sözlərinə görə, Tramp “Epşteyn sənədlərində” yer alıb (ABŞ-də maliyyəçi Ceffri Epşteyn yetkinlik yaşına çatmayan şəxslərin cinsi istismar məqsədilə alverində və fahişəlik təşkilində ittiham olunmuşdu-red).



“Əsl səbəb budur ki, bu sənədlər hələ də dərc edilməyib”, – deyə Mask yazıb, lakin bu iddiasına heç bir sübut təqdim etməyib.

Bundan əlavə, milyarder bildirib ki, SpaceX Beynəlxalq Kosmik Stansiyaya astronavtlar daşıyan “Dragon” layihəsini dayandıracaq. O, həmçinin yazıb ki, Trampa impiçment elan edilməli və onun yerinə vitse-prezident Cey Di Vens gətirilməlidir.

Bu qarşıdurmadan sonra Maskın sahibi olduğu Tesla şirkətinin səhm qiymətləri 15 faiz ucuzlaşıb. Bu, son üç ayda bir gündə yaşanan ən böyük itki olub. SpaceX birjada ticarətə çıxarılmayıb.

Mask Trampın seçki kampaniyasına 250 milyon dollardan çox vəsait xərcləyib və onun administrasiyasında çalışıb.

May ayında Trampın “böyük və gözəl” adlandırdığı vergi və xərclər haqqında qanun layihəsi Nümayəndələr Palatasında az fərqlə qəbul edilib. Senatda isə sənəd Trampın Respublikaçılar Partiyasının üzvləri də daxil olmaqla, hər kəsin etirazına səbəb olub. Hazırda Respublikaçılar Konqresin hər iki palatasında çoxluğa malikdirlər.

Mayın 30-da İlon Mask Tramp administrasiyasını tərk edib. O, yeni yaradılmış Dövlət İdarəetməsinin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edirdi. Bu departament hökumət xərclərini azaltmaq məqsədilə yaradılmışdı. Mask əslində dövlət qulluqçusu kimi deyil, xüsusi təyin edilmiş mütəxəssis statusunda fəaliyyət göstərirdi və bu statusla ildə yalnız 130 gün işləmək mümkündür. Prezident administrasiyasındakı fəaliyyəti başa çatdıqdan sonra Tramp ona təşəkkür əlaməti olaraq Ağ Evin rəmzi qızıl açarını hədiyyə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun