İcra başçısı Elxan İbrahimov və prokuror Tural İbrahimov etirazçılarla görüşüb, məsələnin araşdırılacağı ilə bağlı söz veriblər
İyunun 16-da Kürdəmirin Sığırlı kənd sakinləri polis zorakılığına etiraz olaraq kütləvi aksiya keçiriblər.
"Abzas Media"nın əldə etdiyi məlumatlara görə, onlar qısamüddətli də olsa, Bakı-Qazax magistral avtomobil yolunu bağlayıblar.
Etirazçıların sözlərinə görə, rayonun polis əməkdaşları kənddə, yol kənarlarında kiçik ticarətlə məşğul olan hər kəsi incidir, pul toplayır. Bununla bağlı növbəti insidentdə isə kənd sakini döyülüb.
İcra başçısı Elxan İbrahimov və prokuror Tural İbrahimov etirazçılarla görüşüb, məsələnin araşdırılacağı ilə bağlı söz veriblər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) açıqlama yayıb. Nazirlikdən bildirilib ki, polis əməkdaşları Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində bir qrup şəxsin yolun intensiv hərəkət olan hissəsində təhlükəli küçə ticarəti fəaliyyətinin qarşısını alıb.
Nazirlik kənd sakinin döyülməsilə bağlı heç bir iddiaya cavab verməyib, əlavə olaraq qeyd edilib ki, həmin şəxslərlə ancaq profilaktik iş, izahedici söhbətlər aparılıb.
Kürdəmirdə fəaliyyət göstərən müstəqil media orqanı olmadığından hazırda Sığırlı kəndində ümumi vəziyyətin necə olması ilə bağlı heç bir məlumat yoxdur.