İsrail İrana zərbələr endirib, SEPAH rəsmiləri və iki nüvə fiziki öldürülüb

İsrail İrana zərbələr endirib, SEPAH rəsmiləri və iki nüvə fiziki öldürülüb Foto: NDTV
13 İyun 2025
Mətni dəyiş

İsrail iyunun 13-ü gecə saatlarında İrana hava hücumları həyata keçirib. İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, zərbələr İranın hərbi obyektlərinə, o cümlədən nüvə proqramı ilə əlaqəli infrastruktura yönəlib. 

Hücum nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general Hüseyn Səlami həlak olub. Ölkədə fövqəladə vəziyyət elan edilib, ehtiyatda olan hərbçilər səfərbər edilib.

İsrailin bu əməliyyatı "Şir kimi xalq" adlandırılıb. Baş nazir Benyamin Netanyahunun sözlərinə görə, hücumlar İranın nüvə infrastrukturu və ballistik raket istehsalı zavodlarına yönəlib. O bildirib ki, Tehran doqquz nüvə bombası hazırlamaq üçün kifayət qədər uran toplayıb və üç il ərzində on min ballistik raket istehsal etməyi planlaşdırırdı:

“Əgər İranı dayandırmasaq, o, yaxın aylarda nüvə silahına sahib ola bilər. Bu, İsrailin mövcudluğuna birbaşa və açıq təhdiddir”.

Netanyahu əməliyyatın “lazım gəldiyi qədər davam edəcəyini” bəyan edib.

İsrail Hərbi Hava Qüvvələri paytaxt Tehran da daxil olmaqla Təbriz, Kirmanşah, İsfahan və Nətənzdə - əsas uran zənginləşdirmə zavodunun yerləşdiyi ərazidə hədəflərə zərbələr endirib. Tehranda və ətraf ərazilərdə altı hərbi baza və İranın ali hərbi rəhbərliyinə aid iki yaşayış kompleksi bombalanıb. İranın rəsmi xəbər agentliyi “IRNA” bildirir ki, yalnız paytaxtda azı on mülki şəxs həyatını itirib.

“IRNA”nın məlumatına görə, general Hüseyn Səlami ilə yanaşı, silahlı qüvvələrin sədr müavini general Qolaməli Rəşid, nüvə fiziki Məhəmməd Mehdi Tehrançi və Atom Enerjisi Təşkilatının rəhbəri Fərəydun Abbasi Davani də ölüb.

"Fars" agentliyi zərbələr zamanı İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Baqerinin də öldüyünü yazıb. İsrail ordusu sonradan bu yüksək rütbəli şəxslərin adlarını rəsmi siyahıda təsdiqləyib.

İranın ali dini lideri Ayətullah Əli Xamenei hadisəyə sərt reaksiya verib və "qəti cəza" ilə hədələyib:

“Bu cinayətlə sionist rejim özünə acı və əzablı bir aqibət hazırladı və bu aqibət mütləq baş verəcək”.

İsrail Müdafiə Ordusu bəyan edib ki, cavab olaraq Tehran İsrail istiqamətində 100-dən çox pilotsuz uçuş aparatı (PUA) buraxıb.

İsraildə 13 iyun saat 03:00-dan etibarən fövqəladə vəziyyət rejimi elan olunub. Bütün təhsil müəssisələri və qeyri-zəruri iş yerləri bağlanıb, ölkənin hava məkanı bağlanıb.

“Bu axşam İsrail İrana qarşı birtərəfli hərbi tədbirə əl atıb. ABŞ bu hücumda iştirak etmir. Bizim əsas prioritetimiz bölgədəki ABŞ hərbçilərinin təhlükəsizliyidir”, – Ağ Evin məsələ ilə bağlı bəyanatında vurğulanıb.

ABŞ dövlət katibi Marko Rubio İsrailin hücumunu “birtərəfli qərar” adlandırıb və əlavə edib:

“Qoy aydın olsun: İran ABŞ maraqlarına və personalına hücum etməməlidir”.

ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, əgər İran cavab hücumu etsə, ABŞ İsraili qoruyacaq.

Hadisədən bir gün öncə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın nüvə proqramı ilə bağlı öhdəliklərini yerinə yetirmədiyinə görə qətnamə qəbul etmişdi. Agentliyin rəhbəri Rafael Qrossi bəyan edib ki, İranın nüvə proqramının yalnız dinc məqsədlər üçün istifadə edilib-edilmədiyini təsdiqləmək mümkün olmayıb. Qrossinin sözlərinə görə, Tehran MAQATE-nin nəzarətini əngəlləyir, müfəttişləri ölkədən çıxarır, bəzi obyektləri gizlədir və sübutları yox edir:

“Bu addımlar qlobal nüvə silahlarının yayılmaması rejimini sarsıdır və regional, eləcə də beynəlxalq təhlükəsizlik üçün birbaşa təhdid yaradır”.

Azərbaycan Xarici İşlər Nazirliyi də İsrail-İran qarşıdurması ilə bağlı bəyanat yayıb. Bəyanatda İsrail Dövlətinin İran İslam Respublikasının ərazisinə qarşı həyata keçirdiyi hərbi əməliyyatlardan ciddi narahatlıq ifadə edilib.           

"Tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırırıq.

Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini xüsusi olaraq vurğulayırıq.

Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və müvafiq beynəlxalq mexanizmlər çərçivəsində səylərin davam etdirilməsi əhəmiyyət kəsb edir", - bəyanatda deyilir.

İsrailin İrana hücumundan sonra “Azərbaycan Hava Yolları” aviaşirkətinin son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar 13 və 14 iyun 2025-ci il tarixlərinə nəzərdə tutulan bəzi reysləri ləğv etdiyi açıqlanıb.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun