Həbsdə olan ictimai fəal görmə qabiliyyətini itirə bilər

Həbsdə olan ictimai fəal görmə qabiliyyətini itirə bilər foto: sosial media
23 İyun 2025
Mətni dəyiş

Həbsdə olan ictimai fəal Əhməd Məmmədli görmə qabiliyyətini itirə bilər. 

Bu barədə məlumatı "Əhməd Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsi" yayıb. 

Bildirilib ki, Məmmədli saxlanıldığı təcridxanada müayinədən keçib və həkim ona bildirib ki, görmə qabiliyyətini itirmək riski ilə üzləşib. Həkim bildirib ki, risklərin azaldılması üçün Məmmədlinin immuniteti güclü qalmalıdır.

"Bu məqsədlə o, hazırda yüksək kalorili yeməklərlə qidalanır və vitaminlər qəbul edir. O, saxlanılan zaman işgəncəyə məruz qalıb. Həmin gün aldığı ağır zərbə nəticəsində gözündə ciddi zədə yaranıb. Artıq bir ayı keçməsinə baxmayaraq, həmin gözü bulanıq görür. Həmçinin, işgəncə nəticəsində immuniteti çox zəifləyib. 1 il əvvəl 2 dəfə əməliyyat keçirib və genetik astma xəstəliyindən əziyyət çəkir", - məlumatda qeyd olunub. 

Komitədən bildirilib ki, həbsxana şəraiti Əhməd Məmmədlinin səhhəti üçün uyğun deyil: 
"Onun tez zamanda ev dustaqlığına buraxılmasını tələb edirik".

Əhməd Məmmədli bu ilin mayında saxlanılıb. O taksidə mübahisə etdiyi şəxsi bıçaqlamaqda ittiham olunur. Ancaq Məmmədli ittihamları rədd edir və şərləndiyini bildirir. Onun yaxınları deyirlər ki, Əhməd Məmmədli həbsdə olan siyasətçi Tofiq Yaqublunun məhkəməsindən çəkiliş etdikdən sonra həbs edilib. 

Yerli hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda Azərbaycanda 375 siyasi məhbus var. Hökumət nümayəndləri isə bu iddiaları rədd edir və həbs olunanların konkret əməllərə görə məsuliyyətə cəlb olunduqlarını bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun