Həbs olunan ictimai fəalın cərimə kamerasında saxlanma müddəti uzadılıb

Həbs olunan ictimai fəalın cərimə kamerasında saxlanma müddəti uzadılıb Foto: Sosial Media
3 İyun 2025
Mətni dəyiş

“İşçi Masası” Həmkarlar İttifaqı Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin cərimə kamerasında (kars) saxlanma müddəti daha bir ay uzadılıb. Bu barədə məlumatı onun ailə üzvləri verib.

Fəal mayın 6-da Tofiq Yaqublunun azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlamışdı. Aksiya başladıqdan sonra Elvin Mustafayev 13 saylı Cəzaçəkmə Müəssisəsində 14 gün müddətinə cərimə kamerasına salınmış, bu müddətdə isə 6 saylı müəssisəyə köçürülmüşdü. Mayın 19-da onun ümumi kameraya köçürülməsi gözlənilsə də, bu müddət daha 10 gün artırılmışdı.

Ailə üzvlərinin bildirdiyinə görə, mayın 29-da Mustafayevin cəzası bitməli və o, onlarla əlaqə saxlamalı idi. Lakin 6 saylı Cəzaçəkmə Müəssisəsindən ailəyə verilən məlumatda onun cərimə kamerasında qalma müddətinin daha bir ay uzadıldığı və yalnız iyunun 29-da ümumi kameraya köçürüləcəyi qeyd olunub.

Elvin Mustafayevin ailəsi onun səhhətindən narahat olduqlarını, ona işgəncə verildiyindən şübhələndiklərini bildiriblər. Onlar fəalın davamlı şəkildə cərimə kamerasında saxlanılmasını "yuxarı instansiyaların xüsusi sifarişi" kimi dəyərləndiriblər.

Elvin Mustafayevə ötən il yanvarın 31-də 3 il həbs cəzası kəsilib.

Ona qarşı bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik daşıma ittihamı verilmişdi. Məhkəmə bu ittihamı dəyişib. İctimai fəal satış məqsədi olmadan külli miqdarda narkotik əldə edib saxlamaqda təqsirli bilinib.

O, özü ittihamları rədd edib və həbsini siyasi fəaliyyətilə əlaqələndirib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus hesab ediblər. Hesabatlara görə, hazırda Azərbaycanda 365-dən çox siyasi məhbus var. Hökumət nümayəndələri isə bu iddiaları rədd edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun