Gürcüstanda hakim partiyanın deputatlarını “təhqirə” görə 20-yə yaxın şəxs məhkəmələrə çağırılıb

Gürcüstanda hakim partiyanın deputatlarını “təhqirə” görə 20-yə yaxın şəxs məhkəmələrə çağırılıb Foto: OC Media
13 İyun 2025
Mətni dəyiş

Gürcüstanda sosial şəbəkələrdə hakim “Gürcü Arzusu” partiyasının deputatlarını təhqir etdiklərinə görə, 20-yə yaxın şəxs məhkəməyə çağırılıb. Çağırış alanlar arasında tanınmış siyasətçilər və vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər də var.

“OC Media” yazır ki, bununla bağlı məlumat ilk dəfə çərşənbə axşamı yayılıb. 

Məhkəmə çağırışları partiyanın deputatları Nino Tsilosani, Mariam Laşxi, Tea Tsulukiani, Davit Matikaşvili, İrakli Zarkua və Mamuka Mdinaradzeyə qarşı edilən paylaşımlarla bağlıdır.

“Azadlıq Radiosu”nun məlumatına görə, çağırış alanlar arasında “Droa” partiyasının rəhbəri Elene Xoştaria və “Vətəndaşlar” Partiyasının sədri Aleko Elişaşvili də var.

Xoştaria öz “Facebook” hesabında deputatlar Tsilosani və Laşxini təhqir etdiyi üçün məhkəməyə çağırıldığını bildirib. O, sonrakı paylaşımında “Gürcü Arzusu”nun rəhbər şəxslərinə, o cümlədən parlament sədri Şalva Papuaşviliyə ünvanlanan ağır ifadələr ilə onların Rusiya ilə əməkdaşlığını tənqid edib. 

“Xoş dillə danışmaq daha yaxşıdır, yoxsa həmrəylik göstərib ruslara qarşı siyasi mübarizəyə qoşulmaq? Cavab aydındır, təbii ki, mübarizə aparmalıyıq ki, biz və övladlarımız ömür boyu qəzəbdən söyüşlə yaşamaq məcburiyyətində qalmayaq!”, – deyə Xoştaria yazıb.

Aktivist Ana Subelyani də çağırış alanlar sırasındadır. O, fevral ayında Nino Tsilosani haqqında yazdığı “iyrənc qeyri-qadın” ifadəsinə görə məhkəməyə çağırıldığını bildirib.

İnsan haqları müdafiəçisi Levan İoseliani bu cür paylaşımları tənqid edib: 

“Siyasətçilərə qarşı nifrət dili, zorakılığa çağırış və təhqiramiz ifadələr qəbuledilməzdir. Fikir azadlığı kimisə alçaltmaq üçün istifadə edilə bilməz,” – deyə o bildirib.

Ekspertlər hesab edirlər ki, bu çağırışlar “Gürcü Arzusu”nun son etirazlar fonunda qəbul etdiyi qanunlara əsaslanır. Həmin qanunlara görə, dövlət məmurunu təhqir inzibati məsuliyyətə səbəb ola bilər. Buna görə  ₾4,000 (təxminən 1,500 ABŞ dolları) cərimə və ya 45 günə qədər inzibati həbs nəzərdə tutulur.

İyunun 6-da “Gürcü Arzusu” sosial media istifadəçilərinə qarşı təhqirlərlə bağlı məhkəmə iddiaları qaldıracağını açıqlamışdı. Deputat İrakli Kirtsxalia bunu “radikal müxalifətin və onların nəzarətində olan ekstremist qrupların həyata keçirdiyi təşkilatlanmış nifrət kampaniyası” ilə əsaslandırmışdı.

Kirtsxalia, həmçinin bu “terrorun” xarici donorlar və bəzən birbaşa xarici hökumətlər tərəfindən təşviq olunduğunu iddia edib.

İyunun əvvəlində fəallar Tatiya Apriamişvili və Lika Lortkipanidze deputat Laşxinin şikayəti əsasında inzibati qaydada həbs olunub. Hadisədə iştirak edən digər fəal Maqda Mamukaşvili isə ₾4,000 cərimələnib.

Çağırışlardan bir gün sonra Baş nazir İrakli Kobaxidze Avropa səfirlərini Gürcüstanda “nifrət və düşmənçiliyi təşviq etməməyə” çağırıb. 

“Cəmiyyətimizə sülh lazımdır, bu nifrətə son qoyulmalıdır. Təəssüf ki, Avropa bürokratiyası bu nifrəti təşviq edir. Bəzən səfirlər də bu proseslərə cəlb olunurlar”, - deyə o bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun