Dövlət ittihamçısı Ermənistan xüsusi xidmət orqanlarına casusluqda ittiham edilən Bəhruz Səmədova 16 il həbs cəzası istəyib.
İyunun 20-də keçirilən məhkəmə prosesində dövlət ittihamçısı deyib ki, Səmədovun ittiham edildiyi maddə, yəni “dövlətə xəyanət” üzrə təqsiri sübut edilib.
Onun çıxışından öncə vəkil isə məhkəmə istintaqının yekunlaşmasına etiraz edib, bir sıra vəsatətlər qaldırıb. Vəsatətlər təmin edilməyib, Azadlıq Radiosu yazır.
Bəhruz Səmədovu ötən il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları saxlayıb. Onun evində axtarış aparılıb, şəxsi əşyaları, kompüteri götürülüb.
Çexiyanın Karlov Universitetinin doktorantı olan Bəhruz Səmədov ona qarşı irəli sürülən ittihamı rədd edib və təqsirsiz olduğunu bildirib.
Bəhruz Səmədov həm Cənubi Qafqazda, həm də Avropada fəaliyyət göstərən nəşrlərdə dərc olunan, eləcə də Azərbaycanla hökumətini tənqid edən yazıların müəllifi kimi tanınır.