Deputat Əli Məsimli: “İnsanlara necə deyəsən ki, işlətmədiyin qaza görə pul ödəməlisən?!”

Deputat Əli Məsimli: “İnsanlara necə deyəsən ki, işlətmədiyin qaza görə pul ödəməlisən?!”
13 İyun 2025
Mətni dəyiş

Milli Məclisin iyunun 13-də keçirilən iclasında “Qaz təchizatı haqqında” və “Elektroenergetika haqqında” qanunlara dəyişiklik layihələri birinci oxunuşda qəbul edilib.

Yeni layihələrə əsasən, enerji sektorunda - qaz və elektrik enerjisinin topdansatışı, nəqli, saxlanması və paylanması xidmətlərinin, eləcə də sabit tariflə təmin olunması nəzərdə tutulur.

Qanunlara əsasən, qaz və elektrik enerjisi üzrə bəzi tarifləri müvafiq icra hakimiyyəti orqanı tənzimləyəcək. Xüsusilə, qazın paylanma tarifləri 2027-ci il yanvarın 1-dən 2028-ci il iyulun 1-dək mərhələli şəkildə yenidən müəyyənləşdiriləcək. Eyni zamanda, “sabit tarif” anlayışı tətbiq ediləcək və bu tarif istehlak səviyyəsindən asılı olmayaraq bütün istehlakçılara şamil olunacaq.

Bildirilib ki, yeni mexanizmlərin məqsədi qaz və enerji təchizatçılarının sabit xərclərinin qarşılanmasını təmin etməkdir. Qanun layihələrində istehlakçıların və təchizatçıların bu çərçivədəki hüquq və öhdəlikləri də ayrıca qeyd olunub.

İclas zamanı çıxış edən deputat Əli Məsimli təqdim olunan layihələri tənqid edib. Onun sözlərinə görə, bu yanaşma enerji sahəsində inhisarçılığı dərinləşdirir və dolayısıyla əhali üçün əlavə maliyyə yükü yaradacaq.

Deputat deyib ki, rüsumlarla, cərimələrlə büdcəni doldurmaq mümkün olmadığı kimi “Azəriqaz” İstehsalat Birliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti də bununla xərcləri aradan qaldıra bilməyəcək.

“Hansı ölkələrdə istilik, qazla bağlı bu dərəcə inhisarlaşmış şəraitdə bu üsullardan istifadə olunur? Buradan belə məntiq çıxır ki, indi olmasa da, növbəti mərhələdə qiymətlərin artmasına gətirib çıxaracaq. Hansı ölkələrdə istiliklə, qazla və bağlı bu dərəcədə inhisarlaşmış şəraitdə bu üsuldan istifadə olunur? Hansı ölkələrdə bizdəki kimi keyfiyyətdə problem olanda təklif olunan üsuldan istifadə olunur? Bu suallar çoxdur. Rüsumlarla, cərimələrlə büdcəni doldurmaq mümkün olmadığı kimi, belə şeylərlə “Azəriqaz” və “Azərenerj”inin xərclərini tamamlamaq mümkün olmayacaq. Bu yenilik qəbul olunandan sonra onun maliyyə tutumu nə qədər olacaq?

Dağ yerlərində insanlar qazın pulunu verə bilməyəndə, qazları var istifadə edə bilməyib qazı bağlayırlar, oduna keçirlər. Odun da baha olduğundan həyətlərindəki ağacları kəsirlər. Məntiq haradadır ki, qazın pulunu ödəyə bilməyib qazı bağlayır, odun ala bilmir, həyətindəki ağacı kəsir və ona əlavə deyəsən ki, işlətmədiyin qaza görə pul ödəməlisən?! Burda heç bir məntiq görmürəm. Hesab edirəm ki, bunun arxasında o durur ki, neftin qiyməti aşağı düşəndə gəlirlərimiz də azalacaq, həmin “Azəriqaz”, “Azerenerji” kimi qurumlara dövlət vəsaiti dəstək verə bilməyəcək. Bu, optimal üsul deyil. Optimal üsul həmin sahələrdə islahatlara getməkdir”, - deyə deputat əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun