“Dövlətə xəyanət” ittihamı ilə 15 il azadlıqdan məhrum edilən sülh fəalı və araşdırmaçı Bəhruz Səmədov saxlanıldığı Bakı İstintaq Təcridxanasının Müalicə Müəssisəsində “Meydan TV işi” üzrə həbs edilən jurnalist Ülviyyə Əliyə müsahibə verib.
O, həm həbsinin səbəbləri, həm də yaşadıqları ilə bağlı fikirlərini bölüşüb. "Abzas Media" müsahibəni təqdim edir.
Beş gün aclıq aksiyası keçirdiyini deyən Səmədov müsahibəsində bildirib ki, aclıq həm fiziki, həm də mənəvi olaraq çox ağır prosesdir. O deyib ki, nənəsinin və dostlarının xahişi ilə aclığı dayandırıb.
“Aclıq insanı yorur, üç gündən sonra bədən zəifləyir, yuxu rejimi pozulur, gözlər ağrıyır, əllər titrəyir. Bu addımı əsəbdən, ədalətsizliyə etirazdan atırlar”, – fəal bildirib.
Səmədov həbsinin səbəbinin akademik fəaliyyəti və beynəlxalq konfranslardakı çıxışları ilə bağlı olduğunu düşünür:
“Bu cür konfranslarda hər zaman dövlətə xəbərçilik edən adamlar olur. Sonuncu dəfə Mançesterdə tənqidi çıxış etmişdim, çıxışım son illərin siyasəti barəsində idi. Bu, hakimiyyət üçün hədəfdir. Həbsim həm də Avropanın 2023-cü il sentyabr hadisələrinə münasibətinə cavab idi. Müharibəyə qarşı çıxmışam, amma bu, torpaqlara qayıdışa qarşı olmaq demək deyildi. Mən sonranı düşünüb, sezarizmin nəyə gətirib çıxaracağını bildiyim üçün bu mövqedə idim”.
Səmədov hesab edir ki, sülh danışıqlarının getdiyi bir vaxtda ona 15 il həbs cəzasının verilməsi prosesin ziddiyyətini göstərir:
“İlk gündən demişdim ki, bu ittiham dövlətin öz maraqlarına ziddir. Akademikə belə ittiham verilməsi, onu işgəncəyə məruz qoymaq ölkənin nüfuzuna zərər vurur və iddia olunan “sülh gündəliyinə” zidd addımdır. Hələ ittihamın səbəbi mənə aydın deyil. Mən nə siyasətçiyəm, nə də geniş oxucu kütləm olub. Sadəcə radikal tənqidçi olmuşam. DTX-də mənə dedilər ki, səbəb ermənilərin mənim məqalələrimə istinad etməsidir” – Səmədov müsahibəsində bildirib.
Həbsxanada yaşadıqlarını bölüşən fəal bildirib ki, həbs həyatı onun üçün həm travmatik olub, həm də geniş dəstək dalğasına səbəb olub:
“Praqada xoşbəxt həyatımı, sevdiklərimi əlimdən aldı. Amma beynəlxalq dəstək, akademik icmaların petisiyaları və dostlarımın həmrəyliyi mənə güc verir. Xüsusilə Cəmil Həsənli, Arif Yunus, Altay Göyüşov, Gülnara Mehdiyevaya, Feminist Sülh Kollektivi, Əmrah Təhməzov, Qiyas İbrahim, Əhməd İsmayılov, Ayxan Zayedzadə, Ülvi Ələkbərzadəyə təşəkkür edirəm. Ad günümdə dostlar çox ürəyimi açdılar, tort göndərdilər. Belarus rəssam Darya Cemra bir neçə incəsənət əsərini mənə həsr etdi, bu, məni çox təsirləndirdi. Onun sənəti ilə və məktublarla mənə verdiyi dəstək mənim üçün çox əhəmiyyətli oldu. Bu insanları mən heç vaxt unutmayacam”.
Bəhruz Səmədov bildirib ki, həbsxanada və kənarda ona qarşı müxtəlif böhtan kampaniyaları aparılıb, hətta dini kitab istədiyi üçün zorakılığa məruz qalıb:
“O ki qaldı mənə qarşı danışanlara, onları vicdanlı olmağa səsləyirəm. “Baku TV” məni “narkoman” adlandırdı, hər cür iyrənc böhtanlar atdılar. Onlar sadəcə mənəviyyatlarını itirmiş insanlardır,” - deyə Səmədov qeyd edib.
Onun sözlərinə görə, “ermənipərəst” adlandırılmasına səbəb kimi göstərilən yazılarında o, əksinə, Azərbaycan cəmiyyətinin müharibə travmalarından bəhs edib:
“Məni “ermənipərəstlikdə” ittiham edənlərə yazılarımı oxumağı təklif edirəm. Mən orada Azərbaycan xalqının travmaları haqda açıq yazmışam”.
Səmədov deyib ki, onu ən çox sarsıdan hadisə dini inancına görə fiziki təzyiqə məruz qalması olub:
“Mənə ən pis təsir edən şey Bibliya istədiyimə görə vəhşicəsinə döyülmək idi. Döyülərkən Tanrıya dua edir, sevdiyim insanı xatırlayırdım”.
O, Bakıya yalnız yaşlı nənəsini görmək və ailə ziyarəti üçün gəldiyini deyir, lakin nəticədə “onu məhv etmək istəyən qüvvələrin caynağına” keçdiyini vurğulayıb:
“Mən Bakıya yaşlı nənəmi görməyə, sadəcə yeyib-içməyə gəlmişdim”.
Bəhruz Səmədov, həmçinin, bildirib ki, onun nənəsinə ilk gündən dəstək göstərən Aytac Tapdıq, Aysel Umudova və Ülviyyə Əli də həbs olunublar. O, bütün bunları ağır bir sınaq kimi qiymətləndirib:
“Bütün bunlar ağırdır. O qədər pis şeylər baş verdi ki, sonda affekt vəziyyətində məhkəmədən qayıdanda intihara cəhd etdim. İstəyirdim ki, ölümümlə ölkədəki vəziyyəti bir növ son söz kimi bəyan edim. Son anda məni Taryel Abdullayev xilas etdi. Yaxşı ki, belə də oldu”, - fəal bildirib.
Sülh fəalı deyib ki, ölkədə hər hansı mübarizə aparmaqdan çoxdan imtina edib və bəzən ən doğru yol çıxış yolunu seçməkdir:
“Öz vətənində peyğəmbər olmur. Mən də ölkədə mübarizə aparmaqdan imtina etmişəm. Bəzən ən yaxşı strategiya gediş, çıxışdır. Necə ki, Musa öz xalqını Misirdən çıxardı, mənim kimi düşünənlərə də bunu məsləhət görürəm”.
Səmədov qeyd edib ki, məhkəmədə son sözündə Sokratdan, İsanın çarmıxa çəkilməsindən, afinalılardan, Pilatdan və Heydər Hüseynovdan danışsa da, onu yalnız vəkili dinləyib:
“Bir də gördüm ki, məni heç kim dinləmir, yalnız vəkilim Zibeydə xanım qulaq asır. Bu hal bizim kimi insanların ölkədə varlığının metaforudur: danışırıq, qulaq asan bir nəfər olur, sonra da həbs edilirik”.
Həbsdə olduğu müddətdə arzularının sadələşdiyini deyən Bəhruz Səmədov bildirib ki, indi yalnız nənəsinin sağlam qalmasını və dostlarının azadlığa çıxmasını istəyir:
“İndi yalnız onu istəyirəm ki, nənəmə heç nə olmasın, bir də dostlarım azadlığa çıxsın. Boşuna optimist danışmaq istəmirəm”.
O, təcridxanada gecələr Praqadakı xoşbəxt günlərini və həyatında olmuş sevdiyi insanları xatırladığını deyib:
“Tez-tez Praqanı, əvvəl həyatımda olan sevdiyim insanları xatırlayıram. Əvvəl xətrinə dəydiyim, incitdiyim insanlar olub, fürsətdən istifadə edərək onlardan da üzr istəyirəm”.
Bəhruz Səmədov bildirib ki, həbsdən sağ çıxacağına ümid edir, lakin bu müddətdə yaşadığı travmaları və sülhpərvər mövqeyinə görə cəzalandırıldığını heç vaxt unutmayacaq:
“Ümid edirəm, buradan sağ çıxacam, amma həbsimin yaratdığı travmanı, dövlətin mənə terrorçu kimi yanaşmasını və sülhpərvər mövqeyimə görə cəzalandırıldığımı heç vaxt unutmayacam”.
Səmədov onu ittiham edənləri və ona qarşı ifadə verənləri də bağışladığını deyib:
“Mənə nifrət edənləri, mənə qarşı ifadə verən tanışlarımı və dəstək gözlədiyim, amma susan dostlarımı bağışlayıram”.
Həbsdə olduğu 10 ayda 100-dən çox kitab oxuduğunu deyən Səmədov bildirib ki, izolyasiya şəraitində dərin akademik araşdırma aparmaq mümkün deyil:
“Akademik fəaliyyət araşdırma tələb edir. Təcrid çox çətindir, gecələr yuxuya getməkdə çətinlik çəkirəm. Axırda isə Praqada olmuş bəzi xoşbəxt epizodları xatırlayıb yuxuya gedirəm”.
O, sonda yenidən araşdırmalarına qayıtmaq arzusu ilə yaşadığını vurğulayır:
“Ümid edirəm ki, bir gün akademik fəaliyyətimə geri dönə biləcəm”.
Sonda Ülviyyə Əli Bəhruz Səmədova belə bir sual ünvanlayır.
"Qarabağ müharibəsindən sonra niyə vətəndaş cəmiyyətinə qarşı repressiya başladı, səbəbləri nədə görürsən?”
Bəhruz Səmədov isə deyir:
"Qələbədən sonra hakimiyyətin legitimlik problemi aradan qalxdı, siyasət yox səviyyəsinə düşdü. Yalnız media və bir neçə şəxs qaldı. Onları da susdurmaqla hakimiyyət tam diskursiv hökmranlığa nail oldu. Banal millətçilik və konsumerizmdən başqa heç nə qalmadı. Bu hadisələrin baş verəcəyi 2020-ci ildə mənə məlum idi, elə buna görə də müharibəyə qarşı oldum."
***
Sülh fəalı Bəhruz Səmədov iyunun 23-də 15 il azadlıqdan məhrum edilib.
Bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən qapalı iclasda çıxarılıb.
Dövlət ittihamçısı Səmədova 16 il həbs cəzası istəmişdi. O, bundan sonra intihara cəhd etmişdi.
Bəhruz Səmədovu ötən il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları saxlayıb. Onun evində axtarış aparılıb, şəxsi əşyaları, kompüteri götürülüb. Ona qarşı dövlətə xəyanət maddəsilə cinayət işi açılıb.
Müstəqil jurnalist Ülviyyə Əli (Quliyeva) isə bu il mayın 6-da "Meydan TV işi" üzrə saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Ülviyyə Əli özünü təqsirli bilmir, jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirir.
Yerli hüquq müdafiəçilərinin hesabatına görə, hazırda ölkədə 370-dən çox siyasi məhbus var. Hökumət nümayəndələri isə bu iddiaları rədd edir, həbs olunanların konkret əməllərlə bağlı məsuliyyətə cəlb olunduqlarını bildirirlər.