Azər Qasımlının məhkəməsi vəkilindən və ailəsindən gizli keçirilib

Azər Qasımlının məhkəməsi vəkilindən və ailəsindən gizli keçirilib Foto: Amerikanın Səsi
19 İyun 2025
Mətni dəyiş

İyunun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan siyasətçi Azər Qasımlının işi üzrə ilk məhkəmə prosesi ailəsindən və vəkilindən gizli keçirilib.

Bu barədə məlumatı onun həyat yoldaşı Samirə Qasımlı yayıb. Vəkil Rövşanə Rəhimli də məsələni "Abzas Media"ya təsdiq edib. O bildirib ki, “məsuliyyətsizlik edib məlumat verməyiblər, yalandan deyirlər ki, bildirişi özü alıb”.

Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı deyir ki, o, məhkəmənin başlayıb-başlamayacağı ilə bağlı məlumat öyrənməsi üçün vəkildən xahiş edib, vəkil zəng edəndə ona deyiblər ki, prokurorluq işi hələ məhkəməyə göndərməyib.

"Bu gün həm də Azərin evə zəng etmək günü idi. Ondan zəng gəlmədi, narahat oldum. Sonradan saytlarda oxudum ki, məhkəməsi keçirilib. Amma bununla bağlı nə vəkillərinə, nə də ailəsinə məlumat verilib.

“Xəbər saytlarda yayımlanandan sonra vəkilə zəng edib bildiriblər ki, məhkəmə iyunun 25-nə təxirə salınıb”.

Samirə Qasımlı məhkəmənin keçirilməsi ilə bağlı onlara niyə məlumat verilmədiyini araşdıracaqlarını bildirib:

“Bizə də maraqlıdır ki, görəsən, nəyə görə belə tələsik və gizli şəkildə məhkəmə keçirilib? Niyə bizə xəbər etməyiblər? Azərə nə deyiblər? Məhkəmədə nə baş verib? Azərlə sabah əlaqə saxlayacağam, bundan sonra məsələdən agah olacağıq” - Samirə qasımlı "Meydan Tv"yə bildirib.

İyunun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri iştirak etmədiyi üçün məhkəmənin hazırlıq iclası iyunun 25-nə kimi təxirə salınıb.

Azər Qasımlı Azərbaycan prezidenti İlham Əliyevin əsas tənqidçilərindəndir. O, Siyasi Menecment İnstitutunun direktorudur. 

Siyasətçi ötən il dekabrın 8-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.

Azər Qasımlı həbsinin siyasi sifariş, ittihamların isə qondarma olduğunu bildirib. O, bundan əvvəl 2018-də kütləvi aksiyaya liderlik etdikdən sonra 30 gün müddətinə həbs edilmişdi.

2023-cü ilin noyabrından etibarən Azərbaycanda media və vətəndaş cəmiyyətinə qarşı son on ilin ikinci kütləvi repressiyası başlayıb. Hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda Azərbaycan həbsxanalarında 370-dən çox siyasi məhbus var.

Təqiblər çərçivəsində müstəqil jurnalistlər, hüquq müdafiəçiləri və müxalif fəallar ard-arda müxtəlif cinayət işləri üzrə istintaqa cəlb olunurlar. Saxlanılan şəxslər həbslərinin siyasi motivli, ittihamların isə saxta olduğunu bildiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun