Hökm oxunanda jurnalislər hakimlərə arxalarını çeviriblər, prezident İlham Əliyevin ailə üzvləri, Bəylər Eyybov və Əli Nağıyevlə bağlı korrupsiya araşdırmalarının posterlərini qaldırıblar
İyunun 20-də “Abzas Media işi” üzrə sonuncu məhkəmə prosesində jurnalistlərə hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Abbasova (Vaqifqızı), Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova, Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər.
Hökmdən əvvəl jurnalistlər son sözlə çıxış ediblər. “Abzas Media”nın direktoru Ülvi Həsənli bildirib ki, onlar sırf prezident İlham Əliyev və yaxın ətrafı ilə bağlı korrupsiya araşdırmaları etdiklərinə görə cəzalandırılıblar.
“Biz azad söz, müstəqil mətbuat uğrunda azadlığımızdan məhrum olmuşuq. Həbs olunduğuma görə heyfslənmirəm. Bu da bir təcrübədir. İlham Əliyev bizim fiziki azadlığımızı əlimizdən ala bilər, amma düşüncə, ifadə, söz azadlığımızı əlimizdən ala bilməz. Biz hansısa məsələdən yazanda özümüzü bir çox cəhətdən xoşbəxt hiss edirik. Həm mənəvi rahatlıq tapırıq, həm də hansısa problemin həllində az da olsa rolumuz olduğuna görə bir daha peşəmizə minnətdarlıq duyuruq”.
Daha sonra "Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızı çıxış edib. O da bildirib ki, onların həbsi sırf prezident İlham Əliyev və yaxın ətrafı ilə bağlı korrupsiya araşdırmalarına görədir.
“İstintaq materiallarında Abzasçılara qarşı əməliyyatın “mötəbər mənbə”nin məlumatı əsasında başladıldığı yazılır. Bəs kimdir o “mötəbər”? İstintaq orqanı, məhkəmədə o adı bizə açıqlamaqdan imtina etdi. Amma biz o adı bilirik. O “mötəbər mənbə” prezident İlham Əliyevdir. Çünki araşdırdığımız korrupsiya cinayətləri ona və yaxın çevrəsinə toxunurdu".
Bundan sonra iş üzrə təqsirləndirilən Məhəmməd Kekalov ifadə verib. O bildirib ki, ittihamlar uydurma və saxtadır, buna görə də məhkəmədə çıxarılacaq hökmün nə onun üçün, nə də tarix üçün bir mənası olacaq.
“Bu gün mən hakimlərə və dövlət ittihamçısına Corc Oruellin “1984” kitabını hədiyyə edirəm. Narahat olmayın, qaçaqmalçılıqla alınmayıb, qardaşım öz pulu ilə alıb. Oxuyun, bu gün yaşadıqlarımızı görəcəksiniz. Son söz isə öləndə olur, bu, mənim son sözüm deyil hələ", - o bildirib.
Proses Nərgiz Absalamovanın ifadəsilə davam edib. Nərgiz Absalamova da prezident İlham Əliyevin sifarişilə həbs olunduqlarını bildirib. O, hakimlərə xitabən qorxaq olduqlarını deyib və ürək dərmanı verib.
“Hakim Rasim Sadıxov proseslərin birində demişdi ki, “gülün, görəcəyik axırda kim güləcək”. Bu gün axırdır, amma yenə biz gülürük. Belə hakimlərə ancaq gülmək olar. Bu yaşda nəinki həqiqəti deyə bilmirlər, hətta biz gənclər həqiqəti deyəndə də qorxudan rəng alıb, rəng verirlər. Biz onların bu vəziyyətə düşməsini görəndə, əlbəttə, gülürük. Rasim Sadıxov, bir az da ehtiyat edirik ki, ürəktutmasından ölərsiniz. Ona görə sizə ürək dərmanı gətirmişəm, buyurun, götürün. Bunu ona görə sizə vermədim ki, ürəktutmasından ölməyinizi istəmirəm, ona görə verirəm ki, ölsəniz, ehtiyat hakim də yoxdur, proses uzanacaq”.
Daha sonra jurnalist Elnarə Qasımova son sözlə çıxış edib. O bildirib ki, iş materiallarında da onların məhz jurnalist fəaliyyətlərinə görə həbs edildikləri ortaya çıxıb.
“Sizə verilən sifarişlər sizin üçün həm də əmrdir və siz müstəqil olmaq yerinə, qanunsuz əmrə tabe olmağı seçirsiz. Bununla da, sifarişçilərinizdən heç nə ilə fərqlənmirsiniz. Ona görə də “əmr quluyam” deyib yaxanızı kənara çəkməyə, vicdanınızı bu yolla rahatlatmağa çalışmayın", - o, hakimlərə bildirib.
Porses “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadənin çıxışı ilə davam edib. Mehralızadə də bu iş üzrə həbs olunanlar arasındadır. O, son sözündə bildirib ki, oxunan hökmün hakimlərin yox, onların həbsini sifariş edənlərin hökmü olacağını çox gözəl başa düşür.
“Onlar istəsə, barəmizdə ömürlük həbs qərarı çıxara, hətta cinayət məcəlləsini dəyişib, ölüm hökmünü bərpa edib bizi edama göndərə bilərlər. Çünki qanunun aliliyinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə hörmət edilməyən ölkələrdə məhkəmə prosesləri avtoritar hökumətlərin saxta gülümsəməsindən başqa bir şey deyil. Ancaq yarımçıq həqiqət olmur. Həqiqət tamdır və həqiqət ondan ibarətdir ki, mən heç bir cinayət törətməmişəm! Biz gec-tez hüquqi olaraq bəraət qazanacağıq", - o bildirib.
Daha sonra hakimlər müşavirəyə gedib. Qayıtdıqdan sonra hökmü oxuyublar və bu zaman iş üzrə həbs olunanların hamısı arxalarını hakimlərə çeviriblər. Onlar prezident İlham Əliyevin ailə üzvləri, Bəylər Eyybov və Əli Nağıyevlə bağlı korrupsiya araşdırmalarının posterlərini qaldırıblar.
Hökm oxunan zaman Əli Bəy Hüseynzadənin şeirini səsləndiriblər.
Ucundadır dilimin,
Həqiqətin böyüyü.
Nə qoydular deyəyim,
Nə kəsdilər dilimi.
***
Bilirmisən cühəla
Nə etdilər vatana?
Nə qoydular uyuya,
Nə qoydular oyana.
***
Ayıltmadı qələmim.
Şu türk ilə əcəmi.
Nə qoydular yazayım,
Nə qırdılar qələmi...