Tacikistan Prezidenti Emoməli Rəhmon sosial şəbəkələrdə paylaşımlara "layk" və ya reaksiya verdikləri üçün vətəndaşların cinayət məsuliyyətinə cəlb olunmasını aradan qaldıran qanunu imzalayıb. Bu barədə ölkə başçısının mətbuat xidməti məlumat yayıb.
Yeni qanunvericilik dəyişikliklərinə əsasən, hakimiyyətin "ekstremist" və ya "ictimai asayişə təhdid" kimi qiymətləndirdiyi paylaşımlara verilən bəyənmələrə görə artıq cinayət məsuliyyəti nəzərdə tutulmur.
Xatırladaq ki, 2018-ci ildə Emoməli Rəhmon Cinayət Məcəlləsinin 179-cu maddəsinə dəyişiklik etmişdi. Həmin dəyişikliklərə görə, terror xarakterli cinayətlərə açıq çağırışlar və terror fəaliyyətlərinin sosial şəbəkələrdə əsaslandırılması 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılırdı.
“Azadlıq Radiosu”nun tacik xidməti xəbər verir ki, indi əsas sual bu qanuna əsasən, daha əvvəl məhkum olunmuş şəxslərin azadlığa buraxılıb-buraxılmayacağıdır. Mediaya danışan hüquqşünas Dilşod Cürayev belə məhkumların məhkəmə hökmünün yenidən baxılması üçün vəsatət təqdim etmələrini tövsiyə edib.
Rəsmi məlumatlara görə, Tacikistanda 1500-dən çox şəxs sosial şəbəkələrdə hakimiyyətin "ekstremist" saydığı paylaşımlara "layk" etdiyinə və ya şərh yazdığına görə məhkum olunub. Bu şəxslərin arasında müxalifətə rəğbət göstərməkdə və ya onlarla əlaqədə olmaqda şübhəli bilinənlər də olub.
Son illərdə hüquq-mühafizə orqanları, prezident Emoməli Rəhmonun tənqidlərinə baxmayaraq, insanları bu əsaslarla cinayət məsuliyyətinə cəlb etməyə davam ediblər. Dövlət başçısı bu halların təhlükəli miqyas aldığını qeyd edərək hüquq-mühafizə orqanlarının fəaliyyətini sərt şəkildə tənqid etmişdi.
Ölkə vətəndaşları kütləvi şəkildə hüquq-mühafizə orqanlarının mobil telefonları ələ keçirərək şəxsi sosial media hesablarını yoxlamasından şikayətləniblər. Bu praktika geniş narahatlıq doğurur və insan hüquqları ilə bağlı ciddi suallar yaradır.