“Talış Milli Akademiyasının xəbərləri”nin baş redaktoru, tədqiqatçı İqbal Əbilovun 19 il müddətinə azadlıqdan məhrum edilməsi istənilib.
Mayın 2-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı bu təkliflə çıxış edib.
İqbal Əbilova qarşı dövlətə xəyanət, xarici təşkilatların tapşırığı ilə dövlət əleyhinə çağırışlar, milli və dini ayrıseçkilik salmaq ittihamları irəli sürülüb. Bütün bu cinayətlərin Ermənistan xüsusi xidmətlərinin göstərişi ilə törədildiyi iddia olunur.
Tədqiqatçı ittihamları təkzib edir və elmi fəaliyyətlə məşğul olduğunu bildirir. Müdafiə tərəfi də hesab edir ki, istintaq ittihamları təsdiq edəcək mötəbər sübutlar təqdim etməyib.
Məhkəmə qapalı olduğuna görə orada iştirak edə bilməyən Əbilovun atası Şahin Əbilovun sözlərinə görə, oğlunun həbsdə olduğu müddətdə nə ibtidai, nə də məhkəmə istintaqı aparılıb:
“Əvvəldən yazılmış bir il var idi, onun üzərində də hərəkət etdilər. Ortada heç bir fakt yoxdur. Heç bir fakt olmamasına baxmayaraq, bu gün prokuror tələm-tələsik iş istəyib. Hətta məhkəmədə istintaqın dəvətilə gələn şahidlər də işin uydurma olduğunu bildiriblər. Ancaq İqbal zorakılıqla zaldan çıxarılıb və məhkəmə növbəti tarixə elan edilib. Hətta ayın 5-nə təyin etmək istəyiblər, vəkillərin israrı ilə ayın 13-nə salınıb. Oğlum talış millətindən olduğu üçün bu baş verənlərlə qarşı-qarşıyadır. İttihamlar boşdur və ittiham deyilən bir şey yoxdur ümumiyyətlə”, - tədqiqatçının atası belə deyib.
Belarusdan Azərbaycana məzuniyyətə gələn Azərbaycan vətəndaşı İqbal Əbilovu iyulun 22-də Masallı rayonunun Bala Kolatan kəndində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb.
O, virtual "Talış Milli Akademiyası"nın mətbu orqanı olan "Talış Milli Akademiyasının xəbərləri"nin baş redaktorudur. Saytda talış folklor nümunələri, talışlarla bağlı nəşr olunmamış tarixi sənədlər, tədqiqatlar dərc edilib.
Əbilov Belarus Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə 2012-ci ildə bakalavr, 2013-cü ildə isə magistraturasını bitirib. 2016-cı ildə həmin universitetin aspiranturasına daxil olub.
Dünyanın müxtəlif ölkələrindən olan alimlərdən ibarət böyük bir qrup Əbilovun azad edilməsinə köməklik etmək xahişi ilə Azərbaycan rəhbərliyinə müraciət edib. Hüquq müdafiəçiləri Əbilovu siyasi məhbus kimi tanıyıblar.