Nigar Həzi: "Həkimini də yanına buraxmırlar, atamı işgəncə verə-verə öldürürlər"

Nigar Həzi: "Həkimini də yanına buraxmırlar, atamı işgəncə verə-verə öldürürlər" foto: sosial media
9 May 2025
Mətni dəyiş

Ölüm aclığının 39-cu günündə olan Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublunun vəziyyəti kritikləşib.

Bu barədə siyasətçinin qızı Nigar Həzi “Facebook” səhifəsində məlumat yayıb. Ailəliklə Penitensiar Xidmətin Müalicə Müəssisəsinin önünə toplandıqlarını deyən Nigar Həzi atasının səhhətilə bağlı “ürəkaçan xəbərlər” almadıqlarını bildirib.

“Atamın həyatı təhlükə altındadır. Hər an həyatını itirə bilər. Bu müddət ərzində hələ də həkim Adil Qeybulla onun yanına buraxılmayıb. Bu, onun göstəricisidir ki, Tofiq Yaqublunu işgəncə verə-verə öldürürlər”, - o deyib.

Qızı təcili olaraq həkim Adil Qeybullanın Tofiq Yaqublunu müayinə etməsi üçün müəssisəyə buraxılmalı olduğunu bildirib:

“O gəlməyənədək bir buradan gedən deyilik. Çünki hər an hər şey ola bilər və biz Tofiq Yaqublunu itirə bilərik. Vəziyyət çox kritikdir, bunu sözlə ifadə edə bilmərəm. Xahiş edirəm, səsimiz olun! Siz də bizimlə birlikdə həkim Adil Qeybullanın müəssisəyə buraxılmasını tələb edin”.

Ötən gün aralarında ziyalı, sənət adamları, ictimai xadimlər və deputatın da olduğu bir qrup şəxs həbsdə aclıq aksiyası keçirən Tofiq Yaqublu ilə bağlı ölkə başçısına müraciət ünvanlayıblar. Müraciətdə bildirilib ki, Tofiq Yaqublunun keçirdiyi aclıq artıq 6-cı həftəsini geridə qoyur və aclığın yaratdığı fiziki-psixoloji fəsadlar onun həyatını real təhlükə altına alır.

Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib.

Mayın 6-da Tofiq Yaqublu barəsində hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb. Hakim Zamin İbrahimovun sədrliyilə keçirilən prosesdə şikayət təmin edilməyib və siyasətçi ev dustaqlığına buraxılmayıb.

Məhkəmənin baxış iclası mayın 20-nə təyin edilib.

Müxalif siyasətçi 32 ildir Azərbaycana rəhbərlik edən Əliyevlər ailəsinin əsas tənqidçisidir və bu müddətdə 8 dəfə həbs olunub. O, vicdan məhbusu kimi tanınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun