Məmməd Alpay: "Həbsim birbaşa olaraq seçki və insan haqları sahəsindəki fəaliyyətimlə bağlıdır"
“Seçki Müşahidə” Alyansının icraçı direktoru Məmməd Alpay ev dustaqlığına buraxılmayıb.
Bu barədə məlumatı onun yaxınları verib.
Bildirilib ki, mayın 16-da Binəqədi rayon Məhkəməsində seçki mütəxəssisi Məmməd Alpay barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatətə baxılıb.
Məhkəmə vəsatəti təmin etməyib. Artıq qərardan apellyasiya şikayəti verilib.
Məmməd Alpay məhkəmədəki çıxışında bildirib ki, həbsi birbaşa olaraq seçki və insan haqları sahəsindəki fəaliyyəti ilə bağlıdır.
“Seçki Müşahidə” Alyansının icraçı direktoru Məmməd Alpay martın 14-də saxlanılıb. Onunla eyni gündə Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov və "Media Hüququ" İnstitutunun koordinatoru Xalid Ağəliyev də saxlanılıb. Onların mənzillərində axtarış aparılıb. Sonradan Xalid Ağəliyev sərbəst buraxılıb.
Elə həmin gün Məmməd Alpay və Bəşir Süleymanlı barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.
Martın 17-də "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov barəsində isə 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Aprelin 9-da bu iş üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov və sosial işçi Zamin Zəki barəsində də 3 ay 4 gün həbs qətimkan tədbiri seçilib.
Onlar hamısı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.
Bu iş üzrə Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli, ictimai fəal Aytac Ağazadə ölkədə olmadıqlarına görə, onlar barəsində qiyabi həbs qərarı çıxarılıb və axtarışa verilib.
İş üzrə cəlb olunan bir neçə QHT rəhbəri və üzvü istintaq müddəti ərzində polis nəzarətinə verilib.