Nəzarətçinin övladlarına qarğış etməsindən sonra intihara cəhd edən məhbus Günel Cabbarova qanunsuz olaraq Vərəm Dispanserinə (“Tubzon” – Penitensiar Xidmətin 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsi) köçürüldüyünü deyir.
Bakı İstintaq Təcridxanasında saxlanılan məhbus Günel Cabbarova “Abzas Media”ya bununla bağlı məktub göndərib.
Məhbus bildirib ki, martın 24-də nəzarətçi Aygül Babayeva kamerasının nəfəsliyini açaraq onun övladlarına qarğış edib. Bundan sonra o, hamam otağına keçərək qolunu beş yerdən kəsib. Hadisədən sonra Günel Cabbarova və otaq yoldaşları yazdıqları izahatlarında nəzarətçinin məhbusu intihar həddinə çatdırdığını bildiriblər.
Təcridxananın rəis müavini Əhəd Abdiyev hadisəni araşdırmaq üçün alınan izahatların Prokurorluğa göndəriləcəyini bildirib. Amma o vaxtdan bir aydan çox vaxt keçsə də, Prokurorluqdan nə məktub, nə də işi araşdıracaq əməkdaş gəlib. Əvəzində hadisənin üstündən iki gün sonra – martın 26-da məhbus Günel Cabbarova Vərəm Dispanserinə köçürülüb.
Cabbarova bildirir ki, o, vərəm xəstəliyindən əziyyət çəkmir və nəzarətçidən şikayət etdiyinə görə bu üsulla cəzalandırılıb.
“Martın 26-da yuxudan yeni durmuşdum. Nə çay içmişdim, nə yemək yemişdim. Mayor Təranə Quliyeva gəlib “Tez hazır ol, müalicə müəssisəsinə gedirsən” dedi. Dedim “Hazır deyiləm. Acam, üstümdə pulum da yoxdur”. Amma nəzarətçi israr etdi ki, “getməlisən, məcburidir”. Məni müalicə müəssisəsi adı ilə aldadıb Vərəm Dispanserinə apardılar. Aparanda nəzarətçi dedi ki, getdiyim günün axşamı təcridxanaya qaytarılacam. Amma məni 25 gün Vərəm Dispanserində saxladılar. Axırda aclıq aksiyası keçirəcəyimi dedim. Bundan sonra aprelin 19-da təcridxanaya qaytarıldım”, - Günel Cabbarova deyib.
Vərəm Dispanserində keçirdiyi 25 gün müddətində Günelə ailə üzvləri ilə görüşməyə icazə verməyiblər. Deyir ki, həftədə cəmi bir dəfə telefon danışığına imkan yaradılıb. O zaman da nəzarətçi onu dinləyib və müdaxilə edib.
Günel yazır ki, təcridxanadan bir neçə saatlıq uzaq qalacağı deyildiyinə görə, özü ilə heç bir geyim əşyası götürməyib və 25 gün eyni paltarda qalıb.
“25 gün mən eyni paltarları yuyub geyinirdim. Hamam dəsmalı əvəzinə mələfə ilə qurulanırdım. Orada ağır xəstələr var idi və vərəm xəstəliyinə yoluxmayım deyə maska taxıb gəzməyə məcbur olurdum”, - Günel yazıb.
Məhbus epilepsiya xəstəliyindən əziyyət çəkir. Yazır ki, dispanserdə qaldığı müddətdə istifadə etməli olduğu dərmanı çətinliklə alırmış.
Təcridxanaya qaytarılandan sonra onu dilə tutublar ki, Aygül Babayeva ilə bağlı şikayətini geri götürsün.
“Rəis müavini dedi ki, yazım ki, əsəbi olmuşam deyə, Aygül Babayevadan şikayət etmişəm. Mən də bununla razılaşmadım. Dedim ki, o, məni təhqir edib, uşaqlarıma qarğış edib və mən yazdığımı dəyişə bilmərəm”.
Təcridxanaya qayıdandan sonra Günel Cabbarova onu niyə Vərəm Dispanserinə göndərdiklərilə bağlı nə rəis Elnur İsmayılovdan, nə müavini Əhəd Abdiyevdən cavab ala bilib. Nəzarətçilər isə onun hara göndərildiyindən xəbərsiz olduqlarını deyiblər.
Günel Cabbarova nəzarətçinin işindən azad edilməsini və onun cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir.
“Onlar nəzarətçini qorumaq üçün məni cəzalandırdılar. Məni 25 gün xəstələrin içində, balalarıma həsrət saxladılar. Mən bunları unuda bilmərəm. Nəzarətçi Aygül Babayeva işdən azad edilənə qədər də şikayətlərimi davam etdirəcəm. Məni intihar həddinə çatdırdığına görə də Sabunçu Prokurorluğunda Aygül Babayevaya qarşı cinayət işinin açılmasını tələb edirəm”, - deyə Günel Cabbarova məktubunda yazıb.
Qanunvericiliyə görə, Penitensiar Xidmətin 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə ancaq ağ ciyər xəstəliklərindən əziyyət çəkən məhbuslar göndərilə bilər. Müalicəyə cəlbetmə daxili təlimat qaydalarına uyğun həyata keçirlir.
“Abzas Media”nın dəqiqləşdirmə apardığı hüquqşünaslar deyirlər ki, yuxarıdakı kriteriyaya uyğun gəlməyən məhbusların müalicəyə cəlb edilməsi qanunsuzdur və cəzalandırmaq niyyəti daşıyır.
“Abzas Media” təcridxanada məhbus qadının təhqir olunaraq intihar həddinə çatdırılması, sonradan cəzalandırılaraq 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə niyə göndərilməsilə bağlı Penitensiar Xidmətə sorğu göndərib. Ancaq sorğuya cavab verilməyib. Faktla bağlı cinayət işinin açılıb-açılmaması ilə bağlı Baş Prokurorluğa ünvanladığımız suallar da cavabsız qalıb.