İqtisadçı ekspert: “Ayrılan dövlət vəsaitlərinin səmərəli istifadəsilə bağlı şübhələr var”
Azərbaycanda 2024-cü ildə ev təsərrüfatlarının 1 milyondan çoxu mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulmayıb.
“Abzas Media”nın yoxlamalarına görə, bu rəqəm 2 milyon 434 min ev təsərrüfatının 44,4 faizini təşkil edib. Ümumilikdə şəhər yerində evlərin 13,5 faizi, kənd yerlərində isə evlərin 82,9 faizi mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulmayıb.
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, problemin birdən çox səbəbi var. İqtisadçının sözlərinə görə, ilk növbədə bu istiqamətdə ayrılan dövlət vəsaitlərinin səmərəli istifadəsilə bağlı şübhələr var:
“Zaman-zaman mətbuatda vəsaitlərin qeyri-səmərəli istifadəsi, təkrarçılıq, görülən işlərin keyfiyyətsizliyi, vəsaitlərin bir qisminin korrupsiya predmetinə çevrilməsi ehtimalları gündəmə gəlir. Burada ikinci məsələ müvafiq sahədə alternativ maliyyələşmə meyillərinin zəif olmasıdır. Dünya təcrübəsində suyun təkrar emalı, çirkli suların təmizlənməsi kimi məsələlər üzrə dövlətin özəl sektorla maraqlı əməkdaşlıq modelləri var. Bu modellər özəl investisiyanın bu istiqamətdə yönəldilməsinə və dövlətin xərclərinin azaldılmasına şərait yaradır”.
Rəşad Həsənov deyir ki, əsas çətinliklərdən biri də bu prosesin maliyyələşdirilməsi üçün lazım olan vəsaitlərin büdcədən birdən-birə ayrıla bilməməsidir.
Onun sözlərinə görə, xüsusilə regionlarda bu məsələyə münasibətdə əhəmiyyətlilik səviyyəsi aşağıdır.
“Buna görə də regionlarda kanalizasiya sistemlərinin inkişafı ilə bağlı təşəbbüslər zəifdir. Hətta Bakı ətrafı ərazilərdə də bu təşəbbüslər daha zəifdir. Ayrılan vəsaitlər problemin miqyası ilə müqayisədə xeyli azdır. Digər tərəfdən, yerli idarəetmə orqanları da planlamanı bəzən düzgün aparmırlar. Texniki-iqtisadi əsaslandırma yanlış aparılır, layihə-smeta sənədlərində lazım olan vəsait adekvat təyin olunmur və bu, sonradan vəsaitlərin səmərəsiz hesab olunmasına səbəb olur”, - iqtisadçı ekspert əlavə edib.
“Abzas Media”nın ötən ilin oktyabrında apardığı araşdırmalarla üzə çıxmışdı ki, əslində illər ərzində bu istiqamətdə külli miqdarda dövlət vəsaiti ayrılıb.
Məsələn, Bakıda su-kanalizasiya yenidənqurması işləri 2006-2007-ci illərdən başlayıb. Hövsan Təmizləyici Qurğular Stansiyası, 2 saylı Zığ Nasos Stansiyası və Əsas Ötürücü Kanalizasiya kollektorları yenidən qurulub. “Azadlıq Radiosu” yazır ki, bu işlər Fransa hökumətinin verdiyi 35 milyon avro kredit və Azərbaycan büdcəsindən ayrılmış 44.9 milyon manat vəsait hesabına görülüb.
“Azərsu” ASC-nin keçmiş sədri Qorxmaz Hüseynov hələ illər əvvəl, 2016-cı ildə deyirdi ki, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün “Master Plan” hazırlanıb və real işlərə başlanılıb. Yerli mətbuatda da bununla bağlı çoxlu xəbərlər dərc edilirdi.
Ancaq sonradan nə görülən işləri, nə də elə “Master Plan”nın özünü görən oldu.