Avropalılar 400-ə yaxın siyasi məhbusu olan Əliyevlə hansı əməkdaşlıqlara gedir?

Avropalılar 400-ə yaxın siyasi məhbusu olan Əliyevlə hansı əməkdaşlıqlara gedir? Foto: Prezident az
26 May 2025
Mətni dəyiş

Arif Yunus: “2015-ci ildə neft qiymətləri kəskin düşdü, Əliyev dərhal anladı ki, vəziyyət dəyişir, Qərb ona lazım olacaq”
 
Son bir ayda Azərbaycan siyasi rəhbərliyi Avropa təşkilatlarının və ölkələrinin liderlərilə bir sıra yüksəksəviyyəli görüşlər keçirir. Tərəflərin açıqlamalarından aydın olur ki, görüşlər səmərəli keçir, əvvəlki neft-qaz müqavilələri qalır, yeniləri müzakirə olunur. 
 
Bu görüşləri və hər müzakirənin ana bəndlərindən olan enerji əməkdaşlığını Azərbaycanın 400-ə yaxın vətəndaş cəmiyyəti üzvü Bakı həbsxanalarından izləyir. Hüquq müdafiəçilərinin hesabatlarına görə, onlar siyasi məhbusdurlar. 
 
Bəs bu görüşlər Azərbaycanda insan haqlarının vəziyyətinə necə təsir edir? 
 
Siyasi şərhçi Arif Yunus hesab edir ki, Azərbaycanda Qərbdən, avropalılardan gözləntilər yüksəkdir və Qərbin ideal olması ilə bağlı “çox yanlış bir fikir” formalaşıb.
 
Siyasi şərhçinin sözlərinə görə, Qərblə keçmiş Sovet ölkələri (red.: Sovet Sosialist Respublikaları İttifaqına daxil olan ölkələr) arasındakı yeganə fərq siyasi sistemlə bağlıdır. 
 
"ABŞ-də də, Avropada da rüşvətxor insanlar çoxdur və bizim də xoşumuza gəlməyən çox şey var. Amma burada bir sistem var. Onların imkanları var ki, rəhbərlərini dəyişmək istəyəndə seçkidə dəyişsinlər. Ümumilikdə, Qərb siyasətçiləri bizim siyasətçilərdən yaxşı deyil. Baxın, 50 il əvvəl Latın Amerikasında hansı prezidenti istəyirdilər devirirdilər, heç nəyə baxmırdılar. Amma indi vətəndaş cəmiyyəti və onun rolu var. Bu vətəndaş cəmiyyəti insan haqları ilə bağlı mübarizəni həmişə aparıb və aparır", - Arif Yunus əlavə edir. 
 
O deyir ki, ABŞ və Avropanın Azərbaycanla münasibətlərində enerji məsələsinin siyasi məhbus məsələsindən öncə gəlməsi həm də hazırkı siyasi reallıqlarla bağlıdır. 
 
Onun fikrincə, əsas məsələ Amerikadakı dəyişikliklərdir, çünki Əliyev Amerikanı daha çox nəzərə alır:
 
"O vaxt (red.: Azərbaycanda siyasi həbslərin və daha sonra əfv sərəncamlarının olduğu 2012-2016-cı illəri nəzərdə tutulur) hakimiyyətdə Barak Obama idi. O, həmişə insan haqları ilə bağlı məsələlərə ciddi fikir verirdi. İndi Tramp nəinki fikir vermir, hətta çox pis qərarlar verir. Məsələn, departamentdə insan haqları ilə bağlı şöbə var idi, oranı bağladı. Hansı ki, o şöbə birbaşa siyasi məhbus məsələlərilə maraqlanırdı. Bu, çox pisdir. Amma yenə də, Amerikada konqresmenlər, senatorlar var və işlər aparmaq olur”. 
 
Arif Yunus Avropada məsələnin fərqli olduğunu deyir:
 
“Amerika regiondan gedir və Rusiya təhlükəsi var. Ona görə də, avropalılar düşünürlər, nə etsinlər ki, güclü olsunlar. Albaniyada Avropa Siyasi Sammitinin iclasına Qafqaz ölkələrinin liderləri də gəlmişdilər. Bu, ona görə idi ki, indidən aydınlaşsın, gələcəkdə kim harada olacaq. Yəni, Avropanın keçid dövründə olması da bizim üçün müəyyən çətinliklər yaradır".
 
Son iki ildə Azərbaycanda müşahidə olunan həbslərin, repressiya dalğasının bir bənzəri 2013–2014-cü illərdə də yaşanmışdı. 
 
Həmin dövrdə də qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri və jurnalistlər hədəfə alınmış, xarici donorlarla əməkdaşlıq edən qurumlar sıx təzyiqlərlə üzləşmişdi. Arif Yunus da bu dövrdə həbs olunanlar arasında idi və beynəlxalq insan hüquqları təşkilatları onun işini siyasi motivli hesab etmişdi. Amma o dövrdə həbs edilənlər əfv sərəncamı və ya məhkəmə qərarları ilə sonradan azad edildi. Həbs olunanların sayı da 2023-2025-ci illərdə olduğu qədər çox deyildi.
 
Arif Yunusun sözlərinə görə, son illərdə siyasi məhbusların azadlığa buraxılması ilə bağlı fəaliyyət, çağırışlar həm də ona görə effekt vermir ki, neft-qaz qiymətləri ölkə prezidenti İlham Əliyevi narahat edəcək həddə enməyib. Onun fikrincə, belə olsa, Əliyev Qərbə ehtiyac duyardı. 
 
"Yəni, məsələ neft qiymətlərilə formalaşan siyasi reallıqdır. Məsələn, 2014-cü ildə neft qiymətləri çox yuxarı idi. Ona görə də, Fransa prezidenti, ABŞ dövlət katibi bizim azadlığa çıxmağımızla bağlı Əliyevə müraciət edəndə, o, buna fikir vermirdi. Ancaq 2015-ci ildə vəziyyət radikal şəkildə dəyişdi. Neft qiymətləri kəskin şəkildə düşdü (red.:  2015-ci ilin yanvar ayında neft qiymətləri son 7 ildə ilk dəfə 50 dollardan aşağı düşmüşdü) və Əliyev dərhal başa düşdü ki, vəziyyət dəyişir. Bildi ki, neft gəlirləri azalır və ölkə daxilində sosial problemlər olacaq. Buna görə də anladı ki, Qərb ona lazımdır. Qərb isə dedi, bizimlə əməkdaşlıq istəyirsənsə, siyasi məhbusları burax. Bu da buraxdı", - o bildirib. 
 
Arif Yunus deyir ki, başlıca məsələlərdən biri də Azərbaycan vətəndaş cəmiyyəti üzvlərinin az tanınması ilə bağlıdır. Onun fikrincə, bu şəxsləri ölkə xaricində çox az tanıyırlar.
 
"Biz həmişə deyirik ki, xaricə gəlmək, burada çıxış etmək lazımdır. İngilis dilində danıışmaq lazımdır. Yəni, səni nə qədər çox tanıyırlar, bu, o qədər yaxşıdır", - o bildirib. 
 
Hüquq müdafiəçilərinin hesabatlarına görə, ölkədə 365-dən çox siyasi məhbus var.
 
Azərbaycan hakimiyyəti isə bir qayda olaraq heç kimin siyasi səbəblərlə həbs edilmədiyini deyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun