AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi İqbal Əbilovu azad etməyə çağırır

AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi İqbal Əbilovu azad etməyə çağırır Foto: Amerikanın Səsi
23 May 2025
Mətni dəyiş

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə baş məruzəçisi, isveçli deputat Azadə Rojhan talış tarixçisi və etnoqrafı İqbal Əbilovun Azərbaycanda vətənə xəyanət ittihamı ilə məhkum olunmasına dair bəyanat yayıb.

“20 may tarixində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin İqbal Əbilovu vətənə xəyanət və nifrətə təhrik maddələri ilə 18 il azadlıqdan məhrum etməsi məni dərin narahat edir. Ona qarşı irəli sürülən ittihamlar onun peşəkar fəaliyyəti, yəni, erməni alimləri ilə elmi əlaqələri və talış azlığının tarixi və mədəniyyəti ilə bağlı apardığı tədqiqatlarla bağlıdır.

Elmi araşdırma və biliklərin sərbəst şəkildə yayılması hüququ ilə təmin olunan akademik azadlıq ifadə azadlığının ayrılmaz hissəsidir. Bu azadlıq demokratik cəmiyyətlərin təməl prinsiplərindən biridir və alimlər hər cür siyasi müdaxilədən qorunmalıdır. Azərbaycan hakimiyyətini İqbal Əbilova qarşı irəli sürülmüş ittihamları dərhal yenidən nəzərdən keçirməyə və onu, eləcə də ifadə azadlığından istifadə etdiklərinə görə həbs olunan bütün insan haqları müdafiəçilərini, jurnalistləri və akademikləri azadlığa buraxmağa çağırıram,” — deyə bəyanatda bildirilir.

“Talış Milli Akademiyasının xəbərləri”nin baş redaktoru, tədqiqatçı İqbal Əbilov mayın 20-də 18 il müddətinə azadlıqdan məhrum edilib.

Ona qarşı dövlətə xəyanət, xarici təşkilatların tapşırığı ilə dövlət əleyhinə çağırışlar, milli və dini ayrıseçkilik salmaq ittihamları irəli sürülüb. Bütün bu cinayətlərin Ermənistan xüsusi xidmətlərinin göstərişi ilə törədildiyi iddia olunub. Tədqiqatçı ittihamları təkzib edir və elmi fəaliyyətlə məşğul olduğunu bildirir. Müdafiə tərəfi də hesab edir ki, istintaq ittihamları təsdiq edəcək mötəbər sübutlar təqdim etməyib.

Belarusdan Azərbaycana məzuniyyətə gələn Azərbaycan vətəndaşı İqbal Əbilovu 2024-cü il iyulun 22-də Masallı rayonunun Bala Kolatan kəndində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb.

Dünyanın müxtəlif ölkələrindən olan alimlərdən ibarət böyük bir qrup Əbilovun azad edilməsinə köməklik etmək xahişi ilə Azərbaycan rəhbərliyinə müraciət edib. Hüquq müdafiəçiləri Əbilovu siyasi məhbus kimi tanıyıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun