Almaniyalı sabiq deputat Azərbaycandan rüşvət alma ittihamını qəbul edib

Almaniyalı sabiq deputat Azərbaycandan rüşvət alma ittihamını qəbul edib Foto: Bayerischer Rundfunk
30 May 2025
Mətni dəyiş

Eduard Lintner ittihamları təsdiqləyib, amma “rüşvət deyildi” deyir

Keçmiş alman mühafizəkar deputat Eduard Lintner “Azərbaycan Laundromatı” (“Azərbaycan çirkli pullar sxemi”) işi üzrə barəsində irəli sürülən ittihamların doğruluğunu təsdiqləyib. Bu ittihamlar arasında rüşvət almaq da var.

Lintner mayın 15-də Münhen məhkəməsində bildirib ki, prokurorların irəli sürdüyü ittihamlarla razıdır.

Lakin daha sonra o, Almaniyanın “DPA” xəbər agentliyinə açıqlamasında özünü günahsız saydığını, çünki aldığı ödənişləri rüşvət kimi qiymətləndirmədiyini deyib.

İşin mərkəzində Azərbaycanın Avropada - xüsusilə də insan haqlarının müdafiəsi ilə məşğul olan Avropa Şurası Parlament Assambleyasında - siyasi təsir əldə etmək üçün həyata keçirdiyi gizli lobbiçilik strategiyası dayanır.

“Azərbaycan Laundromatı” 2017-ci ildə OCCRP və bir neçə media tərəfdaşının ifşa etdiyi 2,9 milyard dollarlıq mürəkkəb pul yuyulması və rüşvət fondu mexanizmini əhatə edir.

2012–2014-cü illərdə Azərbaycan hökuməti ölkə daxilində jurnalistləri və fəalları kütləvi şəkildə həbs edərkən, hakim elita Avropa siyasətçilərini satın almaq, dəbdəbəli məhsullar almaq və öz maraqları üçün pulları yumaq məqsədilə bu gizli fonddan istifadə edib. 

Bu siyasətçilərdən biri də Bavariya Xristian-Sosial İttifaqının üzvü olmuş və Almaniya Bundestaqında mandat daşımış Eduard Lintner olub.

Lintner məhkəmədə prokurorluğun irəli sürdüyü ittihamların faktiki olaraq doğru olduğunu təsdiqləyib. Bununla belə, o, Azərbaycana lobbiçilik fəaliyyətinin “şərəfli motivlər” əsasında həyata keçirildiyini iddia edib və Qarabağ münaqişəsi ilə bağlı narahatlığını, eləcə də bu vəziyyəti Almaniyanın Soyuq Müharibə dövründəki parçalanması ilə müqayisə etdiyini söyləyib.

Lakin məhkəməyə sədrlik edən hakim Yoxen Bözl bu arqumentləri qəbul etməyib.

Məhkəmədə ifadə verən Lintner Azərbaycanın ona etdiyi ödənişlərin açıq olduğunu və niyə vasitəçilər üzərindən həyata keçirildiyini heç vaxt sorğulamadığını bildirib.

“Onların niyə bu yolla ödəniş etdiyini düşünmədik, çünki gizlədiləcək heç nə yox idi. Hər şeyi açıqlamışdıq,” – deyə o, məhkəmədə bildirib.

“Paper Trail Media” nəşrinin məlumatına görə, hakim Lintnerin ittihamları qəbul etməsini “etiraf” kimi qiymətləndirib və bu, cəzanın yüngülləşdirilməsi ilə nəticələnə bilər.

Məhkəmənin qərarı iyul ayında açıqlanacaq.

Lintnerlə yanaşı, daha iki təqsirləndirilən şəxs - onun keçmiş köməkçisi və bir qohumu - artıq “günahlarını etiraf edərək” işdən azad olunublar. Dördüncü şübhəli, keçmiş Xristian Demokrat İttifaqı deputatı Aksel Fişerin məhkəməsi isə bu ilin sonuna planlaşdırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun