“Hakim üzümə “cinayətkarsan” deyirdi. Ona “dayan, sözümü kəsmə, mən sənin yox, İlham Əliyevin məhbusuyam” dedim. Cənab hakim, “vicdanınızın səsinə qulaq asın” demirəm, olsa, ananı baladan ayırmazdınız. Get, övladlarının gözlərinə bax və nə qədər ədalətsiz qərar verdiyini düşün…” dedim, əsəbləşmişdi”
“Meydan TV işi” üzrə həbs olunan jurnalist, “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın “Mən necə siyasi məhbus oldum?” adlı yazısının üçüncü hissəsi yayımlanıb.
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalistin yaxınlarının yaydığı məktubun sonuncu hissəsini olduğu kimi dərc edirik:
“Üçüncü dəfə israr edəndə Şəhla zəngə oyandı və saxlanıldığımı eşidib şok oldu: “Bu vaxt? Gəlirəm”, - dedi.
Gözlədik. Şəhla içəri girəndə öncə məni qucaqladı, “narahat olma” dedi. Hadisəni qısaca olaraq ona danışdım. Sonra ifadə başlandı və mənə aid olmayan suallara cavab verməkdən imtina etdim. Həm özümün, həm də “meydançı”ların, “toplumçu”ların və “abzasçı”ların həbsinin siyasi sifariş və azad sözün qətli kimi ifadəmə qeyd etdim.
İfadə bitdikdən sonra Şəhla getdi, məni də Xətaidəki MSY-yə apardılar. Bir saat orada gözlətdikdən sonra qeydiyyata alıb bir kameraya yerləşdirdilər. Kamerada dözülməz soyuq var idi. Yata bilmədim və gəzişdim. Peşman idimmi? Qəti! Özüm seçdiyim bir taleyin sınağı ilə üz-üzə idim.
Müstəntiq çox güman evində idi. Uşaqlarının saçını sığallayıb onların gələcəyi ilə bağlı xəyallar qururdu. Mənimsə haqqımda qızım düşünürdü, zalımın zülmünə məruz qalan atasının harada olduğunu əmisindən sorğulayırmış. Amma mənim qızım bu olanları daha qürurla xatırlayacaq, çünki onun atası günahsız birini şərləyib və ya onun haqqında verilmiş şər qərarı icra edib evinə getməmişdi…
Yeri gəlmişkən, mən ifadə verərkən müstəntiqin “budilnik”i çaldı: Azan səsi öz möhtəşəmliyi ilə otaqda əks-səda verdi. Dedim ki, namaz qılırsan? Sübh namazının vaxtı idi. İnkar etdi. Soruşdum ki, heç olmazsa səsi tanıdın? Susdu. “Allahın səsidir” dedim. Şəhla ilə bir-birimizə baxdıq. Bəli, o, Allahın səsi, bəlkə, etirazı, bəlkə də, situasiyaya uyğun çağırışı idi…
Səhəri MSY-də açdım. Polis qapını döyüb əlində zənbillə içəri girdi: “Sənə evdən yemək gətiriblər” dedi və getdi. Həmin gün başqa bir polis “Sən siyasi məhbussan” demişdi. Gülmüş və “Bu, ilk rəsmi etirafdır” demişdim. Bir gün sonra səhər qapı döyüldü. “Dostun dərman gətirib”, - dedi.
Məhkəməyə çıxarıldığım gün qardaşım gəlib yemək və siqaret gətirmişdi. Yeyə bilmədim, mənimlə eyni otağa salınmış bir gəncəliyə verdim. Kimsəsiz idi. Bakıda usta işləyirmiş. Gəncəyə raket atılanda evinə düşmüş, sonradan bərpa olunmayıbmış. Yanına da kimsənin gələcəyini gözləmirdi, həyat yoldaşı 4 körpə uşağı ilə Gəncədə kirayə qalırmış. Narkotiklə şərləndiyini dedi:
“Ağali, işdən qayıdanda tutub 1 qram qoydular”, - hər halda belə dedi.
1 saat sonra təkrar çağırdılar ki, vəkilin gəlib. Dəhlizə çıxıb Şəhlanı gördüm. Yanına gedərkən yan otaqda Şahnazı gördüm. Məndən sonra o da saxlanılıbmış. Salamlaşdım, bilmədim nə deyim, əlimi minarə kimi qaldıraraq “Möhkəm ol” dedim. Açığı, pis oldum, amma həmin anda Şahnaza dəstək verməkdən başqa heç nə edə bilməzdim.
Məhkəməyə də eyni maşında getdik. Söhbətləşdik, körpələrinə görə narahat idi. Ona görə də yolda xeyli zarafatlaşıb əhvalını açmağa çalışdım. İnsafən, bizi aparan polis qadınlar da mane olmadılar söhbətimizə. Sonra məhkəməyə çıxarıldıq. Binaya girəndə çöldəki dostların dəstəyi də qürurverici idi. Şahnazın məhkəməsi tez bitdi. Məndə isə bir az uzun çəkdi. Hakim, prokuror və müstəntiq gətirdiyim arqumentlərə əsaslı cavab verə bilmirdilər. Arada hakimi cırnatmaq üçün dedim: “Bilirsiniz niyə zəifsiniz? Çünki mən “Arqument”in rəhbəriyəm”.
İttihamı müdafiə edən müstəntiqdən xoşum gəlməsə də, insafən, proses ərzində özünü hakimdən abırlı apardı. Hakim üzümə “cinayətkarsan” deyirdi. Ona “dayan, sözümü kəsmə, mən sənin yox, İlham Əliyevin məhbusuyam” dedim. Cənab hakim, “vicdanınızın səsinə qulaq asın” demirəm, olsa, ananı baladan ayırmazdınız. Get övladlarının gözlərinə bax və nə qədər ədalətsiz qərar verdiyini düşün…” dedim, əsəbləşmişdi.
Daha sonra “voronok”a minib Kürdəxanıya (Bakı İstintaq Təcridxanası) yola düşəndə özümdən asılı olmayaraq Ahmet Kayanın
“Belki yaslanırdın bana-bana,
Mahbusda duvar olsaydım-olsaydım”
mahnısını oxumağa başladım.
Möhkəm olun, dostlar. Mahbusda duvaram!
Bizim “Kürdəxanı”dan
Sizin Şəmşad Ağa
08.02.2025”