ABŞ Konqresinin üzvü, AŞPA-nın deputatı və Norveç Helsinki Komitəsi Tofiq Yaqubluya azadlıq tələb edib
Tənqidçi siyasətçi Tofiq Yaqublu artıq 25 gündür Bakı həbsxanasında ölüm aclığı edir.
Yaqublunun qızı Nigar Həzi deyir ki, aprelin 25-də vəkil atası ilə görüşüb. Tofiq Yaqublu çox halsız və taqətsiz olduğuna görə, nəzarətçilər onu görüşə qolundan tutaraq gətiriblər.
"Nəyi gözləyirsiz? Dəfələr şərlədiniz, işgəncələr verdiniz, uzun illər həbsxanada saxladınız. Ürəyiniz soyumadı, indi də onu ölümə vadar etmisiniz. Daha doğrusu, onu özünü öldürmək həddinə çatdırmısız. Tofiq Yaqublunun həyatına görə İlham Əliyev başda olmaqla Azərbaycan hakimiyyəti məsuliyyət daşıyır. İlham Əliyev açıq-aşkar Tofiq Yaqubludan onu tənqid etdiyinin qisasını alır", - Nigar Həzi atası ilə bağlı həyəcan təbili çalışıb.
Yaqublu ilə bağlı beynəlxalq reaksiyalar da artmaqdadır. Belə ki, ABŞ Konqresinin üzvü Eleanor Holmes Norton "X" hesabında yazdığı postda İlham Əliyevi Tofiq Yaqublunu azad etməyə çağırıb.
Norveç Helsinki Komitəsi də yaydığı bəyanatda Tofiq Yaqublunu azad etməyə çağırıb:
"O, saxta ittihamlara və ağır ədalətsizliyə etiraz olaraq aprelin əvvəlindən aclıq aksiyası keçirir. Yaqublu dərin çarəsizlik hissi və səsinin ədalətsiz şəkildə boğulduğuna inamı ilə etiraz edir. Aclıq aksiyasındakı hər gün onu geri dönməz zərərə daha da yaxınlaşdırdığı üçün səhhəti risk altındadır.
Biz Azərbaycan hökumətindən onu dərhal azad etmək və adekvat, müstəqil tibbi yardım almaq imkanını təmin etmək üçün tez hərəkətə keçməsini xahiş edirik".
Almaniyanın AŞPA-da təmsil olunan deputatı Frank Şvabe də Tofiq Yaqublu ilə bağlı narahatlıq ifadə edib:
"Tofiq Yaqublu Azərbaycanda getdikcə artan özbaşınalığın xüsusilə acınacaqlı nümunəsidir. O, haqsız yerə həbs edilib. Yaqublunun həyatı təhlükədədir. O, dərhal azad edilməlidir", - Frank Şvabe bu barədə “X” platformasında paylaşım edib.
Bununla bərabər, Azərbaycandakı repressiyalar ABŞ Konqresində müzakirə ediləcək. Konqresin insan hüquqları üzrə Tom Lantos adına komissiyası keçiriləcək tədbirlə bağlı yaydığı məlumatda qeyd edib ki, Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti pisdir.
“"Freedom House"un fikrincə, Azərbaycanın avtoritar rejimində hakimiyyət ağır şəkildə 2003-cü ildən prezident vəzifəsini icra edən İlham Əliyevin və onun ailə üzvlərinin əlində cəmləşib. Korrupsiya geniş vüsət alıb və siyasi müxalifət illərlə davam edən təqiblərlə zəiflədilib. Hakimiyyət son illərdə geniş repressiyalar həyata keçirib..."
Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib.
Müxalif siyasətçi 32 ildir Azərbaycana rəhbərlik edən Əliyevlər ailəsinin əsas tənqidçisidir və bu müddətdə 8 dəfə həbs olunub. O, vicdan məhbusu kimi tanınıb.