"Abzas Media"nın yoxlamaları göstərib ki, şəhər başçısının "köhnədir" dediyi kanalizasiya sisteminə son illərdə milyonlarla vəsait ayrılıb
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, onlar aprelin 15-dən başlayan leysanla bağlı əvvəlcədən xəbərdar olublar, ancaq yağış sularının axıdılması sistemi müasir iqlim çağırışlarına tam cavab verə bilməyib.
Şəhər başçısı bunu nasos stansiyalarının həddindən artıq yüklənməsi, boru xətlərinin isə zəruri ötürücülük qabiliyyətini itirməsilə əlaqələndirib.
"Mövcud mühəndis-kommunikasiya sistemi bir vaxtlar ərazidə yerləşən kiçik yaşayış evləri üçün nəzərdə tutulmuşdu. Halbuki indi həmin ərazilərdə çoxmərtəbəli yaşayış kompleksləri ucaldılıb. Bu cür hallarla qarşılaşmağa ən azı daha iki il ərzində hazır olmalıyıq", - o, güclü yağıntılar zamanı tunellərə və körpüaltı keçidlərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulmasını təklif edib.
"Abzas Media"nın araşdırmaları göstərib ki, Eldar Əzizovun dediklərinin əksinə olaraq, xüsusilə subasmış tunellər yerləşən Sabunçu rayonunun kanalizasiya sisteminə son illərdə də külli-miqdarda dövlət vəsaiti ayrılıb.
Sabunçuda kanalizasiya sisteminin təşkilinə prezident İlham Əliyevin 2011-ci ildə Sabunçu sakinlərinə vədindən sonra başlanıb. Bundan sonra, "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün "Master Plan" hazırlanıb. Beləliklə, sonrakı dövrdə prezidentin sərəncamları ilə Sabunçu və Suraxanı rayonlarının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün 2017-ci ildə "Azərsu" ASC-yə 3,73 milyon və ümumi plan əsasında 14,7 mln. manat ayrılıb. 2019-cu ildə 3 milyon manat əlavə olunub. Rəsmi məlumatlardan aydın olur ki, sərəncamlarla yağış sularının kənarlaşdırılması məqsədilə kollektorlar inşa edilib, kanalizasiya xətləri yenilənib.
Bundan əlavə, 2018-ci ildə dövlət satınalmalarının rəsmi portalında dərc olunan müqavilə elanından görünür ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu da Sabunçu rayonunun bir qəsəbəsində texniki infrastruktur üçün 3 milyon 506 min 132 manatlıq satınalma müqaviləsi imzalayıb.
2019-cu ilin oktyabrında "Azərsu" ASC "Mühəndis Tikinti Layihə" MMC ilə Sabunçu qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə satınalma müqaviləsi imzalayıb. Müqavilənin dəyəri 296 min 100 manat olub.
2022-ci ildə isə "Azərsu" ASC ilə "Arko Təmir Tikinti Şirkəti" MMC arasında Ramana qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə satınalma müqaviləsi imzalanıb. Açıq tenderdə müqavilənin ümumi dəyəri 8 milyon 202 min 558 manat olub.