Talış tarixini və mədəniyyətini araşdıran Zahirəddin İbrahimov martın 26-da Rusiyanın Yekaterinburq şəhərində işə getmək üçün yaşadığı evdən çıxdıqdan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Yaxınları onun itkin düşməsilə bağlı ərazi polisinə müraciət etsələr də, heç bir cavab ala bilməyiblər.
Bir neçə gün sonra Zahirəddin İbrahimovun Azərbaycanın Lənkəran şəhərində yaşayan yaxın qohumları Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) İbrahimovun orada saxlanılması ilə bağlı məktub alırlar. Məktubda qeyd olunur ki, o, cinayət məsuliyyətinə cəlb olunub, vətənə xəyanət və digər cinayətlərdə təqsirləndirilir.
Zahirəddin İbrahimov 2002-ci ildə Rusiya Federasiyasının vətəndaşlığını alıb. Son iyirmi ildən artıq bir müddətdə Rusiyada yaşayıb. Onun dostu, hazırda İsveçdə mühacirətdə yaşayan talış bloger Əli Ağayev “OC Media”ya bildirib ki, onlar bir-birlərini 1989-cu ildən tanıyırlar.
“Bu saxlanma əvvəlcədən Rusiya hakimiyyəti ilə birgə planlaşdırılıb. Çünki DTX onun kəndinə ünvanlanmış məktubu martın 26-da hazırlayıb, həmin məktub aprelin 9-da qəbul olunub. Halbuki Zahirəddin elə martın 26-da itib”, - Ağayev bildirib.
Əli Ağayev əlavə edib ki, Zahirəddin müxalifətdə olan Xalq Cəbhəsi Partiyasının üzvü olub.
“O, tarixçi idi və Talış xalqının tarixi, mədəniyyəti haqqında tədqiqatlar aparırdı, yazılar yazırdı”, - deyə Əli Ağayev vurğulayıb.
Zahirəddin İbrahimovun Azərbaycana son səfər cəhdi 2014-cü ildə olub. Lakin o, Lənkəran hava limanından ölkəyə buraxılmayıb.
“O, hava limanında saxlanılıb və başqa bir təyyarə ilə geri göndərilib. 2014-cü ildən bu yana Azərbaycana səfər etməyib. Zahirəddin eyni zamanda bloger idi, “Youtube”da Talış dilində yayımlanan verilişi var idi”, - Əli Ağayev bildirib.
Rusiyanın rəsmi qeydiyyatlarla bağlı sənədlərindən aydın olur ki, İbrahimov 2012-ci ildə yaradılan Talış Mədəniyyət Mərkəzinin təsisçilərindən biri olub. O, həmçinin 2021-ci ildə təsis edilən Sverdlovsk vilayətindəki Talış Milli-Mədəni Muxtariyyəti təşkilatının da qurucusudur.
Dövlət Təhlükəsizlik Xidmətinin dəvətilə gələn, İbrahimova dövlətin təyin etdiyi vəkil Səyyarə Əliyeva “OC Media”ya bildirib ki, o, talış fəalın dindirmələrində iştirak edib və həmin proseslər zamanı onun Ermənistanla əlaqələri barədə danışdığı iddia olunur.
Əliyevanın sözlərinə görə, İbrahimov Ermənistandakı bir şəxsdən 200–400 ABŞ dolları məbləğində pul aldığını etiraf edib.
Vəkil əlavə edib ki, DTX-nın onu İbrahimovun hüquqlarını müdafiə etməyə dəvət etdiyi dəqiq tarixi xatırlamasa da, təqsirləndirilən şəxsin ovqatı yaxşıdır və istintaq təcridxanasında işgəncəyə məruz qalmayıb.
Lakin Əliyeva qeyd edib ki, Zahirəddin İbrahimovun saxlanıldığı müddət ərzində onun heç bir ailə üzvü ilə görüşünə icazə verilməyib.
“Onlar qaydalara əməl etməlidirlər və təhqiqatçının əlaqə saxlaması üçün müraciət etməlidirlər. Həftədə bir dəfə bir nəfər İbrahimova geyim və yemək gətirmək üçün təyin oluna bilər,” – deyə Əliyeva bildirib.
Səyyarə Əliyevanın sözlərinə görə, Zahirəddin İbrahimovun Rusiya vətəndaşı olması ittihamların irəli sürülməsinə əngəl törətməyib. Çünki o, Azərbaycanda qeydiyyatda olub və ona qarşı vətənə xəyanət ittihamı irəli sürülüb.
“O, axtarışda olan şəxslər siyahısında idi. Təkcə o deyil, başqa talışlar da həmin siyahıya daxil ediliblər. O, bir neçə il ərzində axtarışda olub”, - vəkil bildirib.
“Onun haradansa oğurlanıb-oğurlanmadığını bilmirəm. Amma dindirmə zamanı 2018, 2019 və 2020-ci illərdə etdiyi hərəkətləri etiraf etdi. O, Talış hüquqları, Talış təşkilatları və bu hüquqların pozulması barədə danışdı. O, mənasız və səviyyəsiz şeylərdən danışırdı (burada İbrahimovun Talış xalqı ilə bağlı bəyanatları nəzərdə tutulur). Axı biz hamımız sadəcə azərbaycanlıyıq,” – deyə Əliyeva “OC Media”ya bildirib.
Talış hüquqları və mədəniyyəti məsələsi Azərbaycan hakimiyyəti üçün onilliklərdir ki, həssas mövzu olaraq qalır. 1993-cü ildə Azərbaycanın cənubunda qısa müddətli separatçı qurum — Talış-Muğan Muxtar Respublikası elan olunub. Onun rəhbəri az sonra həbs edilib.
Həmin dövrdən etibarən Azərbaycan hakimiyyəti talış fəallarını və mədəniyyət xadimlərini vətənə xəyanət daxil olmaqla, müxtəlif ittihamlarla mütəmadi olaraq hədəfə alır. 2024-cü ildə Azərbaycan hökuməti etnik talış araşdırmaçısı İqbal Əbilovu vətənə xəyanət ittihamı ilə həbs edib.
Həmin ilin oktyabr ayında Azərbaycanda Talış dilində dərsliklərin hazırlanmasını müdafiə edən etnik talış hüquq müdafiəçisi Mirhafiz Cəfərzadə vətənə xəyanət maddəsi ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.
Bu məqalə OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.