ABŞ Konqresində “Azərbaycanda Demokratiya Aktı” hazırlanır

ABŞ Konqresində “Azərbaycanda Demokratiya Aktı” hazırlanır
30 Aprel 2025
Mətni dəyiş

Aprelin 29-da ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyasında “COP29 BMT-nin İqlim Dəyişikliyi Konfransından sonra Azərbaycanda insan haqları” adlı xüsusi dinləmələr keçirilib. Komissiyanın sədri senator Kris Smit bildirib ki, “Azərbaycanda Demokratiya Aktı” adlı qanun layihəsi hazırlanır.

Senatorun sözlərinə görə, qanun layihəsi Azərbaycanda pisləşməkdə olan insan haqlarını əhatə edəcək.

“Azərbaycan bir diktatura ölkəsidir və Prezident İlham Əliyev ölkəni ailəsi üçün feodal malikanə kimi nəzarətdə saxlayaraq istismar edir. Diktatura COP29-un özünün prestiji və beynəlxalq dairələrdə qəbul edilməsi üçün bir tədbirə çevriləcəyini gözləyirdi. Bu alındımı? Deməzdim. Bu gün burada soruşduğumuz əsas suallardan biri budur. Digəri isə Konqresin Tramp administrasiyası ilə işində Azərbaycanla bağlı hansı siyasəti təbliğ edəcəyədir” – Smit deyib.

Ötən ilin noyabrında COP29 öncəsi və sonra Azərbaycanda repressiyaların gücləndiyini vurğulayan senator bu ilin fevralında ölkədə siyasi məhbus sayının 357-yə çatdığını və bunun böyük artım olduğunu qeyd edib.

Smit çıxışında Azərbaycandakı siyasi məhbusların bəzilərinin adlarını sadalayıb və azadlığa buraxılmalarının vacibliyini vurğulayıb. Senator iqtisadçı Qubad İbadoğlunu nümunə gətirərək deyib ki, onun ailəsinə də təzyiqlər edilir, bu yaxınlarda hökumət onun qardaşı Qalib Bayramova qarşı cinayət işi açıb.

“Biz “Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadənin taleyindən də çox narahatıq. Ümidvaram ki, eyni vəziyyətdə olan vətəndaşlarına münasibətdə olduğu kimi, ABŞ hökuməti onun da azadlığına nail olmaq üçün eyni səy və ciddilik göstərməyə borclu olduğunu qəbul edir”, – Smit bildirib.

Senator həmçinin erməni məhbuslardan da danışıb, onları "siyasi məhbus" adlandırıb.

Dinləmələrdə həmçinin Qarabağdakı keçmiş separatçı rejimin “dövlət naziri” və “ombudsman”ı olmuş Artak Beqlaryan, keçmiş separatçı rejimin “dövlət naziri” olmuş, hazırda Bakıda mühakimə olunan Ruben Vardanyanın vəkili Cared Qenser, Milli Demokratiya Fondunun (NED) Rusiya və Avrasiya üzrə aparıcı direktoru Miriam Lanskoy və “Freedom Now” təşkilatının icraçı direktoru Andrea Prasou çıxış ediblər.

Beqlaryan 2023-cü ilin sentyabrında özü və ailəsi daxil olmaqla 150 mindən çox erməninin zorla məcburi köçkünə çevrildiyini bildirib. O, Azərbaycanda azı 23 erməni əsirin həbsdə olduğunu, işgəncəyə məruz qaldığını deyib. Beqlaryan həmçinin Azərbaycanı 2020-2023-cü illərdən bəri itkin düşən azı 200 nəfərin, yoxa çıxan 80 nəfərin taleyi barəsində məlumat verməməkdə ittiham edib.

Milli Demokratiya Fondundan Miriam Lanskoy ifadəsində vətəndaş cəmiyyətinə qarşı repressiyadan danışıb və "kürü diplomatiyası" - xarici rəsmi və parlamentarilərin rüşvətlə, hədiyyələrlə ələ alınmasını yada salıb. O, həmçinin ölkədən 3 milyard dollarlıq vəsaitin Avropada siyasi qərarların əldə olunmasına xərclənməsinə dair "Azərbaycan Londramatı" adlı OCCRP araşdırmasını xatırladıb.

"Azərbaycan kleptokratik və repressiv sisteminə qarşı beynəlxalq tənqidi susdurmaq üçün diplomatik taktikadan istifadə edir", – o deyib.

Miriam Lanskoy əlavə edib ki, Azərbaycan Ermənistanla sülh prosesindən istifadə edərək insan haqları pozuntularına görə hesabat verməkdən yayınır. O, mediaya qarşı təzyiqlərə də toxunaraq, “Abzas Media işi” çərçivəsində saxlananların adlarını çəkib. Lanskoy bu iş üzrə hakimlər Rasim Sadıxov və Novruz Kərimovun 2013-2014-cü illərdə də siyasi qərarlar çıxardığını, həmin işlər barədə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı olduğunu xatırladıb.

“Yəni bəzi hallarda 10 il əvvəl gördüyümüz hallar bəzən daha pis formada təkrarlanır, biz onları necə yoluna qoymağı hələ müəyyənləşdirməmişik”.

“Freedom Now” təşkilatının icraçı direktoru Andrea Prasou bildirib ki, Azərbaycanda siyasi məhbus sayı son aylar xeyli artıb. O, “Meydan TV”, “Toplum TV” jurnalistlərinin, hüquq müdafiəçilərinin həbsindən söz açıb, artıq bəzi siyasi məhbuslara uzunmüddətli həbs cəzaları kəsildiyini qeyd edib. Prasou Azərbaycanda azad mediaya hücumlar barədə də danışıb.

“Fevralda “Turan” xəbər agentliyinin bağlanması isə yerli müstəqil medianın sonu oldu”, - o bildirib.

Prasou Akif Qurbanov, Tofiq Yaqublu, digər siyasi məhbusların işindən də danışıb.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, peşə fəaliyyətlərinə görə və siyasi sifarişlə həbs edildiklərini deyirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hesabatlarına görə, hazırda Azərbaycan həbsxanalarında 360-dək siyasi məhbus var.

Rəsmilər isə ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun