3 ilə yaxındır həbsdə olan jurnalist Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub

3 ilə yaxındır həbsdə olan jurnalist Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub Foto: Xural
14 Aprel 2025
Mətni dəyiş

Məlahət Zeynallı: “Bağırsağında olan bədxassəli şiş artıq “metastaz” verib, xərçəng qara ciyərinə yayılıb”

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub.

Bu barədə onun xanımı Məlahət Zeynallı məlumat yayıb. O bildirib ki, yoldaşının səhhətindəki prolemlərlərlə bağlı çoxsaylı müraciətlərdən sonra, müxtəlif müayinələr keçirilib və həkimlər bu nəticəyə gəlib.

“Əvvəlcə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə Müəssisəsinə göndərdilər. 4 dəfə qan vurdular, günlərlə sistem birləşdirdilər, təxminən 1 ay əvvəl Onkologiya Mərkəzinə aparıb, “biopsi” götürdülər. Nəticəsi bayramdan sonraya qaldı dedilər, biz də gözlədik”.

Məlahət Zeynallı deyir ki, bundan sonra Əvəz Zeynallıya bağırsağında olan bədxassəli şişin artıq “metastaz” verdiyi, xərçəngin qara ciyərinə yayıldığı açıqlanıb. Ancaq Zeynallı ailəsi narahat olmasın deyə, bunu onlardan gizlədib.

“Bu günlərdə “ximiya”ya başlayacaqlar. “Saçımı dibindən qırxdıracam”, - deyib, gülür, “həbsxanada heç kəsin edə bilmədiyini, həkimlər mənə etdi... Fikir eləmə, saçım olmadan da xarizmatikəm...”, - deyir. Nikbinliyi daha da yıxır bizi”.

Məlahət Zeynallı həyat yoldaşının göz problemlərinin də davam etdiyini bildirib. 

Əvəz Zeynallı 2022-ci ilin sentyabrının 10-da, Elnur Şükürov isə bundan 3 gün sonra saxlanılıb.

Zeynallı əvvəlcə “Baku Steel Company”nin həbsdə olan keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham olunsa da, sonradan işə başqa rüşvət alma ittihamları də əlavə edilib.

Jurnalist ümumilikdə Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci, 311.3.3-cü və 311.3.4-cü (rüşvət alma külli miqdarda təkrar törədildikdə - ağırlaşdırıcı hallarda rüşvət alma) 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) ittihamları üzrə istintaqa cəlb olunub.

Elnur Şükürov isə qeyd olunan maddələrdən yalnız 178.2.1-ci, 32.4, 312.2-ci və 312-1.1-ci maddələri üzrə ittiham olunur. O, Əvəz Zeynallı əleyhinə ifadə vermədiyinə görə həbs edildiyini bildirib.

Hər iki jurnalist ittihamları rədd edib, həbslərini peşə fəaliyyətlərilə əlaqələndirib.

2024-cü ilin fevralında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun çıxardığı hökmlə Əvəz Zeynallı 9 il, Elnur Şükürov 4 il azaqdlıqdan məhrum edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun