Sərhədsiz Reportyorlar Təşkilatı: "İlham Əliyev rejimi xarici medianı susdurur"

Sərhədsiz Reportyorlar Təşkilatı: "İlham Əliyev rejimi xarici medianı susdurur" Foto: Reporters Without Borders
13 Mart 2025
Mətni dəyiş

“Azərbaycan hökuməti son zamanlar bir neçə xarici media qurumunun jurnalistlərinin akkreditasiyasını ləğv edib və bunu əsassız olaraq “qarşılıqlılıq” prinsipi ilə izah edib”.

Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) Azərbaycanda fəaliyyət göstərən xarici KİV-lərin akkreditasiyasının ləğvinə dair yaydığı bəyanatında belə deyilir.

Təşkilat bəyanatında bu əsassız qərarı pisləyir, onun avtoritar rejimin mətbuat azadlığına qarşı repressiyalarını daha da gücləndirdiyini vurğulayır və jurnalistlərin akkreditasiyasının dərhal bərpa olunmasını tələb edir.

Qeyd edilir ki, son bir ay ərzində Azərbaycanda fəaliyyət göstərən bir sıra xarici media qurumları xəbər yayımında maneələrlə üzləşiblər, hakimiyyət onların akkreditasiyalarını ləğv edərək hüquqi baxımdan jurnalist fəaliyyətlərini davam etdirmələrini mümkünsüz edib.

“1994-cü ildən Azərbaycanda fəaliyyət göstərən Britaniya Yayım Şirkəti (BBC) fevralın 13-də Bakıdakı ofisini bağlamaq məcburiyyətində qalıb. “Bloomberg” və ABŞ-nin maliyyələşdirdiyi “Amerikanın səsi” media qurumlarının jurnalistlərinin akkreditasiyası ləğv edilib.

“Reuters” xəbər agentliyinin nümayəndəsi RSF-yə bildirib ki, Azərbaycanda fəaliyyət göstərən iki müstəqil jurnalist yeni hökumət siyasətinə görə artıq akkreditasiyaya malik deyil, çünki hər xarici media qurumu üçün yalnız bir akkreditasiyanın verilməsi nəzərdə tutulub” – təşkilatın bəyanatında bildirilir.

Sərhədsiz Reportyorlar Təşkilatı vurğulayır ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu tədbirləri “qarşılıqlılıq” prinsipi ilə əsaslandıraraq, ölkədəki xarici jurnalistlərin sayını xaricdə fəaliyyət göstərən “Azərbaycan jurnalistləri” ilə balanslaşdırmağa çalışdığını iddia edir, lakin Bakının “Azərbaycan jurnalistləri” kimi təqdim etdiyi şəxslər əslində dövlət nəzarətində olan media orqanlarının nümayəndələridir.

“Jurnalistlər diplomatik münaqişələrdə, xüsusilə də “qarşılıqlılıq” kimi saxta bir bəhanə ilə alətə çevrilməməlidir. Bu əsassız qərarlar mətbuat azadlığına qarşı növbəti ağır zərbədir və Azərbaycanın xarici nəzarətdən tamamilə təcrid olunmasına yönəlib. Biz hakimiyyəti ləğv olunmuş akkreditasiyaları dərhal bərpa etməyə və xarici medianın tam redaksiya müstəqilliyi ilə fəaliyyətini təmin etməyə çağırırıq”,  - RSF-nin Şərqi Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri Janna Kavelye bu addımı kəskin şəkildə tənqid edərək bildirib.

Təşkilat həmçinin Azərbaycan hökumətinin təkcə xarici mediaya deyil, ölkə daxilində fəaliyyət göstərən müstəqil mətbuat orqanlarına da təzyiqləri artırdığını vurğulayıb, bu xüsusda “Turan” İnformasiya Agentliyinin fəaliyyətini dayandırmasını xatırladıb.

“Azərbaycanda fəaliyyət göstərən son müstəqil media qurumu “Turan" İnformasiya Agentliyi fevralın 13-də “iqtisadi səbəblər” bəhanəsi ilə işini dayandırmağa məcbur olub. Sayt əvvəlcə fəaliyyətini dayandırsa da, indi ümumiyyətlə əlçatan deyil. Hökumətyönlü media orqanlarının apardığı kiberhücumlar və qaralama kampaniyalarına məruz qalmış “Turan”ın bağlanması rejimin müstəqil informasiya yayımını boğmaq əzmini nümayiş etdirir. 

Bu məhdudiyyətlər 2023-cü ilin noyabrında korrupsiya araşdırmaları aparan “AbzasMedia” saytının baş redaktoru Sevinc Vaqifqızının həbsindən sonra Azərbaycanda jurnalistlərə qarşı repressiyaların güclənməsi fonunda baş verir. Hazırda Azərbaycanda ümumilikdə 24 jurnalist əsassız olaraq həbsdə saxlanılır. Bu, İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlməsindən bəri ən yüksək göstəricidir” – bəyanatda qeyd edilir.

Ötən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya”nın rəhbəri Dmitri Kiselyevə verdiyi müsahibədə ABŞ mediasını sərt tənqid etmişdi.

“Biz ABŞ-də media maliyyələşdirmirik. Niyə onlar bizim medianı maliyyələşdirməlidirlər?! Lazım deyil. Onlar “Amerikanın səsi” və “Azadlıq Radiosu" kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar”, – İlham Əliyev qeyd edib.

Bu ilin əvvəlindən başlayaraq Azərbaycanda “BBC News Azərbaycanca”, “Sputnik-Azərbaycan”ın jurnalistlərinin sayı bir nəfərə endirilib, “Amerikanın səsi”, “Bloomberg”in müxbir akkreditasiyaları ləğv edilib.

Azərbaycan Xarici İşlər Nazirliyi bu addımları “qarşılıqlıq” prinsipi ilə əsaslandırır, ölkədəki xarici jurnalistlərin sayını xaricdəki azərbaycanlı jurnalistlərin sayı ilə balanslaşdırmaq istədiyini bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun