2024-cü ilin yağışlı və tutqun may günündə dövlət sərhəd xidmətinin general-mayoru Vüsal Sultanov Qazaxın işğaldan azad olunan 4 kəndi ilə bağlı ölkə başçısı İlham Əliyevə məruzə edir.
Generalın məruzəsi həm də ona görə əlamətdar idi ki, bu kəndlər bir güllə belə atılmadan, danışıqlar yolu ilə geri qaytarılmışdı.
Uzun illər torpaqlarının həsrətilə yaşayan qazaxlı məcburi köçkünlər 30 il əvvəl geridə qoyduqları evlərindən qalan bu xarabalıqlara ürək ağrısı ilə baxır, öz yurd yerlərinə qayıdacaqları günü böyük həyəcanla gözləyirlər. Ömrünün ahıl yaşına çatan bu məcburi köçkünlər təsəvvürlərinə belə gətirmirlər ki, Bağanıs Ayrıma onlardan da əvvəl ayaq basanlar var.
Budəfəki araşdırmalar bizi prezident ailəsinə bağlı şirkətin hüquqi nümayəndəsi olmuş yüksək vəzifəli məmura aparıb çıxardı. 2024-cü ilin dekabrında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "Design Bureau" Məhdud Məsuliyyətli Cəmiyyətilə iki satınalma müqaviləsi imzalayıb.
Bu müqavilə Qazax rayonunun işğaldan azad olunmuş iki kəndinin şəhərsalma əsaslandırılmasının hazırlaması ilə bağlı olub. Müqaviləyə görə, bu xidmətləri həyata keçirəcək şirkətə Bağanıs Ayrım kəndinin şəhərsalma əsaslandırılması üçün 194 818 manat, Qızılhacılı kəndinin şəhərsalma əsaslandırılması üçün isə 174 758 manat ödəniş edilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müqavilələri tender keçirmədən, şirkətlə birbaşa razılaşma əsasında bağlayıb.
Ümumilikdə 370 min manat dəyəri olan müqavilələrin 2025-ci ilin sonuna qədər yekunlaşdırılacağı gözlənilir. Bəs 34 il sonra işğaldan azad edilən Bağanıs Ayrım və Qızılhacılı kəndlərinin bərpasından qazanan "birincilər" kimlərdir? “Abzas Media” yeni korrupsiya araşdırmasını təqdim edir.