Ermənistanın baş naziri yeni konstitusiyanın “Real Ermənistan“ ideologiyası üçün lazım olduğunu desə də, bununla razılaşmayan müxalifət dəyişiklik təklifini Azərbaycanla Türkiyənin göstərdiyi təzyiqlərlə əlaqələndirir
Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin hazırladığı “Real Ermənistan” ideologiyasına həsr olunan çıxışında bir daha yeni konstitusiyanın ümumxalq səsverməsi yolu ilə qəbul edilməsinin tərəfdarı olduğunu bildirib.
Çərşənbə günü axşam çıxışı zamanı Paşinyan “Real Ermənistanın İdeologiyası” layihəsini təqdim edib. Paşinyan bu konsepsiyanı ilk dəfə 2024-cü ilin aprelində səsləndirib və təkidlə bildirib ki, ermənilər müasir Ermənistanı indiki sərhədləri daxilində qəbul etməlidirlər.
Paşinyan son çıxışında qeyd edib ki, Ermənistanın tərəqqi və inkişafa baxışı “[çoxqatlı] real Ermənistanın ideologiyasına əsaslanmalıdır və dövlət və ictimai həyatın bütün sahələrində öz əksini tapmalıdır.
Konstitusiya dəyişikliyinə ehtiyac Paşinyanın çərşənbə günü təqdim etdiyi layihədəki 14 bənddən birincisi idi.
Layihədə deyilir: “Real Ermənistanın bu ideologiyası vətəni beynəlxalq səviyyədə tanınmış dövlət olan Ermənistan Respublikası ilə, vətənpərvərliyi isə həmin dövlətin maraqları, orada müəyyən edilmiş hüquq və öhdəliklər sistemi ilə eyniləşdirir”.
O qeyd edib ki, “bu vətənpərvərlik modelinin” inkişafı üçün Ermənistan xalqının “özünü təkcə dövlətin qurucusu kimi deyil, həm də dövlətdə qurulan hüquqi nizamın mənbəyi kimi dərk etməsi” vacibdir.
Layihədə yeni konstitusiya haqqında deyilir ki, onun “ümummilli referendum yolu ilə qəbulu bu sistem üçün vacibdir”, hazırkı konstitusiyada ən azı ictimai rəydə ciddi legitimlik yoxdur. Mətnin yekununda deyilir ki, “Yeni konstitusiyanın qəbulunun strateji məqsədi vətəndaşlığı olmayan xalqın qalıq fəaliyyət sistemindən dövlət quruculuğu fəaliyyət sisteminə keçiddir”.
Paşinyan birinci bəndi oxuduqdan sonra konstitusiyanın dəyişdirilməsinin zəruriliyi barədə daha ətraflı danışıb. O bildirib ki, Ermənistan vətəndaşları özlərini Ermənistan Respublikasının qurucuları kimi dərk etməlidir. Belə ki, onlar özlərini həm də [Ermənistanda] təsbit olunmuş hüquqi münasibətlərinin, konstitusiya quruluşunun, yəni hüquq və vəzifələr sisteminin qurucuları kimi dərk etməlidirlər.
Paşinyan iddia edib ki, hazırda bir çox hallarda mövcud hüquq sistemi başqaları tərəfindən vətəndaşların üzərinə qoyulmuş kimi qəbul edilir və bu, dövlətin tərəqqisinə ən mühüm maneələrdən biridir.
Paşinyan 2020-ci ilin fevralından konstitusiyaya dəyişiklik edilməsi zərurəti barədə danışdığını desə də, onu tənqid edənlər bu təklifin Azərbaycanın tələbləri ilə bağlı olduğunu iddia edirlər.
Ermənistan Konstitusiyasının dəyişdirilməsi Azərbaycan hökumətinin təkidlə irəli sürdüyü tələbdir və Azərbaycan prezidenti İlham Əliyev Ermənistan Konstitusiyasının “dəyişmədən qalacağı” təqdirdə sülh sazişinin əldə edilməsinin “sadəcə mümkünsüz” olacağını bəyan edib. Əliyev deyib ki, Ermənistanın hazırkı konstitusiyasında Azərbaycan və Türkiyənin torpaqlarına ərazi iddiaları yer alır.
Ötən ilin fevralında Paşinyan özü Ermənistanın hazırkı konstitusiyasını “öküzün qırmızı parçaya reaksiyası”na bənzədib və onun dəyişdirilməsinin lazım olduğunu deyib.
Mədəniyyət və Sivilizasiya tədqiqatlar mərkəzinin araşdırmaçısı Narek Sukiasyan “Facebook” səhifəsində yazıb ki, Paşinyan konstitusiyanı Azərbaycan tərəfinin tələblərindən qaça bilmədiyinə görə təklif edir.
Müxalifətdəki “Ermənistan Alyansı” fraksiyasının rəhbəri Seyran Ohanyan da Paşinyanın təşəbbüsünün “Azərbaycan və Türkiyə-Azərbaycan tandeminin təzyiqi altında” həyata keçirildiyini və konstitusiya dəyişikliyinə ehtiyac olmadığını iddia edib.
Cümə axşamı ədliyyə naziri Srbuhi Qalyan referendumun [çox güman ki] 2026-cı ildə keçiriləcək parlament seçkilərindən sonra keçiriləcəyini deyib və mətnin məzmununu şərh etməkdən imtina edib.
Ötən ilin avqustunda Ermənistan hökuməti 2027-ci ildə yeni konstitusiyanı təsdiqləmək üçün referendum keçirməyi planlaşdırdığını, Paşinyana isə 2026-cı ilin sonuna qədər yeni konstitusiya layihəsini hazırlamağı tapşırdığını açıqlamışdı.