Təşkilat bildirib ki, ölkənin müstəqillik tarixində heç vaxt bu qədər çox qadın jurnalist sərt cəzalandırılmayıb
Norveç Helsinki Komitəsi Azərbaycan hökumətini 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində humanitar jest olaraq həbsdə olan səkkiz qadın jurnalisti zamin qarşılığında və ya şərti azadlığa buraxmağa çağırıb.
Təşkilatın bu gün yayımlanan bəyanatında vurğulanıb ki, öncəlik xüsusilə təxirəsalınmaz tibbi yardıma ehtiyacı olanlara və ailə üzvləri onlardan asılı olanlara verilməlidir.
Təşkilat bildirib ki, hökumət əsassız ittihamları tamamilə ləğv etməkdən imtina etsə də, uzunmüddətli həbsin təkcə həddindən artıq sərt deyil, həm də qeyri-insani və vicdansız dərəcədə qəddar bir tədbir olduğunu qəbul etməlidir.
“Hakimiyyət uzun illərdir tənqidçilərinə qarşı şübhəli və cəza məqsədli cinayət işləri açmaq təcrübəsinə malikdir. Xüsusilə qadın jurnalistlər insan hüquqları sahəsindəki son böhranların ön cəbhəsində dayandıqları üçün bunun ağır bədəlini ödəyiblər.
Azərbaycan səkkiz qadın jurnalisti peşə fəaliyyətinə görə həbs edərək görünməmiş repressiyaya imza atıb. Əsassız ittihamlarla aparılan basqınlar, həbslər və məhkəmələr təhlükəli bir normaya çevrilib” – bəyanatda bildirilib.
Norveç Helsinki Komitəsi vurğulayıb ki, ölkənin müstəqillik tarixində heç vaxt bu qədər çox qadın jurnalist sərt cəzalandırılmayıb.
“Azərbaycanda, xüsusilə qadınlar üçün müstəqil jurnalistika heç vaxt asan olmayıb. Dini baxımdan sekulyar olsa da, ölkədə köklü gender stereotipləri və mühafizəkar ənənələr hökm sürür. Qadın jurnalistlərin həbslərinin artması bu sahədə çalışan digər qadınları peşəni tərk etməyə sövq edir, media mühitində isə özünü senzura tendensiyasını gücləndirir” – sənəddə qeyd edilib.
Bildirilib ki, Azərbaycanda medianın sıxışdırılması fonunda qadın jurnalistlərin hədəf alınması xüsusilə diqqət mərkəzindədir, 2023-cü ildən etibarən isə bu tendensiya daha da güclənib.
2023-cü il noyabrın 20-dən 2024-cü il yanvarın 13-dək “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı (36), jurnalistləri Nərgiz Absalamova (27) və Elnarə Qasımova (29) həbs edilib. 2024-cü ilin dekabrında isə polis “Meydan TV”nin qadın jurnalistləri Aynur Qənbərova (Elgünəş) (50), Aytac Əhmədova (Tapdıq) (32), Aysel Umudova (33) və Xəyala Ağayeva (28) barəsində həbs qərarı verib. Ötən həftə isə “Toplum TV”nin tanınmış jurnalisti Şahnaz Bəylərqızı (51) həbs olunub.
Qaçaqmalçılıq, saxtakarlıq və vergidən yayınma ittihamları ilə evlərində axtarış aparılan və şəxsi əşyaları müsadirə olunan bu jurnalistlər ittihamları qəbul etmir, repressiyaların onların tənqidi reportajları ilə əlaqəli olduğunu bildirirlər. Məhkəmə ittihamedici hökm çıxararsa, onları səkkiz ilədək həbs cəzası ilə üzləşə bilərlər.
“Bu səkkiz jurnalist korrupsiya və insan hüquqları pozuntularını ifşa edərək müstəqillik, ədalət və etibarlılıq prinsiplərinə sadiq qalıblar. Onların çalışdığı “Abzas Media”, “Toplum TV” və “Meydan TV” isə hökumətin ciddi təzyiqləri ilə üzləşib. 2023-cü ilin noyabr ayından bəri azı 20 jurnalist həbs edilib, digərlərinə isə ölkədən çıxış qadağan olunub, istintaqa çağırılıb və ya sürgünə getmək məcburiyyətində qalıb. Azərbaycanda jurnalistika ilə məşğul olmaq istəyənlər üçün yeganə alternativ ya həbs, ya sürgün, ya da özünü senzura etməkdir” – təşkilat bildirib.
İnsan haqları təşkilatının çağırışında qeyd edilib ki, ölkədə insan hüquqlarının pozulmasına dair beynəlxalq reaksiya əsasən zəif olub və səthi bəyanatlarla məhdudlaşıb.
“Azərbaycan bu cür ədalətsizlikləri törətməyə davam edir, çünki hər zaman buna görə cəzasız qalıb”.
Norveç Helsinki Komitəsi vurğulayıb ki, bu qadın jurnalistlər iqtidar üçün “narahat edici” fiqurlardır və onların həbsi daha geniş miqyaslı repressiv siyasətin tərkib hissəsidir.
“Hazırda Bakıda təcridxanada saxlanılan jurnalistlər uzadılmış məhkəmə prosesləri ilə üzləşirlər. Rəsmi olaraq Azərbaycanda ilkin istintaq həbsi üç ayı keçməməlidir, lakin siyasi motivli işlərdə bu müddət illərlə uzadıla bilər. Onların vəkilləri qeyri-insani saxlanma şəraitindən və pis rəftardan şikayətləniblər”.
Qeyd edilib ki, həbsdə olan bəzi qadın jurnalistlər ciddi tibbi problemlərlə üzləşirlər və təcili müalicəyə ehtiyac duyurlar.
“Həbsxana şəraitində adekvat səhiyyə xidmətinə çıxışın olmaması onların sağlamlığını təhlükə altına qoyur. Bəziləri ailə başçısıdır və ya tək valideyndir, bu isə onların həbsinin təsirlərini daha da ağırlaşdırır. Məsələn, Aynur Elgünəş fiziki məhdudiyyətlidir, bir neçə ağır əməliyyat keçirib və mütəmadi tibbi yardıma ehtiyac duyur. Digər tərəfdən, Şahnaz Bəylərqızının iki azyaşlı övladı var və həkimlər onun səhhətində ciddi problemlər olduğunu təsdiqləyiblər. Onların saxlanması təkcə sağlamlıqlarını təhlükəyə atmır, eyni zamanda ailələrini analarının himayəsindən məhrum edir” – təşkilatın bəyanatında bildirilib.
Təşkilat vurğulayıb ki, ilkin istintaq həbsi son çarə olmalıdır və yalnız konkret faktlaraa əsaslanmalıdır.
“Lakin Azərbaycan məhkəmələri bu jurnalistlərin həbsinə dair heç bir etibarlı dəlil təqdim etmədən onların azadlıqdan məhrum edilməsini davam etdirir. Bu, Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) əsassız həbsə qarşı təminatlarının açıq şəkildə pozulmasıdır.
Azərbaycan məhkəmələri siyasi motivli işlərdə həbsdən alternativ cəza tədbirlərinə nadir hallarda əl atır. Halbuki, bu səkkiz jurnalist cəmiyyət üçün heç bir təhlükə yaratmır və ev dustaqlığı kimi alternativ tədbirlər tətbiq oluna bilər” – bəyanatda bildirilib.
Norveç Helsinki Komitəsi qeyd edilib ki, Azərbaycan hökuməti qadın hüquqlarını yüksək dəyərləndirdiyini iddia edir.
“Prezident İlham Əliyevin ritorikasında “qadınların hörmət edildiyi, ailə dəyərlərinin qorunduğu” bir cəmiyyət obrazı təqdim edilir. Lakin səkkiz qadın jurnalistin həbsdə saxlanılması bu iddiaları ciddi sual altına qoyur. Bu, Azərbaycan hökumətinin qadın haqlarına və ailə dəyərlərinə bağlılığı ilə bağlı rəsmi narrativlərin səmimiliyini kölgə altına alır” – bəyanatda vurğulanıb.
Təşkilat bir daha qeyd edib ki, bu jurnalistlərin azadlığa buraxılması yalnız humanitar addım deyil, həm də cəmiyyətdə siyasi gərginliyi azaltmağa xidmət edəcək konstruktiv qərar ola bilər.
“Beynəlxalq Qadınlar Gününün mahiyyətinə uyğun olaraq, Azərbaycan hökuməti ədaləti təmin etməli və bu jurnalistlərin azad edilməsinə nail olmalıdır” - Norveç Helsinki Komitəsinin bəyanatında bildirilib.
2023-cü ilin noyabrından etibarən Azərbaycanda 30-adək jurnalist qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, həbslərinin peşə fəaliyyətləri bağlı bildirirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 350-dən çox siyasi məhbus var. Rəsmilər bir qayda olaraq ölkədə heç kimin sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmədiyini bildirir.
Yerli və beynəlxalq insan haqları təşkilatları hökuməti haqsız tutulanları azad etməyə çağırır.