Hesablama Palatasının auditinə görə, Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda toplanan 3 milyon tona yaxın tullantının “Təmiz Şəhər” ASC-yə təhvil verilməsini təmin etmədiyindən qeyri-qanuni çeşidləmənin və çirkləndirmənin miqyasını artırıb
Balaxanıda yerləşən Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun xərcləri gəlirindən üç dəfə çox olub. Hesablama Palatasının 2021-2023-cü illərdə “Təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyinə dair” auditində belə deyilir.
Belə ki, 11 il ərzində zavodun xərci 363 milyon 271 min 700, gəliri isə 120 milyon 755 min 300 manat təşkil edib. Hesablama Palatası qeyd edib ki, xərclərin daxilolmaları dəfələrlə üstələməsi bu layihənin iqtisadi cəhətdən səmərəsiz olduğunu göstərir.
Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planı” çərçivəsində inşa olunub. 2006-cı ildə təməli qoyulan bu zavodun açılışı 2012-ci ilin dekabrında olub.
Bu zavod tullantıların yandırılması prosesi nəticəsində il ərzində 200 milyon kvt/saata qədər elektrik enerjisi hasil etmək gücünə malikdir. İl ərzində burada əldə edilən enerji ilə 100 min ev təsərrüfatını elektrik enerjisi ilə tam təmin etmək mümkündür.
Hesablama Palatası üzə çıxarıb ki, auditin əhatə etdiyi illərdə “Təmiz Şəhər” ASC tərəfindən zərərsizləşdirilmə üçün təhvil alınmış 2 milyon 500 min ton təhlükəsiz tullantının 93,9 faizi basdırılma və yandırılmaya yönəldilib, tullantıların yalnız 6,1 faizi çeşidlənməyə qəbul olunub.
Təmiz Şəhər” ASC üzrə 1 ton təhlükəsiz tullantının çeşidlənməsindən əldə olunan vəsaitin miqdarı orta hesabla 55,9 manata, yandırılmasından əldə olunan vəsaitin miqdarının orta hesabla 21,7 manata bərabərdir.
Auditi analiz edən İqtisadçı ekspert Rövşən Ağayev “Facebook” səhifəsində yazıb ki, əslində Hesablama Palatası daha geniş səmərəlilik indikatorlarından, məsələn, tullantıların geridönüşüm faizindən istifadə etməli idi.
“Zavodun istehsal gücündən istifadə əmsalı tullantıların hansı hissəsinin geridönüşümə məruz qaldığını göstərmir. Halbuki bərk tullantıların emal müəssisələri üçün ən mühüm səmərəlik göstəricilərindən biri budur. Həmin göstərici Avropa Birliyi üzrə orta hesabla 35 faiz, Almaniyada 50 faiz, Türkiyədə isə 15 faiz təşkil edir”, – deyə iqtisadçı vurğulayıb.
Rövşən Ağayev hesab edir ki, yandırılma yolu ilə enerji alınan tullantıların həcmi barədə rəqəmlər ayrı-ayrılıqda dəqiqləşdirilməlidir. Çünki basdırılma üsulu və enerjiyə çevrilmədən yandırılma karbon emissiyasının artması və ekoloji baxımdan daha zərərli yanaşmalar hesab edilir.
Auditdə həmçinin qeyd edilir ki, Qaradağ rayonu istisna olmaqla, Bakının 11 rayon mənzil-kommunal təsərrüfatı birlikləri və bu kimi digər qurumları tərəfindən “Təmiz Şəhər” ASC-yə təhvil verilmiş tullantıların miqdarı paytaxtdan yığılmış ümumi məişət tullantılarının 42,5 faizini təşkil edib.
Nəticədə Bakı Şəhər İcra Hakimiyyəti təqribən 3 milyon tona yaxın tullantıların ASC-yə təhvil verilməsini təmin etməyib. Bu, qeyri-qanuni çeşidləmənin və çirkləndirmənin miqyasını artırıb.