Media qurumunun həbsdə saxlanılan əməkdaşları 1 saylı Bakı İstintaq Təcrdxanasında onlara qarşı zorakılıq edən şəxslərin cəzalandırılmasını tələb edirlər
“Abzas Media”nın həbsdə olan əməkdaşları fevralın 11-nə təyin edilən məhkəmə prosesində iştirakdan imtina ediblər. Bunun səbəbi saxlandıqları 1 saylı Bakı İstintaq Təcrdxanasında onlara qarşı zorakılıq və qeyri-insani rəftarla bağlı şikayətlərin məhkəmə tərəfindən araşdırılmamasıdır.
Media qurumunun əməkdaşlarının bu gün yaydığı bəyanatda qeyd edilir ki, zorakılıq törədən təcridxana əməkdaşları hələ də cəzalandırılmayıblar.
“Bu, o deməkdir ki, bizə qarşı belə davranışın göstərilməsini hökumət sifariş edir. Səbəb də təcridxanada baş verən qanunsuzluqları ictimailəşdirməyimizdir. Biz heç bir halda qanunsuzluqlara göz yummayacağıq”, – deyə bəyanatda bildirilir.
“Abzasçılar” dəfələrlə təcridxanada baş verən çoxsaylı qanun pozuntularını, onlara qarşı törədilən fiziki və psixoloji zorakılıq hallarını ictimailəşdiriblər. Bundan sonra təcridxana rəhbərliyi jurnalistlərə qarşı təxribatlar təşkil edib, onların hüquqlarından istifadəsinə maneələr yaradıb.
Ötən ilin noyabrında nəşrin qadın korpusunda saxlanılan baş redaktoru Sevinc Vaqifqızı, reportyorları Nərgiz Absalamova və Elnarə Qasımova kameralarının nəfəsliklərinin bağlanmasına etiraz edərkən zorakılığa məruz qalıblar. Nəzarətçilər Sevinc Vaqifqızının qolunu nəfəsliyin qapısı arasında qoyub göyərdiblər. Buna etiraz edən Nərgiz Absalamovanı isə starşina Əzizə Məmmədova təhqir edib.
Vahid adlı nəzarətçi isə məhbuslara hədə-qorxu gələrək onlardan Elnarə Qasımovanın əleyhinə məcburi şahid ifadələri alıb. Qadın məhbuslardan tələb olunub ki, ifadələrində jurnalistin nəzarətçini vurduğunu gördüklərini yazsınlar.
Həmçinin “Abzas Media”nın direktoru Ülvi Həsənlinin 6 ay ərzində 1 saylı Bakı İstintaq Təcridxanasında 58 nəfərə işgəncə verilməsi ilə bağlı yazısından sonra rəis Elnur İsmayılovun birbaşa göstərişi ilə otaq yoldaşı onun üzərinə ülgüc çəkib, ölümlə təhdid edib.
Son olaraq, bu ilin fevralında təcridxananın qadın korpusunun Aygül Babayeva adlı əməkdaşı Sevinc Vaqifqızı və Nərgiz Absalamovaya qarşı zorakılıq edib. O, buna etiraz edən jurnalistlərə əmrin “yuxarıdan” verildiyini bildirib.
“Abzasçılar” təcridxanadakı qanunsuzları ictimailəşdirdiklərinə görə, dəfələrlə ailələri ilə görüşlərinə maneələr yaradılıb, telefon danışıqları kəsilib. Bu hallarla bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən münasibət almaq mümkün olmayıb.
“Abzas Media işi” üzrə son məhkəmə iclası yanvarın 21-də keçirilib. Həbs edilənlərdən Məhəmməd Kekalovun yeni vəkilinin işlə tanış olmağı üçün növbəti proses fevralın 11-nə təyin edilmişdi.
2023-cü ilin noyabrın 20-dən etibarən Azərbaycanda korrupsiya araşdırmaları aparan “Abzas Media”nın 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs ediliblər.
Ötən il mayında “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə də “Abzas Media işi” çərçivəsində həbs edilib. Elə həmin gün “Abzas Media” bəyanat yayaraq Mehralızadə ilə əməkdaşlılıq əlaqəsinin olmadığını bildirib.
Jurnalistlərin hamısı əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar.
Avqust ayında isə “Abzas Media işi” üzrə həbs edilən şəxslərə qarşı ittihamlar ağırlaşdırılıb. İstintaqın irəli sürdüyü əlavə ittihamları da nəzərə alsaq, jurnalistləri 8 ildən 12 ilədək həbs cəzası gözləyir.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.