Media qurumunun əməkdaşları hakimlərin onların təcridxanada məruz qaldıqları fiziki və psixoloji zorakılıqla bağlı müraciətlərini hələ də araşdırmadıqlarını bildirirlər
“Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova fevralın 18-nə təyin olunan məhkəmə prosesində iştirakdan imtina ediblər.
Vəkillər bildiriblər ki, bunun səbəbi jurnalistlərin saxlandıqları 1 saylı Bakı İstintaq Təcridxanasında üzləşdikləri fiziki zorakılıq və qeyri-insani rəftarla bağlı şikayətlərinin məhkəmə tərəfindən araşdırılmamasıdır.
“Abzas Media”nın əməkdaşları fevralın 11-nə təyin olunan məhkəmə prosesində iştirakdan da imtina etmişdilər. Jurnalistlərin proses başlamazdan bir qədər əvvəl yaydıqları bəyanatda qeyd edilirdi ki, onlara qarşı zorakılıq törədən təcridxana əməkdaşları hələ də cəzalandırılmayıblar.
“Bu, o deməkdir ki, bizə qarşı belə davranışın göstərilməsini hökumət sifariş edir. Səbəb də təcridxanada baş verən qanunsuzluqları ictimailəşdirməyimizdir. Biz heç bir halda qanunsuzluqlara göz yummayacağıq”, – deyə bəyanatda bildirilirdi.
Vəkil Elçin Sadıqov “Amerikanın Səsi”nə deyib ki, onlar məhkəməyə avtomobildə qeyri-insani şəraitdə və ayrı-ayrı gətirilmələri, habelə məhkəmənin zirzəmisində saxlanılmaları ilə bağlı da şikayət ediblər.
“Xüsusilə də orada heç bir şəraitin olmaması, bütün dustaqların üst-üstə saxlanılması, yerin darısqal olması və onların səhhətlərinə pis təsir etməsi ilə bağlı şikayətləri var idi. Ona görə gəlməmişdilər”, – deyə vəkil bildirib.
Sadıqov məhkəmədən Penitensiar Xidmətə onların birlikdə gətirilməsinə etirazının olmaması barədə məktub verməsini istədiklərini bildirib. Amma məhkəmə vəkilin müraciətinə hələ də rəsmi münasibət bildirməyib.
Fevralın 18-də keçirilən prosesə təqsirləndirilən şəxslərdən yalnız Hafiz Babalı, Fərid Mehralızadə və Məhəmməd Kekalov qatılıb. Onlar ötən prosesdə məhkəməyə zorla gətirildiklərini bildirmişdilər.
Jurnalistlərin növbəti məhkəmə prosesi martın 4-nə təyin olunub.
2023-cü ilin noyabrın 20-dən etibarən Azərbaycanda korrupsiya araşdırmaları aparan “Abzas Media” nəşrinin 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı, ötən ilin mayında isə “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə “Abzas Media işi” çərçivəsində həbs edilib.
Jurnalistlərin hamısı əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar. Ötən ilin avqustunda isə “Abzas Media işi” üzrə həbs edilən şəxslərə qarşı ittihamlar ağırlaşdırılıb. İstintaqın irəli sürdüyü əlavə ittihamları da nəzərə alsaq, jurnalistləri 8 ildən 12 ilədək həbs cəzası gözləyir.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin azad edilməsinə, onlara qarşı ittihamların ləğv olunmasına dair çağırış ediblər.