Hər iki ölkənin prezidentləri arasında razılaşmaya görə, Laçın istisna olmaqla Ermənistan tərəfi Qarabağ ətrafındakı bütün əraziləri tərk etməli imiş
ABŞ Dövlət Departamenti Qarabağ münaqişəsinə dair 90-cı illərin sonuna aid məxfi sənədlər yayıb.
“Azadlıq Radiosu”nun Ermənistan bürosunun yazdığına görə, Ermənistanla Azərbaycanın ozamankı prezidentləri Robert Köçəryanla Heydər Əliyev vasitəçilər olmadan, təkbətək formatda Meğrinin Qarabağla mübadiləsi haqqında razılığa gəliblər.
Qarabağ danışıqlarında ərazilərin mübadiləsi variantı ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Pol Qoblun adı ilə bağlı olduğu üçün “Qobl Planı” kimi tanınır. Məhz o, bu ideyanı ilk dəfə 1992-ci ildə, Birləşmiş Millətlər Təşkilatının tapşırığı ilə keçmiş dövlət katibi Sayrus Vensin Qarabağa səfəri zamanı irəli sürüb.
Qobl ABŞ Dövlət Departamentində yüksək vəzifə tutmurdu və onun təklifi rəsmi xarakter daşımırdı. Lakin ictimailəşdirilmiş sənədlər onu göstərir ki, bu məsələ artıq 1990-cı illərin əvvəlində bağlı qapılar arxasında ən yüksək səviyyədə müzakirə olunurmuş – özü də Qobl tərəfindən deyil, Türkiyə hakimiyyəti tərəfindən. Bu variantı ilk dəfə kimin gündəmə gətirdiyini dəqiq demək çətindir. Lakin etibarlı mənbələrə görə, Türkiyə prezidenti Turqut Özal hələ 1992-ci ildə – Ermənistanın müstəqilliyini elan etməsindən bir il sonra bu təklifi ABŞ prezidentinə təqdim edib.
Ağ Evin açıqladığı məxfi sənədlərə görə, Turqut Özal belə deyib:
“Mənim bir ideyam var: Qarabağ əhalisinin 80 faizi ermənilər, 20 faizi isə azərbaycanlılardır. Onlar əraziləri mübadilə edə bilərlər: Qarabağ Ermənistana keçər, əvəzində isə Azərbaycanı iki hissəyə ayıran torpaq sahəsi Azərbaycana verilər”.
Görünən odur ki, Corc Buş (ata) administrasiyası bu təklifə böyük maraq göstərməyib. Bununla belə, Ankara bu ideyanı unutmayıb və onu növbəti ABŞ prezidenti Bill Klintonun dövründə yenidən gündəmə gətirib.
Dövlət Departamentinin gizliliyi götürülmüş sənədlərinə əsasən, 1997-ci ildə Türkiyənin xarici işlər nazirinin müavini Onur Öymen ABŞ dövlət katibinin müavini Strob Telbottla telefon danışığı zamanı Qarabağ məsələsinin “sərhədlərin dəyişdirilməsi” yolu ilə həll edilməsini bir daha təklif edib.
“Öymen bildirdi ki, bu məsələni Türkiyənin sabiq baş naziri Bülent Ecevitlə müzakirə edib və Ecevit ərazilərin mübadiləsi variantını təklif edib: Azərbaycan Qarabağı Ermənistana verir, əvəzində isə Ermənistan Azərbaycana müəyyən əraziləri güzəştə gedir”.
Öymen əlavə edib ki, Türkiyə artıq bu məsələni Rusiya ilə müzakirə edib və Vaşinqtonun mövqeyini bilmək istəyir.
Dövlət katibinin müavini Strob Telbott isə cavabında bildirib ki, belə bir variant münaqişə tərəflərini Minsk Qrupunun təkliflərindən uzaqlaşdıracaq və problemi həll etmək əvəzinə daha da çətinləşdirəcək:
“Dünyanın müxtəlif regionlarındakı təcrübə göstərir ki, sərhədlərin dəyişdirilməsi “Pandora qutusu”nu açmaq kimidir. Qarabağ məsələsində bu yanaşma ən yaxşı halda danışıqları çıxılmaz vəziyyətə salacaq, ən pis halda isə yeni zorakılıq dalğasına səbəb olacaq”.
Eyni zamanda, Telbott vurğulayıb ki, əgər azərbaycanlılar və ermənilər belə bir qərara zor tətbiq etmədən, danışıqlar yolu ilə gəlsələr, o zaman həm Minsk Qrupu, həm də ABŞ bu həll yolunu dəstəkləyə bilər.
Lakin həmin illərdə Ermənistanda hakimiyyətdə olan administrasiya bu ideyanın müzakirəsindən imtina edib. Bu barədə 1997-ci ilin sentyabrına aid diplomatik teleqramların birində qeyd olunur.
Sənədlərə əsasən, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ərazilərin mübadiləsi ideyası Robert Köçəryan və Heydər Əliyevin təkbətək görüşləri sayəsində danışıqlar proqramına daxil olub. Bundan əvvəl vasitəçilərin irəli sürdüyü mərhələli, paket həll variantları və “ümumi dövlət” modelini tərəflərdən biri rədd edib. Danışıqlar dalana dirənəndə, Köçəryan və Əliyev vasitəçilərsiz görüşməyə başlayıblar.
“Azadlıq Radiosu”nun Ermənistan bürosunda olan bir neçə məxfi sənədə görə, amerikalı diplomatlar və onların yüksək rütbəli həmsöhbətləri bildirirlər ki, məhz bu görüşlərin nəticəsi olaraq, 1999-cu ilin sentyabrında Köçəryan prinsip etibarilə Əliyevin ərazilərin mübadiləsi təklifini qəbul edib. Amerika diplomatlarının məlumatına görə, bu razılaşma Ermənistan-Azərbaycan sərhədinin Sədərək hissəsində əldə olunub.
1999-cu ildə Heydər Əliyev və Robert Köçəryan arasında baş tutan bu sayca beşinci görüş nadir rast gəlinən hadisələrdən olub. Çünki məhz bu görüşdən sonra hər iki prezident ictimaiyyət qarşısında kompromislərə hazır olduqlarını açıq şəkildə bəyan ediblər.
“Robert Sedrakoviç və mən qarşılıqlı hansı güzəştlərə gedə biləcəyimizi düşünürük”, – deyə Heydər Əliyev o vaxt bildirib.
“Bəli, qeyd etməliyəm ki, biz məhz kompromislərin dərəcəsini, yəni, belə desək, danışıqlar prosesində atılacaq qarşılıqlı addımları müzakirə etdik”, – deyə Robert Köçəryan əlavə edib.
Prezidentlər görüşdən yüksək əhval-ruhiyyə ilə ayrılıblar və hətta yekun saziş imzalandıqda neçə qoyunun kəsiləcəyini müzakirə ediblər. Lakin məsələnin konkret olaraq hansı yolla həll ediləcəyini açıqlamayıblar.
Məsələnin detalları bu görüşdən sonra Vaşinqtona göndərilmiş diplomatik teleqramdan məlum olub. Teleqramı ABŞ-nin Ermənistandakı və Azərbaycandakı səfirləri hazırlayıb.
“1988-ci ildə münaqişənin başlanmasından bəri sülh perspektivi heç vaxt indiki qədər real olmayıb. Bu, prezidentlər Köçəryan və Əliyevin səyləri nəticəsində mümkün olub”, – amerikalı diplomatlar qeyd edirdilər.
Teleqramda daha sonra bu fakt dəqiqləşdirilib:
“1999-cu ilin aprelində NATO-nun Vaşinqton sammitində prezident Əliyev ərazilərin mübadiləsi təklifini irəli sürdü. Prezident Köçəryan prinsip etibarilə bu ideyanı qəbul etdi və iki lider Əliyevin təklifləri əsasında fəal danışıqlar mərhələsinə daxil oldular”.
Sədərək görüşündən sonra ABŞ-nin vitse-prezidenti Albert Qor tərəflərə məktub göndərərək, “birbaşa dialoq nəticəsində əldə olunan mühüm irəliləyişi” alqışlayıb.
Vitse-prezident məktubunda yazırdı:
“Başa düşürəm ki, bu danışıqlar hər iki tərəfdən ciddi güzəştləri nəzərdə tutur. Lakin eyni zamanda hesab edirəm ki, sizin bu unikal fürsətdən yararlanmaq qərarınız müdrik və cəsarətli addımdır”.
ABŞ prezidenti və dövlət katibi isə Qarabağ məsələsi üzrə dövlət katibinin müavini Strob Telbottu regiona ezam ediblər. O, əvvəlcə Azərbaycan, sonra Ermənistan rəhbərliyi ilə görüşüb və daha sonra Ankaraya yola düşüb.
Türkiyə prezidenti Süleyman Dəmirəllə görüş zamanı Telbott Bakıda bu razılaşmadan çox ruhlandıqlarından və “sazişin bir neçə həftə ərzində İstanbulda keçiriləcək ATƏT sammitində imzalana biləcəyi” ehtimalından danışıb. O, hətta ABŞ prezidentinin və dövlət katibinin qrafikində mümkün imza mərasimi üçün vaxt ayrılmasını xahiş edib.
Lakin Strob Telbott hələ regionu tərk etməmiş Ermənistan parlamentində baş verən qətllər bütün siyasi balansı kökündən dəyişib. 1999-cu il oktyabrın 27-də baş nazir Vazgen Sarkisyan, parlamentin spikeri Karen Dəmirçiyan və daha altı yüksək vəzifəli məmur qətlə yetirilib. Cəmi bir neçə saat ərzində Ermənistanın siyasi mənzərəsi tamamilə dəyişib və bu, təkcə ölkənin gələcək taleyinə deyil, həm də Meğri ilə bağlı əldə edilmiş razılaşmalara ciddi təsir göstərib.
Bu hadisələrlə bağlı bəzi diplomatik sənədlərdə mühüm detallara rast gəlinir.
ABŞ-nin Minsk Qrupundakı həmsədri Kerri Kavanonun göndərdiyi məxfi teleqramlardan birində qeyd edilir ki, 27 oktyabr günorta saatlarında baş nazir Vazgen Sarkisyan prezident iqamətgahında Köçəryan və Əliyev arasındakı razılaşmanı dəstəklədiyini bildirib. Lakin başqa bir sənədə əsasən, həmin gün axşam Ankaraya çatan Telbott prezident Süleyman Dəmirələ Sarkisyan və Köçəryanın planları barədə tam məlumatlı olmadığını deyib:
“Dövlət katibinin müavini prezident Dəmirələ bildirdi ki, onun Köçəryanla görüşü zamanı baş nazir Sarkisyan Köçəryan-Əliyev danışıqlarının bəzi detallarını ilk dəfə eşitdi”.
Telbottun konkret hansı detalları nəzərdə tutduğu teleqramda göstərilməsə də, o, Dəmirələ bildirib ki, Köçəryan Əliyevdən fərqli olaraq daha ehtiyatlı davranırdı və tələsmək istəmirdi.
Parlamentdə baş verən terror aktından bir neçə saat sonra ABŞ dövlət katibinin müavini prezident Dəmirələ belə bir mesaj ötürüb:
“Köçəryanın ehtiyatlı davranmasının səbəblərindən biri odur ki, Moskvanın onun və Əliyevin əldə etdiyi irəliləyiş barədə tam məlumatlı olub-olmadığını bilmir. O, bu məsələni müzakirə etmək üçün noyabrın 5-də Boris Yelsinlə görüşməyə hazırlaşır. Köçəryan Moskvada belə bir təəssüratın yaranmasından narahatdır ki, guya o və ya amerikalılar rusların arxasından iş çevirirlər”.
Bu detalları paylaşarkən Telbott vurğulayıb ki, həm Əliyev, həm də Köçəryan əldə etdikləri razılaşmaların tam məxfi saxlanılmasını istəyiblər. Dəmirəl bu məlumatların otaqdan kənara çıxmayacağına söz verib.
Həmin görüşdə Köçəryan Ermənistanın İranla ticarət əlaqələrinin qorunub saxlanmasının vacibliyini də gündəmə gətirib:
“Köçəryan bildirdi ki, Ermənistan Azərbaycan və ya Türkiyədən dialoq yolu ilə İranla mühüm ticarət əlaqələrini qorumaq üçün bir yol tapmaq istəyir”.
Dəmirəl bu məsələdə razılıq verib və Azərbaycanın da bunu təmin etmək üçün bir yol tapa biləcəyini qeyd edib. Lakin Bakının əlavə güzəştlərə getmək niyyəti olmayıb.
Sədərək görüşündən bir neçə həftə sonra, 1999-cu ilin noyabrında Heydər Əliyev Vaşinqtona nümayəndə heyəti göndərib. Onların tərkibində baş nazir Artur Rəsizadə və Azərbaycanın indiki prezidenti İlham Əliyev də olub.
ABŞ Dövlət Departamentində keçirilmiş görüşlərin stenoqramından aydın olur ki, nümayəndə heyəti məhz ərazilərin mübadiləsi məsələsini müzakirə etmək üçün Vaşinqtona gəlib.
“Əliyev və Rəsizadə bildirdilər ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankında müsbət görüşlər keçiriblər və hər iki qurum Ermənistanla Azərbaycan arasında sülh sazişinin həyata keçirilməsinə operativ dəstək verməyə hazır olduqlarını açıq şəkildə bildiriblər”.
İlham Əliyev həmin dövrdə ABŞ tərəfini əmin edirdi ki, Azərbaycan məsələnin mümkün qədər tez həllini istəyir. O, eyni zamanda narahatlığını ifadə edərək, müxalifətin yaydığı şayiə və şübhələrin ölkə daxilində hökumətin mövqeyini zəiflətməsindən şikayətlənirdi:
“Əliyev bildirdi ki, Azərbaycan xalqı getdikcə daha çox narahat olur. Onlar anlayırlar ki, nəsə baş verir, amma detallar barədə məlumatsızdırlar. Bu arada isə müxalifət vəziyyətdən spekulyativ şəkildə istifadə edir”.
Azərbaycan tərəfi güman edirdi ki, Ermənistan prosesi ləngitmək üçün Moskvanın göstərişlərini yerinə yetirir. Lakin ABŞ dövlət katibinin müavini bu şübhələri rədd edərək bildirib ki, əsas səbəb Ermənistanın daxili siyasi vəziyyətidir. Onun sözlərinə görə, 27 oktyabr terror aktından sonra Köçəryanın cəsarətli qərarlar verməsi üçün dəstək qazanmağa ehtiyacı vardı.
Dövlət Departamentinin məxfi sənədində aparılan müzakirələrin bir hissəsi belə təsvir olunur:
“İlham Əliyev bildirdi ki, Qarabağ ermənisi olan Köçəryan üçün Meğri bölgəsindən imtina etməyin çox çətin olduğunu başa düşür”.
Bir neçə ay sonra bu məsələ artıq ABŞ dövlət katibi Madlen Olbrayt və Rusiyanın xarici işlər naziri Sergey İvanov səviyyəsində müzakirə olunub. Olbrayt Moskvanı inandırmağa çalışıb ki, bu razılaşma regionun təhlükəsizliyi üçün faydalıdır. Buna cavab olaraq İvanov eyni arqumenti gətirərək vurğulayıb ki, okyabrın 27-dən sonra Köçəryanın siyasi mövqeyi xeyli zəifləyib.
“İvanov bildirdi ki, o, həm Köçəryan, həm də Əliyevlə bu məsələləri uzun-uzadı müzakirə edib. Köçəryan bu razılaşmanın bağlanması üçün əvvəlcə daxili sabitliyin təmin edilməsinin vacibliyini səmimi şəkildə ifadə edib. O, artıq 27 oktyabr hadisələrindən əvvəlki kimi güclü dəstəyə malik olmadığını düşünür. Bu razılaşma nəticəsində Yerevanın daha çox ərazi əldə etməsinə baxmayaraq, onlar hesab edirlər ki, nəticədə üç tərəfdən türklər və onların yaxın qohumları tərəfindən mühasirəyə alınmış vəziyyətdə qalırlar, üstəlik Gürcüstandakı vəziyyət də hələ sabit deyil”.
Bu razılaşmaya əsasən, Ermənistan tərəfi Laçın istisna olmaqla Qarabağ ətrafındakı bütün əraziləri tərk etməli idi.
Keçmiş tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın Təhlükəsizlik Şurasının katibi Samvel Babayan 2019-cu ildə bildirib ki, belə bir təklif onun xəbəri olmadan müzakirə oluna bilməzdi.
“Məndən sonra heç kim danışıqlar aparmayıb, torpaqları biz tərk etməliydik, amma mənə heç nə deməyiblər”, – deyə o iddia edib.
Lakin ABŞ Dövlət Departamentinin sənədləri göstərir ki, vasitəçilər Qarabağdakı tanınmamış rejimi də məlumatlandırmağa çalışıblar. 1999-cu ilin dekabrında, Sədərəkdə keçirilmiş görüşdən təxminən iki ay sonra Minsk Qrupu Azərbaycan prezidenti Heydər Əliyevin tələbi ilə Xankəndiyə gedərək Qarabağ ermənilərinin bu tənzimləmə variantına razı olduğunu təsdiqləyib. Bir neçə gündən sonra ABŞ-nin Minsk Qrupunun həmsədri Keri Kavano görüşün detallarını Vaşinqtona göndərib.
"Arkadi Qukasyan dərhal təsdiqlədi ki, o, Köçəryan-Əliyev sazişini tam dəstəkləyir və mən bunu Azərbaycan prezidentinə çatdıracağımı vəd etdim".
Diplomatik teleqramlara əsasən, həmin dövrdə vasitəçilər beynəlxalq donorlarla işləyərək, sazişin imzalanmasından sonra ərazilərin bərpası və insanları köçürmə planı hazırlamağa başlayıblar. Minsk Qrupunun fransalı həmsədri hətta Dünya Bankının regionun ehtiyaclarını qiymətləndirmək üçün ziyarət təşkil etməsinin nə vaxt məqsədəuyğun olacağına maraq göstərib. Qukasyan cavab olaraq nə qədər tez olsa, bir o qədər yaxşı olduğunu bildirib və eyni zamanda məlumatları gizli saxlayacağına söz verib:
"O, nəticəyə nail olmaq üçün bunun həyati əhəmiyyət kəsb etdiyini düşünərək, tam gizliliyə riayət edəcəyini söylədi. Çıxışını tamamlayaraq, Qarabağın vəziyyətinin qəbulolunmaz olduğunu və uzun müddət belə davam edə bilməyəcəyini, sülh və inkişafa ehtiyac olduğunu vurğuladı".
Diplomatik sənədlər həmçinin göstərir ki, oktyabrın 27-dən sonra Ermənistan prezidenti daha çox daxili qeyri-sabitlikdən və İranla sərhədi qorumaq ehtiyacından bəhs edib, əlavə vaxt istəyib.
Dövlət Departamentinin sənədlərinə görə, 2000-ci ilin yanvar ayına qədər Robert Köçəryan Davosda Əliyevlə şəxsi görüş zamanı Azərbaycanın nümayəndəsi və həmsədr ölkələr üçün gözlənilməz olan yeni bir təklif irəli sürüb. Bu barədə Heydər Əliyev 2000-ci ilin fevralında ABŞ-nin Azərbaycandakı səfiri Stenli Eskuderoya məlumat verib.
“Ermənistan-İran sərhədinin fövqəladə əhəmiyyətini vurğulayan Köçəryan Türkiyə 1915-16-cı illərin soyqırımını müzakirə etməyə razılaşarsa, əvvəlcə Naxçıvanda razılaşdırıldığı kimi, Meğrinin təhvil verilməsini və bu sərhədin itirilməsini təklif edib”.
Əliyev etiraz edərək bildirib ki, soyqırım məsələsi heç vaxt Azərbaycan-Ermənistan gündəliyinin bir hissəsi olmayıb və bu mövzunu Türkiyə qarşısında qaldıra bilməz. Bu, eyni zamanda, amerikalı diplomata Ermənistan tərəfinin İranla sərhədi o qədər də həyati əhəmiyyət kəsb etmədiyini söyləmək imkanı verib.
“Əgər Köçəryan soyqırımın tanınması müqabilində ondan imtina etməyə hazırdırsa, Meğri prinsip məsələsi deyil, sövdələşmə mövzusudur”.
Köçəryanın faktiki olaraq bu sualı qaldırdığını Minsk Qrupunun amerikalı həmsədri Keri Kavanonun keçmiş tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın prezidenti Arkadi Qukasyanla görüşdən sonra göndərdiyi teleqram da sübut edir.
“Yerevandan telefonla məlumat aldıqdan sonra Qukasyan Köçəryanın arqumentlərini təkrarladı və Ermənistan Türkiyəni ermənilərin soyqırımla bağlı narahatlığını etiraf etməyə məcbur edənədək vaxt lazım olduğunu bildirdi”.
Lakin həmin teleqramda amerikalı həmsədr ermənilərin hesablamalarının əsassız və səhv olduğunu qeyd edib. “Türklər sərhədləri açmaq və əlaqələr qurmaq vədindən kənara çıxmayacaqlar”.
Eyni sözləri ABŞ dövlət katibi Madlen Olbrayt 2000-ci il fevralın 1-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey İvanovla görüşündə bildirib.
“Dövlət katibi deyib ki, o, Əliyevə və Köçəryana sülhə nail olmaq fürsətini əldən verməməli olduqlarını çatdırıb. Ankara indi daha açıq və dəstəkləyici siyasət yürüdür, lakin heç vaxt erməni vəsvəsəsi olan soyqırım üçün üzr istəyəcək qədər uzağa getməyəcək”.
2021-ci il seçki kampaniyası zamanı Robert Köçəryan bildirib ki, öz kitabında Meğri məsələsinin necə müzakirə edildiyini çox aydın şəkildə təsvir edib.
Lakin onun avtobioqrafiyasında qapalı danışıqlardan və sövdələşmələrdən bəhs edilmir. Köçəryan həm 2000-ci illərdə, həm də vəzifədən getdikdən sonra bir şeyi vurğulayıb: Minsk Qrupu belə bir təklif irəli sürməyib.
“Üç təklif var idi: “Ümumi dövlət” (1998), Ki-Uest (Əliyev bunu rədd etdi) və Madrid prinsipləri”.
Kağız üzərində üç variant ola bilərdi, amma fakt faktlığında qalır ki, 1998-ci ildəki ilk təkliflə 2001-ci il Ki-Uest təklifinə qədər Köçəryan və Əliyev vasitəçilərsiz ən azı on təkbətək görüş keçiriblər.
Açıqlanan məxfi sənədlər təsdiq edir ki, onlar ərazi mübadiləsinin öz versiyasını və onun modifikasiyalarını müzakirə ediblər.
ABŞ Köçəryanın 2000-ci ildə Rusiyada keçiriləcək seçkilərdə Putinin mümkün qələbəsini gözləyəcəyini proqnozlaşdırmışdı. Bununla belə, Köçəryanın özü də əvvəldən və qeyd-şərtsiz ərazilərin dəyişdirilməsi ideyasını rədd etdiyini ardıcıl olaraq bəyan edib.
Prosesin əvvəlində danışıqlardan yalnız Amerika tərəfi xəbərdar idisə, aylar sonra bu razılaşma Minsk Qrupunun üç həmsədr ölkəsinin rəsmi görüşlərində artıq müzakirə olunurdu. Məsələn, 2000-ci ilin martında dövlət katibinin müavini Strob Telbottun başçılıq etdiyi amerikalı diplomatlar Fransa Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə direktoru Jerar Herrera ilə görüşüblər və digər mövzularla yanaşı, bu məsələni də müzakirə ediblər.
“Xüsusi elçi Stiv Sestanoviç Minsk Qrupu həmsədrlərini regionda məskunlaşma və yenidənqurma ehtiyaclarını qiymətləndirmək üçün missiya təşkil etməklə bağlı aprel ayında Cenevrədə müvafiq beynəlxalq aktyorlarla görüşməyə çağırıb. Sestanoviç qeyd edib ki, Köçəryan aydın şəkildə problemi həll etmək istəyir. Herrera cavab verib ki, İranla əlaqələr problemini nəzərə alınmasa, bu razılaşma onun maraqlarına uyğundur”.
Bir neçə il əvvəl bu mövzuya münasibət bildirən Robert Köçəryan da iddia etmişdi ki, onun prezidentliyi dövründə Türkiyə bu məsələdə yer almayıb.
Əslində isə belə olmayıb. Türkiyə ilk gündən prosesin içində idi. Bağlı qapılar arxasında ərazilərin mübadiləsi ideyasını 1992-ci ildə Ankara təklif etmişdi. Üstəlik, Köçəryanın prezidentliyi dövründə Ankara onun Heydər Əliyevlə təkbətək danışıqlarından xəbərdar idi və ona nəzarət edirdi. Məsələn, 1999-cu ildə Türkiyə prezidenti birbaşa ABŞ dövlət katibinin müavininə deyib ki, o, Heydər Əliyevlə pərdə arxasında işləyir və ona məsləhətlər verir.
"Dəmirəl dedi ... ki, iki liderin öz paytaxtlarına belə bir razılaşmanı “satması” çətin olacaq və o, Əliyevə tövsiyə etdi ki, Minsk Qrupuna iki prezidentin təklifini təqdim etsin, bununla da hər iki parlament bunu Minsk Qrupunun təklifi kimi qəbul etsin".
2000-ci ilin yazında ABŞ-nin xüsusi nümayəndəsi Sestanoviç Köçəryanın Rusiyada keçiriləcək prezident seçkilərinə böyük önəm verdiyini və Putinin gözlənilən qələbəsindən sonra irəli getmək istədiyi fikrini dilə gətirib.
Lakin Ermənistanın həm o dövrdə, həm də uzun illər sonra ikinci prezidenti israrla bildirib ki, o, ərazilərin dəyişdirilməsi ideyasını əvvəldən və qeyd-şərtsiz rədd edib.
"Burada yalnız kommunikasiya məsələsi müzakirə olunurdu, ərazi mübadiləsi variantı heç vaxt masada olmamışdı. Məsələn, prinsip müzakirə olunurdu: ərazi mübadiləsi qəbul edilə bilərmi? Cavab verirsən "xeyr", çünki İranla olan strateji sərhəd itirilir. Vəssalam, bu məsələ bağlanır. Mən torpaqları Ermənistan torpaqları ilə dəyişmirəm", — o, 16 fevral 2008-ci ildə televiziya kanallarından birinə verdiyi müsahibəsində bildirib.
Bununla belə, sual açıq qalır: əgər belə bir məsələ heç vaxt müzakirə olunmayıbsa, Ermənistan tərəfi niyə sonradan imtinaya haqq qazandırmaq üçün bəhanələr axtarırdı? Belə bir söhbətin baş verməsi barədə Amerika tərəfinə 2000-ci ilin fevralında Rusiya xarici işlər nazirinin müavini Qriqori Berdennikov Bakı və Yerevana səfərlərindən sonra məlumat vermişdi.
“Köçəryan ona dedi ki, əgər Dəmirçiyan və Sarkisyan sağ olsaydılar, o, bu razılaşmanı irəlilədə bilərdi, amma onlarsız bu, mümkün deyil. Bu sazişə tənqidlər siyasi spektrin sağ qanadından və əvvəlki prezident Ter-Petrosyanın tərəfdarlarından gəlməkdədir. Berdennikov da dedi ki, Köçəryan ona sərhəd boyunca İranla əlaqə olsaydı, o, bu sazişi bağlaya bilərdi, digər halda bunun əhəmiyyəti yoxdur, deyə bildirib. Türkiyəyə gəldikdə isə, Köçəryan dedi ki, Türkiyənin soyqırımı müzakirə etməkdən imtina etməsini Bakı qarşısında bu razılaşmadan imtina etmək üçün bəhanə kimi istifadə edir”.
Elə həmin günlərdə həmsədr ölkələrin yüksək rütbəli diplomatları Vaşinqtonda, Parisdə və Moskvada Köçəryanın ilkin razılaşmalardan niyə geri çəkildiyini müzakirə edərkən, Ermənistanın xarici işlər naziri Yerevanda təkid edib:
“Ərazilərin mübadiləsi təklifi səsləndi, lakin Ermənistan tərəfi bunu qəbul etmədi və rəsmi olaraq qeyd etmədi”.
Düz 25 il sonra, bu ilin əvvəlində Vardan Oskanyan, nəhayət, etiraf edib ki, erməni tərəfi bu istiqamətdə işləyir.
“Bu təklif 1999-cu ildə Cenevrə görüşündə Əliyevdən gəlib. Bu görüşdə Köçəryan, mən və Vazgen iştirak edirdik, lakin görüş təkbətək keçirildi, Vazgenlə mən iştirak etmədik. Köçəryan bu görüşdən çıxanda dedi ki, Əliyev belə bir təkliflə çıxış edib. İlk reaksiyamız belə oldu: Əliyev Qarabağdan əl çəkməyə hazırdır, diqqət buna yönəldi. O günlərdə mən xarici işlər naziri kimi Köçəryan və Vazgen Sarkisyandan aydın göstəriş almışdım - Ermənistan torpağının bir qarışını belə vermədən Əliyevin Qarabağı təhvil verməyə hazır olmasından istifadə etməyə çalışmaq. Bu proses bizi Ki-Uestə gətirib çıxardı”, – Oskanyan deyir.
Diplomatlardan alınan məlumatlara görə, Ki-Uest versiyasına əsasən, artıq Sədərəkdə əldə edilən razılaşmanın dəyişdirilmiş versiyası masada idi. Bu versiyaya görə, Azərbaycanın Naxçıvanla əlaqə qurması üçün Meğri əvəzinə "suveren dəhlizlər" verilirdi. Beynəlxalq böhran qrupunun məlumatına görə, 2005-ci ildə Yerevanda Ermənistan hakimiyyəti onlara bu razılaşmanın qeyri-rəsmi layihəsini göstərib, burada ikinci bənddə Qarabağın Ermənistanın suverenliyi altına veriləcəyi qeyd olunub. Lakin bu sənəd həyata keçirilməyib: Ki-Uestə getməzdən əvvəl Heydər Əliyev ABŞ səfirinə deyib ki, yalnız bir şərtlə razılaşa bilər - Naxçıvan tam olaraq Azərbaycanın tərkibinə daxil olarsa.
“Azərbaycan prezidenti dedi ki, Köçəryan Meğri bölgəsinin verilməsi ilə bağlı müxtəlif variantları nəzərdən keçirməyi təklif edib. Əliyev isə cavab olaraq bildirdi ki, Naxçıvanın Azərbaycanın tərkibinə birləşdirilməsini təmin etməyən heç bir variantı nəzərdən keçirə bilməz”.
Hələ 1997-ci ildə ABŞ-də jurnalistin sualına cavab verərkən, Heydər Əliyev iddia etmişdi ki, Naxçıvan ilə Azərbaycanın qərb rayonlarını ayıran 46 kilometrlik Sünik ərazisi əvvəllər Azərbaycana məxsus olub.
“SSRİ yarandıqdan sonra Stalin bu ərazini Ermənistana hədiyyə edib ki, Azərbaycanı iki hissəyə bölsün”, – o deyib.
2000-ci illərdə müvəffəqiyyət əldə edə bilməyən Bakı İkinci Qarabağ Müharibəsindən sonra Ermənistan ərazisindən Naxçıvanla birləşmə tələbinə yenidən qayıdıb.
“Müəyyən edilib ki, Naxçıvan Muxtar Respublikası Azərbaycana birləşdirilməlidir. Mən bu məsələdə təkid etdim, baxmayaraq ki, bunun Qarabağ münaqişəsi ilə heç bir əlaqəsi yoxdur, amma şadam ki, mənim tələbim qəbul olundu”, – İlham Əliyev 2020-ci il noyabrın 8-də deyib.
Əliyevin bu tələbi konkret olaraq müharibənin başa çatması ilə bağlı sənədə necə daxil etdiyi, ondan əvvəl və sonra hansı qapalı müzakirələrin getdiyi məlum deyil.
Ermənistan hökuməti faktiki olaraq Minsk Qrupunun buraxılmasına razılıq versə də, Qarabağ üzrə 30 ildən artıq davam edən danışıqların məxfiliyi hələ də qüvvədə qalır. 2024-cü ilin dekabrında Ermənistan hökuməti “Azadlıq Radiosu”nun Ermənistan bürosunun sorğusuna cavab olaraq bildirib ki, sənədlər hazırda inventarlaşdırılır və onların məxfilikdən çıxarılması məsələsi hələ müzakirə edilməməlidir.