Xaricdə yaşayan azərbaycanlı vətəndaş cəmiyyəti nümayəndələri Avropa Parlamentinin Prezidenti Roberta Metsolaya müraciət edərək Azərbaycanda insan haqlarının vəziyyətindən narahatlıqlarını bildiriblər. Onlar Aİ-dən Bakıya münasibətdə daha prinsipial və şərtli siyasət yürütməyi tələb edirlər.
“Meydan TV”nin məlumatına görə, müraciətdə qeyd olunub ki, Azərbaycanda media, siyasi müxalifət və vətəndaş cəmiyyətini zəiflətməyə və aradan qaldırmağa yönəlmiş sistemli repressiya qurulub. Müəlliflər bildirib ki, hazırda ölkədə 400-dən çox siyasi məhbus var və bu, Azərbaycanın Avropa Şurasına üzv olduğu dövrdə ən yüksək göstəricidir.
Məktubda xatırladılıb ki, jurnalistlərə, ictimai-siyasi fəallara və müxalifət təmsilçilərinə qarşı, əsasən, vergi ittihamları irəli sürülür, hazırda 30-dan çox jurnalist həbsdə saxlanılır. “Meydan TV”, “Toplum TV”, “Abzas Media”, “Kanal 13” kimi müstəqil media qurumlarının fəaliyyətinə müxtəlif məhdudiyyətlər tətbiq olunduğu, “Turan” İnformasiya Agentliyi və BBC Azərbaycan xidmətinin ofisinin zorla bağlandığı, “Bloomberg” xəbər agentliyinin akkreditasiyasının ləğv edildiyi qeyd edilib.
Müraciətdə əsas müxalifət partiyalarından sayılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin həbsi, eləcə də bir sıra siyasi fəalların, dini inanclı şəxslərin və hüquq müdafiəçilərinin azadlıqdan məhrum edilməsi xüsusi vurğulanıb.
Fəallar Aİ rəhbərliyini tənqid edərək xatırladıblar ki, 2025-ci ilin aprelində Bakıya səfəri zamanı Avropa İttifaqının Ali Nümayəndəsi Kaya Kallas Azərbaycanla enerji əməkdaşlığını yüksək qiymətləndirsə də, insan hüquqları məsələlərini açıq şəkildə gündəmə gətirməyib:
“Bu susqunluq Azərbaycanda belə qəbul edilib ki, repressiyaların daha da sərtləşdirilməsi hər hansı real nəticə doğurmayacaq. Bu isə Aİ-nin Belarus və Gürcüstandakı proseslərə verdiyi sərt və prinsipial reaksiyalarla tam ziddiyyət təşkil edir”, - deyə məktubda vurğulanıb.
Müraciətdə Avropa Parlamentinin 2024-cü ilin oktyabr və dekabr aylarında qəbul etdiyi qətnamələr alqışlanıb. Həmin sənədlərdə insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan yüksək vəzifəli Azərbaycan rəsmilərinə qarşı hədəfli sanksiyaların tətbiqi çağırışı dəstəklənib.
Bununla belə, müəlliflər qeyd ediblər ki, bu tövsiyələri Avropa Komissiyası və Aİ Xarici Fəaliyyət Xidməti icra etməyib, nəticədə Azərbaycan vətəndaş cəmiyyəti “tamamilə təcrid və müdafiəsiz vəziyyətdə” qalıb:
“Bu səbəbdən biz Avropa Parlamentindən xahiş edirik ki, Azərbaycanla Aİ münasibətləri üçün insan hüquqları meyarlarına əsaslanan aydın yol xəritəsi qəbul etsin, yeni tərəfdaşlıq sazişi üzrə irəliləyişi siyasi məhbusların azadlığı, QHT və media qanunlarında islahatlar və beynəlxalq qurumlarla əməkdaşlıq şərtlərinə bağlasın”, – deyə məktubda yazılıb.
Vətəndaş cəmiyyəti nümayəndələri bunun təcili məsələ olduğunu bildiriblər. Məktubda qeyd edilib ki, Azərbaycanda müstəqil vətəndaş cəmiyyəti və media “demək olar ki, mövcud deyil”, sürgündə yaşayan fəalların durumları ağırlaşıb, ABŞ-dən dəstəyin zəiflədiyi bir şəraitdə Aİ “yeganə real təsir imkanına malik aktor” kimi qalır:
“Avropa Parlamentinin prinsipial mövqeyi regiona və Azərbaycan hakimiyyətinə mühüm mesaj verəcək: Aİ üçün insan hüquqları və hüququn aliliyi danışıqsız dəyərdir”.
Hüquq müdafiəçilərinin hazırladığı siyahıya görə, hazırda ölkədə 392 siyasi məhbus var.
Azərbaycan hakimiyyəti isə ölkədə siyasi məhbusların olduğunu qəti şəkildə rədd edir. Rəsmi qurumlar bildirirlər ki, heç kəs siyasi baxışına və ya fərqli düşüncəsinə görə deyil, yalnız konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunur.