“Toplum TV işi”: Ələsgər Məmmədlinin halı pisləşib, Əli Zeynal Hikmət Hacıyevin şahid kimi çağırılmasını tələb edib

“Toplum TV işi”: Ələsgər Məmmədlinin halı pisləşib, Əli Zeynal Hikmət Hacıyevin şahid kimi çağırılmasını tələb edib
9 Dekabr 2025
Mətni dəyiş

Dekabrın 8-də “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan iclasda şahidlərin dindirilməsi davam edib.

“Toplum TV”nin məlumatına görə, proses zamanı təqsirləndirilən şəxslərdən qurumun həmtəsisçisi, media eksperti Ələsgər Məmmədlinin halı pisləşib. Onun təzyiqi yüksəlib və ürəyində narahatlıq yaranıb. Məhkəmə zalına çağırılan həkim Ələsgər Məmmədlini müayinə edib, ona dərman preparatı verib.

İclasda “Toplum TV” jurnalisti Fərid İsmayılov Milli Məclis üzvlərinin məhkəməyə şahid qismində çağırılması üçün vəsatət qaldırıb. O bildirib ki, indiyədək dindirilən şahidlər onu sadəcə jurnalist kimi tanıdıqlarını deyiblər, bu halda İsmayılovun müsahibə aldığı deputatlar da məhkəmədə dindirilə bilər.

“İstintaq orqanı 49 nəfəri dindirib. Barəmdə nəyi öyrənib, nəyi tapıb? Heç nəyi. Şahidlər heç nəyə şahid olmayıblar. Sadəcə məni tanıdıqlarını, müsahibə aldığımı, reportajlarımı izlədiklərini bildiriblər. Kimisə tanımaq niyə cinayət sayılmalıdır ki? Onda xalq artistlərini də tutsunlar, insanlar onları da tanıyır”, - İsmayılov deyib.

Təqsirləndirilənlərdən Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal da hakimə vəsatət təqdim edərək Prezidentin xarici işlər üzrə köməkçisi Hikmət Hacıyevin iş üzrə şahid qismində istintaqa cəlb olunmasını tələb edib. Zeynal bildirib ki, 2024-cü ilin sonlarında, istintaqın davam etdiyi dövrdə Hikmət Hacıyev COP29 zamanı jurnalist Fərid İsmayılovun suallarını cavablandırarkən bu iş üçün əhəmiyyətli iddialar səsləndirib:

“Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev istintaqı davam edən bizim təqsirsizlik prezumpsiyamızı pozaraq bildirmişdi ki, “ToplumTV” cinayətkar təşkilatdır və “Toplum TV” əməkdaşlarının törətdikləri cinayətlərlə bağlı onun əlində təfsilatlı statistik məlumatlar var. Yəni, bu şəxs iddia edilən çirkli pulların məbləğləri ilə bağlı bütün zəruri məlumatlara malikdir.

Qeyd etdiyim faktı və dindirilmiş şahidlərdən heç birinin törədilmiş cinayətlərlə bağlı məlumatlı olmamasını nəzərə alaraq ərz edirəm ki, daşıdığı məlumatlar istintaq üçün açar mahiyyətində olan Hikmət Hacıyev bu iş üzrə şahidlər siyahısına əlavə edilsin və müvafiq qaydada məhkəməyə dəvət olunsun. Qeyd olunan şəxsin məhkəmədə iştirakı iddia etdiyi məlumatları hansı mənbədən əldə etdiyinin üzə çıxarılması baxımından mütləqdir”.

Növbəti proses dekabrın 15-nə təyin olunub. Məhkəmə iclasının məhkəməyə gələ bilməyən şahidlərin onlayn dindirilməsi ilə davam edəcəyi bildirilir.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər cinayət məsuliyyətinə cəlb olunub. III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun qurucu üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı isə əvvəl ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

Həbs olunanlar əvvəl qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittihamların ağırlaşdırıldığı bildirilir. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, həbslərinin siyasi sifarişlə həyata keçirildiyini bəyan edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun