RSF-nin illik hesabatı: Azərbaycanda həbsdə olan 25 jurnalistdən 20-si son bir ildə saxlanılıb

RSF-nin illik hesabatı: Azərbaycanda həbsdə olan 25 jurnalistdən 20-si son bir ildə saxlanılıb
9 Dekabr 2025
Mətni dəyiş

RSF-nin 2025-ci il üzrə illik yekununa görə, hazırda dünyanın 47 ölkəsində 503 jurnalist həbsdə saxlanılır. Təşkilat Azərbaycanda 25 jurnalistin həbsdə olduğunu, onlardan 20-sinin son bir ildə saxlanıldığını bildirir
 
Sərhədsiz Reportyorlar (RSF) Təşkilatı jurnalistlərə qarşı zorakılıq və təzyiq halları üzrə illik yekun hesabatını təqdim edib. Hesabat 2024-cü il dekabrın 1-dən 2025-ci ilin eyni tarixinədək dövrü əhatə edir.
 
Təşkilat bildirib ki, hesabat il ərzində toplanmış məlumatlara əsaslanır və hər bir jurnalistin ölümünün, həbsinin və ya oğurlanmasının birbaşa jurnalist fəaliyyəti ilə əlaqəli olduğunu dəqiqləşdirməyə imkan verir. Hesabata həm peşəkar, həm də qeyri-peşəkar jurnalistlər, eləcə də media işçiləri ilə əməkdaşlıq edən şəxslər daxil edilib.
 
RSF-nin qiymətləndirməsinə görə, 1 dekabr 2025 tarixinə 503 jurnalist dünyanın 47 ölkəsində həbsdə saxlanılır. Təşkilat bu göstəricini qlobal miqyasda mətbuata təzyiqin sistemli şəkildə davam etdiyini göstərən ən narahatedici əlamətlərdən biri kimi təqdim edib.
 
Hesabatda Azərbaycanla bağlı xüsusi qeyd olunub ki, ölkədə hazırda 25 jurnalist həbsdədir və onlardan 20-si 1 dekabr 2024-dən sonra saxlanılıb. RSF bu həbsləri mətbuata qarşı daha geniş basqı dalğasının tərkib hissəsi kimi qiymətləndirib.
 
Təşkilat bu bölmədə “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızının məhkəmədə səsləndirdiyi fikirləri sitat gətirib. O, özü və daha altı həmkarı 7-9 il həbs cəzasına məhkum edilərkən deyib:
 
“Bizim həbslərimiz İlham Əliyev və onun yaxın çevrəsinin korrupsiya cinayətlərini ifşa etdiyimiz üçün bizi [jurnalistikadan] uzaqlaşdırmaq məqsədi daşıyırdı”.
 
RSF bu məhkəməni ədalətsiz və siyasi motivli kimi qiymətləndirib, ittihamların “xarici valyutanın qaçaqmalçılığı” kimi saxta əsaslarla qurulduğunu bildirib.
 
Qlobal mənzərədə RSF-nin məlumatına görə, həbsdə olan jurnalistlərin sayına görə Çin 121 jurnalistlə birinci yerdədir. Myanma (47) və Rusiya (48) isə ən böyük “jurnalist həbsxanaları” üçlüyünü tamamlayır. Rusiya bu il ikinci yerə yüksəlməklə yanaşı, dünyada ən çox xarici jurnalist saxlayan ölkə kimi də göstərilir: 26 xarici jurnalist. Bundan sonra 20 jurnalistlə İsrailin adı çəkilir.
 
RSF yazıb ki, 1 dekabr 2025-ci ilədək İsrailin saxladığı 20 fələstinli jurnalist ölkəni yenidən dünyada jurnalistləri ən çox həbs edən ilk 10 dövlət sırasına qaytarıb. Bu jurnalistlərin 16-sı son iki ildə Qəzza və İordan çayının qərb sahilində saxlanılıb. Təşkilat oktyabrın 13-də imzalanan atəşkəs razılaşması çərçivəsində yalnız üç jurnalistin azad edildiyini bildirib.
 
Hesabat Cənubi Qafqazda narahatlıq doğuran başqa bir nümunəyə də diqqət çəkib. Gürcüstanda jurnalist, “Batumelebi” və “Netgazeti”nin həmtəsisçisi Mzia Amaqlobelinin 2025-ci ilin yanvarında saxlanıldığı və avqustun 6-da iki il həbs cəzası aldığı xatırladılıb. RSF bu işi Gürcüstanda avtoritar meyllərin güclənməsinin simptomu kimi təqdim edib və Amaqlobelinin müstəqillikdən sonra siyasi motivlərlə həbs olunan ilk qadın jurnalist olduğunu vurğulayıb.
 
RSF-nn baş direktoru Tibo Brüttin mətbuat azadlığına qarşı zorakılığın hər il təkrarlanmasını beynəlxalq ictimaiyyətin iradə zəifliyi ilə izah edib. O, hökumətlərin real qoruyucu ictimai siyasətlər həyata keçirmək əvəzinə çox vaxt bəyanatlarla kifayətləndiyini, beynəlxalq institutların isə jurnalistlərin qorunması ilə bağlı mexanizmləri səmərəli icra etdirmək qabiliyyətini itirdiyini qeyd edib. Brüttin həmçinin jurnalistlərin ölüm və həbs hallarının qaralama kampaniyaları ilə legitimləşdirilməyə çalışıldığını bildirərək bu düşmənçilik mühitinin ağır nəticələrə yol aça bildiyini vurğulayıb.
 
Bu kontekstdə RSF-nin mövqeyi belə ifadə olunub:
 
“Jurnalistlər həyatlarını jurnalistika üçün qurban vermirlər - onların həyatı alınır. Jurnalistlər sadəcə ölmür, öldürülür”.
 
RSF-nin 2025 yekununa görə, son bir ildə peşə fəaliyyəti ilə bağlı 67 media nümayəndəsi öldürülüb. Bu qətllərin təxminən yarısının (43 faiz) Qəzzada İsrail ordusunun hücumları nəticəsində baş verdiyi qeyd olunur. Ümumilikdə öldürülənlərin 79 faizi müharibə və ya təşkilatlanmış cinayətkarlığın qurbanı olub.
 
Təşkilat Qəzzanı 2025-ci ilin ən ölümcül bölgəsi kimi təqdim edib və 7 oktyabr 2023-dən bu yana Qəzza zolağında təxminən 220 jurnalistin öldürüldüyünü bildirib. Hesabat dövründə - 2024-cü ilin dekabrından 2025-ci ilin dekabrına qədər - ən azı 29 fələstinli jurnalistin peşə fəaliyyəti ilə bağlı öldürüldüyü qeyd olunub.
 
RSF Meksikada 2025-ci ili son üç ilin ən ölümcül ili adlandırıb və prezident Klaudia Şeinbaumun hakimiyyətdə olduğu ilk ildə 9 jurnalistin öldürüldüyünü yazıb. Ukraynada isə Rusiya ordusunun hədəfli hücumlarının davam etdiyi, bir ay ərzində 3 jurnalistin FPV dron hücumları ilə öldürüldüyü bildirilib.
 
Hesabata görə, 1 dekabr 2025-ci il tarixinə 20 jurnalist dünyanın dörd ölkəsində girov saxlanılır. 2025-in sonuna qədər dünyada 135 jurnalist 37 ölkədə itkin sayılır; bu göstəricinin xüsusilə Suriya və Meksikada kəskin yüksəldiyi qeyd olunub.
 
RSF-nin 2025-ci il yekun hesabatı jurnalistlərin dünya miqyasında həm müharibələrdə, həm avtoritar rejimlər və cinayət şəbəkələri qarşısında getdikcə daha həssas vəziyyətə düşdüyünü göstərir. Qəzzada kütləvi qətllər, Meksikada təşkilatlanmış cinayətkarlığın artan təzyiqi, Rusiyada və Çində sistemli həbs dalğaları, Yəmən və Suriyada girovluq və itkinlik halları bu mənzərənin əsas xəttini təşkil edir.
 
Bu fonda Azərbaycanda 25 jurnalistin həbsdə olması və 20 nəfərin son bir il ərzində saxlanılması RSF-nin hesabatında xüsusi narahatlıq doğuran göstəricilərdən biri kimi təqdim olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun