Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Qarabağ məsələsi hələ 1996-cı ildə faktiki olaraq həll edilib, sadəcə Ermənistan cəmiyyətinə bu barədə açıq şəkildə deyilməyib. O, bunu dekabrın 3-də parlamentdə hökumət saatı zamanı çıxışında bildirib.
Paşinyanın sözlərinə görə, illər boyu aparılan danışıqlar prosesi ümumiyyətlə Qarabağ probleminin həllinə yönəlməyib:
“Bütün Qarabağ danışıqlar prosesi heç vaxt, bir saniyə, bir an belə Qarabağ probleminin həllinə yönəlməyib. Bütün danışıqlar prosesi Ermənistanı və müəyyən mənada Azərbaycanı tələdə saxlamağa xidmət edib və başqa məqsədi olmayıb. Məqsəd Qarabağ problemini həll etmək deyil, Ermənistan Respublikasını müstəqil dövlətə çevrilmək imkanından məhrum etmək idi”.
O, bunun etiraf edilməsinin çətin olduğunu, amma irəliləmək üçün zəruri saydığını deyib və Ermənistanın “geosiyasi tələdən çıxması” barədə əvvəlki fikirlərini xatırladıb:
“Dedim ki, Ermənistanın geosiyasi tələdən çıxmasından, sülhün qurulmasından danışıram. Bu gün səslənən “vətənpərvər” narahatlıqlar əslində tam başqa şeydən xəbər verir - onlar Ermənistanın yenidən o tələyə qaytarılmasını istəyir, başqa heç nəyi yox”.
Paşinyan indiki mərhələdə Ermənistanın dövlətçiliyinin gücləndiyini iddia edir:
“Bu gün biz dövlət kimi heç vaxt olmadığımız qədər dövlətik, heç vaxt olmadığımız qədər suverenik, heç vaxt olmadığımız qədər müstəqilik. Ermənistan Respublikası son 500 ildə tarixinin ən çox ümidverici və ən perspektivli dövrünü yaşayır. Heç vaxt gələcəklə bağlı bu qədər əminliyimiz olmayıb”.
Baş nazir hakim komandanın bu istiqamətdə fəaliyyətinin əvvəlcədən hazırlanmış strateji plan deyil, daha çox siyasi və ictimai intuisiya nəticəsi olduğunu deyib:
“Məndən soruşdunuz ki, komandanın işinin məqsədi budurmu? Bəli, mən bu qənaətdəyəm, amma etiraf edirəm, bilmirəm, bu, yaxşıdır, ya pis. Bu, əvvəlcədən planlaşdırılmış strategiya deyildi. Biz daha çox intuitiv hərəkət etmişik, amma intuisionu da kiçiltməyin”.
Paşinyan bunun təkcə hökumətin və parlament çoxluğunun deyil, həm də xalqın seçimi olduğunu vurğulayıb:
“Əvvəl dedim “hökumət”, sonra “siyasi çoxluq”, amma əslində söhbət xalqdan gedir. Yoxsa hakim qüvvə necə hakimiyyətdə qala bilərdi? Xalq intuisiya ilə hiss edirdi ki, baş verənlər onun daxili nəbzi ilə səsləşir. Yəni, bu gün mövcud vəziyyət xalqla siyasi çoxluğun birgə nəticəsidir, xalq bu yolun mümkün görünmədiyi anda belə işimizə “yaşıl işıq” yandırmaqla onun həmmüəllifi olub”.
“Yalnız xalqın daxili nəbzi bu yolu, necə çətin olsa da, keçməyə imkan verdi. Bu gün biz deyə bilərik ki, seçdiyimiz yola sədaqət özünü doğruldub. Mən dəfələrlə demişəm: Dağlıq Qarabağ məsələsi 1996-cı ildə həll olunub, sadəcə bunu bizə heç kim deməyib”.
Müxalifətdə təmsil olunan “Ermənistan” blokunun deputatı Artur Xaçatryan 2019-cu ildə danışıqlar masasında Ermənistan üçün “kifayət qədər yaxşı” sənəd olduğunu, amma Yerevanın onu rədd etdiyini iddia edib.
Paşinyan isə cavabında əvvəlcə sənədləri diqqətlə oxumağın zəruriliyini vurğulayıb:
“Yazılanı oxumaq və anlamaq çox vacibdir. Çünki sizin dedikləriniz yazılanların tam əksidir”.
O, Qarabağın yekun statusunun referendumla müəyyənləşdirilməsi ilə bağlı müddəaları belə şərh edib:
“Heç bir danışıqlar paketində sizin qeyd etdiyiniz kimi, həmin referendumun məhz Qarabağda keçirilməsi barədə ifadə olmayıb. Əksinə, orada yazılıb ki, bu, Dağlıq Qarabağın bütün əhalisinin iradəsini ifadə edən ümumxalq referendumudur. Şərhlərdə deyilirdi ki, bunu Serj Sarkisyanın həmin paketdə dərc olunmuş məktubundan da görmək olar: Azərbaycan tərəfi hesab edirdi ki, referendum Azərbaycanın bütün ərazisində keçirilməlidir. “Dağlıq Qarabağın bütün əhalisi” ifadəsi həm də Dağlıq Qarabağın azərbaycanlı icmasını nəzərdə tutur”.
Paşinyanın sözlərinə görə, sənədlərdə referendumun nə vaxt və ümumiyyətlə keçirilib-keçirilməyəcəyi də qeyri-müəyyən idi:
“Əsas məsələlərdən biri də odur ki, bu referendum nə vaxt keçirilməli idi, ümumiyyətlə keçirilməli idimi? “Heç bir məhdudiyyət ola bilməz” kimi formul həm də o demək idi ki, Dağlıq Qarabaq üçün hər hansı statusun nəzərdə tutulmaması ehtimalı vardır”.
Baş nazir Qarabağın mümkün statusuna dair beynəlxalq mövqenin 1996-cı ildə ATƏT-in Lissabon sammitində ifadə olunduğunu xatırladıb:
“Dağlıq Qarabağın hansı status ala biləcəyi həmin 1996-cı il Lissabon sammitinin paketində öz əksini tapıb. Orada beynəlxalq ictimaiyyətin mövqeyi belə təqdim olunub: Dağlıq Qarabağ öz müqəddəratını təyin etmə hüququndan istifadə etməli və Azərbaycanın tərkibində özünüidarəetmə statusu almalıdır. Sizin bu illər boyu danışdıqlarınız isə Ermənistanda 20–25 il aparılan təbliğat söhbətidir və nə dərc olunmuş paketlə, nə də reallıqla əlaqəsi var”.
Paşinyan bir daha bildirib ki, əgər əvvəlki illərdə həqiqətən “yaxşı təklif” mövcud idisə, onda məsuliyyət həmin dövrün hakimiyyətinin üzərinə düşür:
“Əgər o vaxt yaxşı təklif var idisə, qoy, elə o vaxt da məsələni həll edərdiniz. Əgər təklif yaxşı idi və siz həll yolu tapmadınızsa, xalqa izahat verməlisiniz ki, niyə bunu etmədiniz?”.
Daha sonra müzakirə 2019-cu ildə masada olduğu deyilən sənədə keçib. Paşinyan həmin sənədin əvvəlki dövrün məntiqini əks etdirdiyini deyib və əlavə edib ki, o zaman müxalif deputatların təmsil olunduğu qüvvələr hakim koalisiyada idilər və məsələni onda həll edə bilərdilər.
“2019-cu il sənədi əvvəlki dövrün məntiqini əks etdirirdi. Siz o vaxt koalisiyada idiniz, gedib razılaşa, məsələni həll edə bilərdiniz və hər şey bitərdi. Məndən nə istəyirsiniz? Niyə o zaman gəlib dediniz ki, danışıqlar dayanıb, çıxılmaz vəziyyət və müharibə ilə üz-üzəyik?”.
Paşinyan iddia edib ki, bütün danışıqlar paketləri faktiki olaraq Dağlıq Qarabağın mövcud statusunun ləğvini nəzərdə tuturdu:
“Bu paket göstərir ki, dediklərim konkret faktlara əsaslanır. Biz danışıqlar paketinin məzmununu müzakirə etməyə və anlamağa başladıq. Orada sual verdim: bu paketə görə Dağlıq Qarabağ Azərbaycanın tərkibində olmaya bilərmi? Mənə cavab verdilər: ola bilər, əgər Azərbaycan razılaşsa. Bütün paketlər Dağlıq Qarabağın həmin anda mövcud statusunun ləğvini nəzərdə tuturdu”.
O, həmçinin qeyd edib ki, Ermənistan tərəfi gələcək referendumla statusun müəyyənləşdirilməsinə razılaşdığı anda 1991-ci il 10 dekabr referendumunun siyasi mənası aradan qalxıb:
“Erməni tərəfi statusun gələcək referendum vasitəsilə müəyyənləşdirilməsi ilə razılaşanda 10 dekabr 1991-ci il referendumu həmin anda ləğv olunmuş sayılırdı”.