“Meydan TV işi” üzrə həbs edilən jurnalistlərin məhkəməsi başlayır

“Meydan TV işi” üzrə həbs edilən jurnalistlərin məhkəməsi başlayır
3 Dekabr 2025
Mətni dəyiş

“Meydan TV işi” üzrə həbs edilən jurnalistlərin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və məhkəmə prosesinin başlama tarixi müəyyənləşib.

Hökumətyönlü medianın yazdığına görə, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi, Vüqar Quliyev və Elmin Rüstəmovdan ibarət hakimlər kollegiyası baxacaq. Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 12-nə təyin olunub.

Ümumilikdə “Meydan TV işi” üzrə 12 nəfər barəsində cinayət işi açılıb. 2024-cü il dekabrın 6-da “Meydan TV”nin əməkdaşları Aynur Qənbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Aysel Umudova, Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı, həmçinin Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov saxlanılıb.

Bu ilin fevralında “Arqument.az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), müstəqil jurnalistlər Nurlan Qəhrəmanlı (Libre) və Fatimə Mövlamlı, mayda jurnalist Ülviyyə Əli (Quliyeva), avqustda isə fotojurnalist Əhməd Muxtar həbs edilib.

Onlara əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. 2025-ci il avqustun 28-də isə ittihamlar ağırlaşdırılaraq qanunsuz sahibkarlıq, vergidən yayınma, sənəd saxtalaşdırma və çirkli pulların yuyulması kimi maddələrlə əvəzlənib.

Jurnalistlər irəli sürülən bütün ittihamları rədd edir, həbslərinin siyasi sifarişlə və peşə fəaliyyətlərinə görə həyata keçirildiyini bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun