Əhməd Məmmədli məhkəmədə: “Polis maşınında əyləşib xəyali cinayətin qurulmasına baxırdım”

Əhməd Məmmədli məhkəmədə: “Polis maşınında əyləşib xəyali cinayətin qurulmasına baxırdım” foto: sosial media
5 Dekabr 2025
Mətni dəyiş

İctimai fəal və “Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədlinin cinayət işi üzrə dekabrın 4-də növbəti məhkəmə prosesi keçirilib.

Əhməd Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsinin yaydığı məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə iş üzrə hal şahidlərinin ifadələri dinlənilib.

“Toplum TV”nin məlumatına görə, məhkəməni izləyən Müsavat Partiyasının üzvü Əlikram Xurşidov hal şahidlərinin ifadələrinin bir-birini təsdiqləmədiyini bildirib. Onun sözlərinə görə, şahidlər Əhməd Məmmədlinin saxlanıldığı gün baş verdiyi iddia olunan hadisəni fərqli şəkildə təsvir ediblər:

“Hal şahidləri Əhməd Məmmədlinin həbs olunduğu gün baş verən, dırnaqarası hadisəni bir-birindən fərqli şəkildə təsvir etdilər və əslində özlərini ifşa etdilər. Məhkəmənin gedişatı göstərir ki, Əhməd Məmmədli günahsızdır və ona qarşı irəli sürülən əsassız ittihamlar onun ictimai fəaliyyəti ilə bağlıdır”.

Məlumata görə, Əhməd Məmmədli çıxışında hadisənin baş verdiyi taksidəki “təsadüfi sərnişinlər”in bir-birini əvvəldən tanıdıqlarını bildirib. O, sərnişinlərin bir-birini tanımaması barədə iddiaların həqiqətə uyğun olmadığını deyib.

Prosesi izləyən Azərbaycan Talışları İctimai Şurası İdarə Heyətinin üzvü Hilal Məmmədovun sözlərinə görə, Məmmədlinin suallarından sonra hal şahidlərinin hər ikisinin Naxçıvanın eyni qəsəbəsindən olduğu məlum olub:

“Hal şahidləri bunu təsadüf adlandırdılar. Həmin anda Əhməd Məmmədlinin vəkili Elçin Sadıqov müdaxilə edərək bildirdi ki, əgər bir-birinizi tanımadan taksiyə əyləşmisinizsə, bəs necə olur ki, sosial şəbəkədə də bir-birinizin dost siyahısındasınız? Bu, prosesin əvvəlcədən hazırlanmış ssenari üzrə qurulduğunu göstərir. Ölkədə bir gənci həbs etmək üçün belə bir şouya ehtiyac yaranıb”.

Əhməd Məmmədli əvvəlki proseslərin birində saxlanıldığı gün yaşadıqlarını da təsvir edib. O bildirib ki, “manatlıq taksi”də son sərnişin olub və yol boyu mübahisə yaşanmayıb. Məmmədlinin sözlərinə görə, daha sonra maşın saxlanıldıqdan sonra naməlum şəxs onu zorla avtomobildən çıxarıb, ardınca zərərçəkmiş kimi tanınan Vüqar Dünyamalıyev ona xəsarətlər yetirib. O iddia edib ki, saxlanılma zamanı işgəncəyə məruz qalıb və hadisə yerində “xəyali cinayət” ssenarisi qurulub:

“Mən polis maşınında əyləşib xəyali cinayətin qurulmasına baxırdım. Yalandan yerə bıçaq atdılar, Vüqar yerə yıxılıb qışqırmağa başladı”.

Əhməd Məmmədli bu il, mayın 6-da saxlanılıb. O, Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham olunur. İctimai fəal ittihamları qəbul etmir və keçmiş siyasi-ictimai, habelə hazırkı jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun