Türkiyədə saxlanılan Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin bu gün səhər saatlarında Azərbaycana deportasiya edildiyi bildirilir. Məlumatı hökumətyönlü “Oxu.az” saytı yayıb.
Sayt həmçinin onun adının “Ramiz Mehdiyev işi”ndə hallandırıldığını yazıb.
Gültəkin Hacıbəyli noyabrın 30-da Türkiyə polisinin onu saxlaması barədə məlumat vermişdi. Onun sözlərinə görə, İstanbulda kirayə yaşadığı mənzilə polislər gələrək onu idarəyə aparıblar.
“Bundan absurd ittiham ola bilməz. Ramiz Mehdiyev mənim bütün həyatımı məhv eləmiş adamdır. Vətənpərvər insanam, türk milliyətçisiyəm. Məni Rusiyaya bağlamaq — bundan absurd, bundan iyrənc yalan və böhtan ola bilməz. Təəssüf edirəm ki, Azərbaycan hakimiyyəti buna qədər getdi. Yəqin ki, Azərbaycanın ‘Feto’su məsələsidir, müxalifəti sıradan çıxarmaq üçün həyata keçirilən təqibdir”, – Hacıbəyli "Toplum TV"yə bildirib.
Noyabrın 29-da AXCP sədri Əli Kərimlini Dövlət Təhlükəsizliyi Xidməti saxlayıb və evində 6 saatdan çox axtarış aparılıb. Həmin gün AXCP Ali Məclisinin katibi Məmməd İbrahim, sədrin köməkçisi Faiq Əmirli, partiya üzvü Ruslan Əmirov və keçmiş üzv Saleh Rüstəmli də saxlanılıblar. Daha sonra Faiq Əmirli, Ruslan Əmirov və Saleh Rüstəmli sərbəst buraxılıb.
Noyabrın 30-da isə Milli Şuranın sədri, tarixçi Cəmil Həsənlinin ölkədən çıxışına qadağa qoyulub və o, şahid qismində DTX-də ifadə verib.
Hökumətyönlü media gün ərzində iddia edib ki, Əli Kərimli keçmiş Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi ilə bağlı saxlanılıb. AXCP-nin yaydığı məlumata görə, Kərimlinin evində axtarış zamanı DTX əməkdaşları Ramiz Mehdiyevin guya Rusiya prezidenti Vladimir Putinə yazdığı məktubun nüsxəsini “tapdıqlarını” bildiriblər.
Həmin məktub daha əvvəl hökumətyönlü mediada yayımlanmış və Ramiz Mehdiyevin Putinə Azərbaycanda keçid hökuməti yaratmağı təklif etdiyi iddia olunmuşdu.
Əli Kərimli isə bundan əvvəl Mehdiyevlə əməkdaşlıq etdiyi barədə iddiaları qəti şəkildə təkzib edib. AXCP rəhbərliyə və yaxın çevrəsinə qarşı irəli sürülən ittihamları rədd edir və baş verənləri “hakimiyyətin növbəti repressiv kampaniyası” adlandırır.