Türkiyə Ermənistanla quru sərhədini “növbəti altı ayda” yenidən açmağı nəzərdən keçirir. “Bloomberg” nəşri məlumatı məsələ ilə tanış mənbələrə istinadən yayıb.
Türkiyə və Ermənistan 2022-ci ildə üçüncü ölkə vətəndaşlarının və diplomatların sərhəddən keçidinə icazə verilməsi barədə razılığa gəlsələr də, sərhəd indiyədək bağlı qalır. Ankara sərhədin açılması ilə bağlı irəliləyişi Ermənistan-Azərbaycan sülh prosesi ilə əlaqələndirir.
Ermənistan Xarici İşlər Nazirliyi sentyabrda iki ölkənin xüsusi nümayəndələrinin əvvəlcə ortaq sərhəddə, daha sonra Yerevanda keçirdiyi görüşlərdən sonra 1993-cü ildə bağlanan sərhəd keçidlərinin yenidən açılması prosesinin “sürətləndirilməsi” barədə razılıq əldə olunduğunu bildirib. Lakin sərhədin tam açılacağı, yoxsa 2022-ci il razılaşması çərçivəsində qismən fəaliyyət göstərəcəyi hələ bəlli deyil.
“Bloomberg”in mənbələrinə görə, Türkiyə Ermənistan və Azərbaycan sülh müqaviləsini rəsmiləşdirdikdən sonra Yerevana səfir təyin edə bilər. Ankara sənədin gələn ilin ilk yarısında imzalanacağını gözləyir. Türkiyənin xarici işlər naziri Hakan Fidan noyabrda bildirib ki, münasibətlər indi normallaşarsa, “Ermənistanın sülh sazişini imzalamaq üçün ən böyük səbəbi” aradan qalxmış olar. Onun sözlərinə görə, bu, bölgədə dondurulmuş münaqişə riskini artıra bilər.
Ermənistan və Azərbaycan avqustun 8-də Vaşinqtonda sülh sazişini paraflayıb. Bakı isə yekun sənədi yalnız Ermənistanın konstitusiyada dəyişiklik edəcəyindən sonra imzalayacağını bildirir. Azərbaycan rəsmiləri konstitusiyada ölkəyə qarşı ərazi iddialarının yer aldığını iddia edirlər.
“Bloomberg” qeyd edir ki, Azərbaycanla diplomatik irəliləyiş və Türkiyə ilə sərhədin açılması 2026-cı il parlament seçkiləri ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyana siyasi üstünlük verə bilər.
Ermənistan və Türkiyə XİN-ləri məsələni şərh etməyib.
Bu arada, noyabrın sonlarında Ermənistan Akyaka–Akhurik sərhəd-keçid məntəqəsində və Gümrüdə Ermənistan-Türkiyə təmsilçilərinin görüşü keçirilib. “Armenpress”in məlumatına görə, tərəflər Qars-Gümrü dəmir yolunun bərpası və yenidən aktivləşdirilməsinə yönələn texniki müzakirələrin ikinci mərhələsini müzakirə ediblər. Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos isə dekabrın əvvəlində bildirib ki, Ermənistan, Azərbaycan, Türkiyə və Aİ-nin iştirakı ilə regional əlaqəlilik infrastrukturu üçün xüsusi dördtərəfli işçi qrupunun yaradılması müzakirə olunur.
Foto: Türkiyə XİN