“Amnesty International”: “Əli Kərimlinin həbsi Azərbaycanda avtoritar idarəçiliyin möhkəmlənməsinin növbəti sübutudur”

“Amnesty International”: “Əli Kərimlinin həbsi Azərbaycanda avtoritar idarəçiliyin möhkəmlənməsinin növbəti sübutudur”
2 Dekabr 2025
Mətni dəyiş

“Amnesty International” beynəlxalq insan haqları təşkilatı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsi ilə bağlı bəyanat yayıb.

Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyev deyib ki, Əli Kərimlinin həbsdə saxlanılması Azərbaycanda avtoritar idarəçiliyin möhkəmləndirilməsi fonunda baş verən “növbəti biabırçı hadisədir”:

“Əli Kərimlinin həbsi Azərbaycanda avtoritar praktikanın möhkəmlənməsi fonunda baş verən son biabırçılıqdır. Elə görünür ki, hökumətin siyasi müxalifəti sıradan çıxarmaq və ölkədə hər cür etirazı susdurmaq kampaniyasının heç bir həddi yoxdur. Az adam açıq şəkildə hakimiyyəti tənqid etməyə cürət edir. Belə bir vaxtda müxalifət liderinin həbs edilməsi, onun dünyadan təcrid olunması və ona qarşı “hakimiyyəti ələ keçirməyə cəhd” kimi şübhəli ittihamların irəli sürülməsi Azərbaycan hökumətinin hara qədər gedə biləcəyinə şübhə edən hər kəsə soyuq xəbərdarlıqdır”.

Krivoşeyev bildirib ki, hakimiyyət orqanları Əli Kərimlini yalnız o halda həbsdə saxlaya bilər ki, ona qarşı irəli sürülən cinayət ittihamını əsaslandıran “məntiqli və inandırıcı sübut” ortaya qoysun:

“İndiyədək etdikləri yalnız onu zorla saxlayıb dünyadan təcrid etməklə ədalətli məhkəmə hüququnu pozduqlarını nümayiş etdirməkdir. Bu isə müxalifət nümayəndələrinə, alimlərə, jurnalistlərə və fəallara qarşı aparılan, siyasi motivli həbslərin yeni mərhələyə keçirilməsi niyyətindən xəbər verir”.

Dekabrın 1-də Səbail Rayon Məhkəməsi AXCP sədri Əli Kərimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 278.1-ci maddəsi (“hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər”, “konstitusiya quruluşunun zorla dəyişdirilməsi”) ilə ittiham olunur.

Hökumət onu oktyabr ayında “hakimiyyəti ələ keçirməyə cəhd”, “dövlətə xəyanət” və “cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması” ittihamları ilə barəsində cinayət işi açılmış Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə qarşı aparılan istintaqla əlaqələndirirlər.

“Amnesty International” qeyd edir ki, Əli Kərimlini noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Bakıda evinə edilən basqından sonra saxlayıb. Bəyanatda vurğulanır ki, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim də daxil olmaqla, partiyanın bir neçə üzvü evlərində aparılan axtarışlardan sonra saxlanılıb və onların bəziləri hələ də “dünyadan təcrid olunmuş vəziyyətdədir”.

Təşkilat bu həbslərin Azərbaycanda narazı səslərə qarşı artan təzyiqlər fonunda baş verdiyini bildirir. Qeyd olunur ki, ölkədə jurnalistlər, alimlər və müxalif fiqurlar getdikcə daha çox təqib, əsassız saxlanılma və siyasi motivli cinayət işləri ilə üzləşirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun