“Toplum TV işi”: “Deyək ki, jurnalistlər qaçaqmalçılıqla məşğul olub, Şahin Bağırov gəlsin, cavab versin ki, hara baxırdı?”

“Toplum TV işi”: “Deyək ki, jurnalistlər qaçaqmalçılıqla məşğul olub, Şahin Bağırov gəlsin, cavab versin ki, hara baxırdı?”
24 Noyabr 2025
Mətni dəyiş

Noyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda şahidlərin dindirilməsi davam etdirilib.

“Toplum TV”nin məlumatına görə, şahid qismində ifadə verən Fidan Əlicanova və Cəmilə Əzimova ibtidai istintaq zamanı təzyiq altında ifadə verdiklərini bildiriblər. Əzimova ifadəsində deyib ki, müstəntiq onun üstünə qışqırıb və səhərə qədər polis bölməsində saxlanılacağı ilə hədələyib. Hər iki şahid telefonlarının müsadirə edildiyini, lakin onlara bununla bağlı heç bir hüquqi sənəd təqdim olunmadığını vurğulayıb.

Dindirilmə zamanı təqsirləndirilən şəxslərdən “Toplum TV”-nin jurnalisti Fərid İsmayılovla dövlət ittihamçısı Rauf Malışov arasında gərginlik yaranıb. İsmayılov dövlət ittihamçısının şahidə verdiyi suala etiraz etdikdən sonra Malışov ona “otur aşağı” deyə qarşılıq verib və “onunla belə danışa bilməz” ifadəsini işlədib. Mübahisədən sonra jurnalistin halı pisləşib və o, məhkəmə zalını müvəqqəti tərk edib.

Zala qayıtdıqdan sonra Fərid İsmayılov Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun məhkəmədə ifadə verməsi ilə bağlı vəsatət qaldırıb. O deyib ki, xaricdən son dönüşündə könüllü şəkildə gömrük yoxlamasından keçib və üzərində qanunsuz əşya və ya pul olmaması barədə sənəd alıb:

“Gömrük Komitəsi də gömrük bəyannamələrini istintaqa təqdim edib. Orada da qeyd olunur ki, üzərimdə pul və ya qiymətli əşya aşkar olunmayıb. O zaman iki qurumdan biri yalan danışır. Deyək ki, “Toplum”çular, “Abzas”çılar, “Meydan”çılar qaçaqmalçılıqla məşğul olub. Şahin Bağırov gəlsin, cavab versin ki, hara baxırdı? Necə oldu ki, bir ildə 20-dən çox jurnalistin qaçaqmalçılıq ittihamı ilə həbsindən sonra “Vətənə xidmətə görə” medalı aldı?”

Məhkəmə vəsatətin cinayət işinə aidiyyəti olmadığı əsasını göstərərək onu təmin etməyib. Digər təqsirləndirilən şəxslər qərara etiraz edərək vəsatəti müdafiə ediblər.

“İttiham aktında yazılıb ki, biz isti izlərlə saxlanılmışıq. İl yarımdan çoxdur həbsdəyik, hələ də bilmirəm hansı əsaslarla bizi saxlayıblar. Heç kimə maaş verməmişəm, əleyhimə heç bir ifadə yoxdur”, – “Toplum TV”nin videoredaktoru Müşfiq Cabbar bildirib.

Hakim Azər Tağıyev isə işin araşdırılmasının davam etdiyini deyib. Bu cavabdan sonra təqsirləndirilənlərdən III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli etiraz edib:

“Onda bizi buraxın, çıxaq gedək. Araşdırıb bitirəndə bizi çağırıb deyərsiniz ki, filan işləri görmüsünüz, cəzanız da budur”.

Ruslan İzzətli daha sonra ev dustaqlığına buraxılması üçün vəsatət verib, lakin məhkəmə bu vəsatəti də təmin etməyib.

Müşfiq Cabbar isə son günlər “Sputnik Azərbaycan”ın ev dustaqlığına buraxılan əməkdaşlarının ölkəni necə tərk etməsi ilə bağlı sual verib. Hakim bunun cavabını həmin şəxslərdən soruşmağın daha düzgün olduğunu deyib. Cabbar bildirib ki, sualı ritorikdir: “Bura Azərbaycandır, burada hər şey formaldır”.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər təqsirləndirilir. Onlar arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu üzv Ruslan İzzətli, “Toplum TV” həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, IDİ əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev var. Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı barəsində isə əvvəlcə ev dustaqlığı, sonra polis nəzarəti qətimkan tədbiri seçilib.

İlkin mərhələdə təqsirləndirilənlərə qaçaqmalçılıq ittihamı verilsə də, sonradan ittihamların məzmunu ağırlaşdırılıb. Onlar ittihamları siyasi motivli adlandırır və həbslərinin sifarişlə həyata keçirildiyini bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun