Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublunun Ali Məhkəmədə noyabrın 6-na təyin edilən iclası təxirə salınıb.
Bu barədə siyasətçinin qızı Nigar Həzi özünün “Facebook” hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, hakim İlqar Qılıcov Tofiq Yaqubluya çıxış üçün vaxt ayırdığını bildirib və məhkəmənin növbəti üç həftə ərzində keçiriləcəyini qeyd edib.
Hakim Yaqubluya müraciətində deyib:
“Tofiq bəy, görürəm ki, siz geniş çıxış etmək istəyirsiniz. Bilirsiniz ki, Ali Məhkəmə yalnız prosessual pozuntulara baxır. Amma mən sizə çıxış üçün imkan yaradıram. Bu gün məhkəmələr çoxdur, gəlin, sizə növbəti üç həftə ərzində bir cümə günü təyin edək və o gün rahat çıxış edin”.
Tofiq Yaqublu isə hakimin sözlərinə kəskin reaksiya verib:
“Əgər növbəti həftə də gəlib aşağı instansiyadakı hakimlərin dediyini təkrarlayacaqsınızsa, elə indidən deyin. O hakimlərə bu qədər sübut təqdim edəndən sonra ləyaqətsiz və tərbiyəsiz olduqlarını boyunlarına aldılar. İlqar bəy, mən sizdən 1 faiz yox, 0,1 faiz ədalət, 0,1 faiz ləyaqət və kişilik istəyirəm. Bu, mənə kifayətdir ki, mənim suçsuz olduğumu etiraf edəsiniz”.
Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi onu dələduzluq və saxta sənəd hazırlama ittihamları ilə 9 il müddətinə azadlıqdan məhrum edib.
Siyasətçi hökmə etiraz olaraq 40 gün aclıq aksiyası keçirib.
O, 32 ildir ölkədəki Əliyevlər hakimiyyətinin əsas tənqidçilərindən biri kimi tanınır və bu müddət ərzində səkkiz dəfə həbs olunub. Beynəlxalq təşkilatlar Tofiq Yaqublunu vicdan məhbusu kimi tanıyır.