2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan siyasi məhbuslar – Hafiz Babalı, Fazil Qasımov, Afiəddin Məmmədov, Samir Aşurov, Laçın Vəliyev və Mehman Əliyev “Siyasi Məhbusların Müdafiə Komitəsi”nin (SMMK) yaradıldığını bəyan ediblər.
Məhbusların imzaladığı Təşəbbüs Qrupunun Bəyannaməsində ölkədə fundamental hüquq və azadlıqların ciddi şəkildə pozulduğu bildirilir:
“Ölkəmizdə insan və hüquq azadlığının, o cümlədən fikir və söz, vicdan, məlumat, sərbəst toplaşmaq azadlıqlarının, təhlükəsiz yaşamaq azadlıq, şəxsi toxunulmazlıq, şərəf və ləyaqətin müdafiəsi, təqsirsizlik prezumpsiyası, ədalətli məhkəmə araşdırması, bərabərlik, birləşmək, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüquqlarının pozuntularının kritik həddə çatdığını və sistemli xarakter daşıdığını nəzərə alaraq;
Ədalət mühakiməsini həyata keçirməli olan məhkəmələrin müstəqil hakimiyyət orqanı statusunu tamamilə itirərək siyasi sifarişlərin icra olunduğu qanunsuzluq və ədalətsizlik məkanına çevrildiyini böyük narahatlıqla müşahidə edərək ‘Siyasi Məhbusların Müdafiəsi Komitəsi’nin (SMMK) yaradıldığı cəmiyyətə elan edirik”.
Bəyannamədə Komitənin əsas məqsədləri belə sıralanıb:
· “Siyasi məhbusların… hüquq və mənafelərini ölkə daxilində və onun hüdudlarından kənarda qanuni üsullarla qorumaq və müdafiə etmək”;
· Yerli mediada siyasi məhbuslar əleyhinə aparılan “sifarişli qarayaxma kampaniyalarına qarşı adekvat mübarizə aparmaq”;
· Məhkəmə prosesləri haqqında ictimaiyyəti məlumatlandırmaq;
· Siyasi məhbusların azadlığa buraxılması üçün yerli və beynəlxalq təşkilatlarla kommunikasiya qurmaq.
Bəyanatda bildirilib ki, dilindən, dinindən, cinsindən və siyasi mənsubiyyətindən asılı olmayaraq onun məqsədlərinə dəstək verən şəxsləri birləşdirir.
Vurğulanıb ki, komitə ən azı üç nəfərdən ibarət icra orqanı yaradır və rotasiya yolu ilə sədr seçir, iclaslar həm əyani, həm də virtual qaydada keçirilə bilər.
Bəyannaməyə görə, Komitə fəaliyyətinə dair hesabatlar açıqlayacaq, sosial şəbəkələrdə rəsmi hesab yaradacaq və siyasi məhbusların saxlanma şəraiti ilə bağlı Penitensiar Xidmət və Ombudsman Aparatı ilə əlaqə saxlayacaq.
Həmçinin, siyasi məhbus probleminin ictimai gündəmdə saxlanılması məqsədilə həm təkbaşına, həm də digər təşkilatlarla birgə aksiyalar təşkil ediləcəyi də qeyd edilib.
Sonda Komitə digər qurumları və hüquq müdafiəçilərini “siyasi məhbuslara göstərdikləri dəstəyə görə” təşəkkür edərək, SMMK-nın fəaliyyətinə töhfə verməyə çağırıb.
Bəyannaməni altı məhbus imzalayıb:
· Hafiz Babalı, jurnalist
· Fazil Qasımov, iqtisadçı
· Afiəddin Məmmədov, ictimai fəal
· Samir Aşurov, ictimai-siyasi fəal
· Laçın Vəliyev, ictimai-siyasi fəal
· Mehman Əliyev, AXCP fəalı