Sevinc Vaqifqızı Sərhədsiz Reportyorlar təşkilatının “Cəsarət mükafatı”na layiq görülüb

Sevinc Vaqifqızı Sərhədsiz Reportyorlar təşkilatının “Cəsarət mükafatı”na layiq görülüb
15 Noyabr 2025
Mətni dəyiş

“Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı Sərhədsiz Reportyorlar (RSF) təşkilatının təsis etdiyi “Azad Mətbuat Mükafatları”nın “Cəsarət Mükafatı”na layiq görülüb.

Mükafatın təqdimetmə mərasimi noyabrın15-də Sərhədsiz Reportyorların 33-cü “Azad Mətbuat Mükafatları” mərasimi bu il təşkilatın yaranmasının 40 illiyi münasibətilə keçirilən RSF Festivalı çərçivəsində Parisdə baş tutub.

Mükafatı Sevinc Vaqifqızının adından “Abzas Media”nın direktoru Günel Səfərova qəbul edib.

Günel Səfərova Sevinc Vaqifqızının tədbir iştirakçılarına ünvanladığı məktubu da oxuyub.

RSF Sevinc Vaqifqızını “prinsiplərinə sadiqliyi, təzyiqlərə baxmayaraq inadla susmaması və ədalətsizlik qarşısında dayanıqlığı ilə ləyaqət və ümid rəmzi” kimi qiymətləndirib.

Bu il 18 ölkədən 29 jurnalist, fotojurnalist və media qurumu beş nominasiyada – “Cəsarət Mükafatı”, “Təsir Mükafatı”, “Müstəqillik Mükafatı”, “Afrika Araşdırma Jurnalistikası üçün Mohamed Maïga Mükafatı” və “Lucas Dolega–SAIF Foto Mükafatı” üzrə mükafatlandırılıb.

Sevinc Vaqifqızı 2023-cü ilin noyabrında həbs olunub. Onunla birlikdə “Abzas Media”nın direktoru Ülvi Həsənli, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə saxlanılıblar.

Onlar qaçaqmalçılıq və maliyyə cinayətlərində ittiham ediliblər, lakin ittihamları rədd ediblər. 2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi “Abzas Media işi” üzrə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadəni 9 il, Nərgiz Absalamova və Elnarə Qasımovanı 8 il, Məhəmməd Kekalovu isə 7 il 6 ay azadlıqdan məhrum edib.

Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

Beynəlxalq media və insan haqları təşkilatları bu həbsləri Azərbaycanda azad medianın susdurulmasına yönəlmiş kampaniya kimi qiymətləndirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun