“Reuters”: ABŞ Belarusla 100 siyasi məhbusun azad olunmasını müzakirə edir

“Reuters”: ABŞ Belarusla 100 siyasi məhbusun azad olunmasını müzakirə edir
27 Noyabr 2025
Mətni dəyiş

ABŞ prezidenti Donald Trampın administrasiyası Belarus hakimiyyəti ilə ən azı 100 siyasi məhbusun azad olunması barədə danışıqlar aparır. Bu barədə “Reuters” agentliyi mənbələrə istinadən xəbər verib.

Mənbələrin sözlərinə görə, müzakirələr “Minski Moskvanın geosiyasi orbitindən çıxarmağa yönələn uzunmüddətli və daha geniş strategiyanın bir hissəsidir”.

Bu məlumat Belarus prezidenti Aleksandr Lukaşenkonun Qırğızıstanda Vladimir Putinlə görüşdüyü gün üzə çıxıb. Putin görüş zamanı onların “Bişkekdə dostlar çevrəsində olduqlarını” bildirib.

Sentyabrın 11-də Lukaşenkonun əfv sərəncamı ilə Belarusun cəzaçəkmə müəssisələrindən 52 siyasi məhbus azad edilmişdi. Onların arasında Sergey Tixanovski, “Azadlıq Radiosu”nun Belarus xidmətinin jurnalisti İqor Losik və müxtəlif ölkələrdən olan 14 xarici vətəndaş da vardı. Həmin şəxslər Litva, Latviya, Polşa, Almaniya, Fransa və Böyük Britaniyadan olan, “casusluq” ittihamı ilə məhkum edilən şəxslər idi.

Əfv qərarı ABŞ prezidentinin xüsusi nümayəndəsi Con Koulun Minskə səfəri fonunda verilib.

Daha sonra, noyabrın 5-də ABŞ Maliyyə Nazirliyi Belarusun dövlət aviaşirkəti “Belavia”nı və yüksək vəzifəli məmurların istifadə etdiyi Bombardier Challenger 850 təyyarəsini sanksiya siyahısından çıxarıb. Həmin sanksiyalar 2021-ci ilin dekabrında tətbiq edilmişdi.

Koul səfəri zamanı Tramp ilə Lukaşenko arasında avqustun ortalarında Alyaskada Putinlə görüşdən əvvəl baş tutan telefon söhbətinə də toxunub. Tramp həmin söhbətdə ABŞ və Belarusun 1300-dən çox məhbusun azad olunmasını müzakirə etdiyini demişdi.

“Reuters” yazır ki, tərəflər bu dəfə razılığa gələ bilsələr, Belarusda uzun illər ərzində ən böyük siyasi məhbus qrupunun eyni vaxtda azadlığa buraxılması mümkün ola bilər.

Belarus hüquq müdafiə təşkilatı “Vyasna”nın məlumatına görə, hazırda ölkə koloniyalarında 1246 siyasi məhbus saxlanılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun