Paşinyan ABŞ-dən Azərbaycandakı 23 erməni məhbusun taleyi ilə bağlı açıqlama tələb edib

Paşinyan ABŞ-dən Azərbaycandakı 23 erməni məhbusun taleyi ilə bağlı açıqlama tələb edib
24 Noyabr 2025
Mətni dəyiş

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibinin müavini Ellison Hukerin Yerevana səfəri zamanı ABŞ-nin Azərbaycanda saxlanılan 23 erməni məhbusun azadlığı üçün hansı addımlar atdığını açıqlamasını istəyib. O, bunun ABŞ prezidenti Donald Trampın avqust ayında Vaşinqtonda keçirilən görüşdə verdiyi vəd olduğunu xatırladıb.

Paşinyan bunu cümə axşamı jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, məsələ noyabrın 17-də Yerevanda Hukerlə keçirilən görüşdə xüsusi olaraq gündəmə gətirilib.

“Bu mövzunu birbaşa müzakirə etdim və qeyd etdim ki, prezident Tramp həm ictimai şəkildə, həm də qapalı görüşlərdə bu öhdəlikdən danışıb”, – Paşinyan bildirib. “Bizim ikitərəfli səviyyədə gördüyümüz işləri təqdim etdim və xahiş etdim ki, ABŞ tərəfi bu istiqamətdə apardığı səylər barədə bizi məlumatlandırsın və mövzunu diqqətdə saxlasın”.

Tramp avqustun 8-də Ağ Evdə keçirilən görüş zamanı Paşinyana Azərbaycanda saxlanılan “23 xristianın” azadlığa buraxılması üçün müraciət edəcəyini, Bakının bu çağırışa müsbət cavab verəcəyinə inandığını söyləmişdi. Lakin Trampın bu məsələni sonradan Azərbaycan Prezidenti İlham Əliyevlə birbaşa gündəmə gətirib-gətirmədiyi hələ də məlum deyil.

Huker Yerevandan sonra Bakıya səfər edib. Azərbaycan paytaxtında müzakirələrin əsas mövzusu ABŞ-nin idarə etdiyi və Azərbaycanı Naxçıvanla, ordan isə Türkiyə ilə Ermənistan üzərindən birləşdirəcək “Trump Route” layihəsi olub. Paşinyan daha əvvəl bildirmişdi ki, Ermənistan və ABŞ layihənin tikinti hüquqları ilə bağlı iki modeli - 99 illik və ya 49 illik müddəti müzakirə edir. Ermənistan tərəfi işləri baş nazirin müavini Mher Qriqoryan və xarici işlər nazirinin müavini Vahan Kostanyan vasitəsilə əlaqələndirir.

Erməni mediasının yazdığına görə, Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev avqustun sonlarında erməni rəsmilərə bildirib ki, Bakı Trampın emrəni məhbusların azad edilməsi ilə bağlı müraciətini yerinə yetirə bilməz.

Azərbaycanda saxlanılan 23 erməninin arasında yanvar ayından məhkəməsi davam edən qondarma “Dağlıq Qarabağ Respublikası”nın keçmiş siyasi və hərbi rəhbərlərindən səkkiz nəfər də var. Prokurorluq onlardan beşi üçün ömürlük həbs, ikisi üçün isə 20 il cəza tələb edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun